01.jpg
24 mart 2005

Mehriban Əliyeva Bakının Nəsimi rayonundakı 23 nömrəli məktəbin 70 illik yubileyində iştirak edib

YUNESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva martın 23-də Bakının Nəsimi rayonundakı 23 nömrəli orta məktəbdə olmuş, bu təhsil ocağının 70 illiyinə həsr olunmuş yubiley mərasimində iştirak etmişdir.


Məktəbin direktoru, respublikanın əməkdar müəllimi Nailə Rzaquliyeva mərasimi açaraq, ötən 70 ildə təhsil ocağının keçdiyi şərəfli yol, onun pedaqoji kollektivi, yetirmələri haqqında məlumat vermişdir. Bildirilmişdir ki, tədrisin Azərbaycan və rus dillərində aparıldığı, 1500-ə yaxın şagirdin təhsil aldığı, 100-dən artıq müəllimin çalışdığı məktəb 1995-ci ildən Azərbaycanın Milli Qəhrəmanı Tahir Həsənovun adını daşıyır. Həmin il Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev burada olmuş və qəhrəmanın barelyefi olan xatirə lövhəsini açmışdır.

 

Son üc il ərzində məktəbin 7 müəllimi "İlin müəllimi" respublika müsabiqəsində birinci yeri tutmuş, məzunların əksəriyyəti 650-dən yuxarı bal toplayaraq müxtəlif ali məktəblərə qəbul olunmuşlar. 2003 və 2004-cü illərdə məktəb təlim-tərbiyə göstəricilərinə görə Bakı şəhəri üzrə "İlin ən yaxşı təhsil müəssisəsi" adına layiq görülmüşdür. Yubilyar məktəbin məzunları arasında tanınmış adamlar - siyasətçilər, alimlər, memarlar, incəsənət xadimləri və başqaları vardır. Mehriban xanım Əliyeva 1981-ci ildə bu təhsil ocağını qızıl medalla bitirmişdir.

 

Təhsil naziri Misir Mərdanov, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Tahir Quliyev, Rusiya Federasiyasının ölkəmizdəki müvəqqəti işlər vəkili Pyotr Burdıkin mərasimdə çıxış edərək, kollektivə ən səmimi arzularını bildirmişlər. Çıxışlarda Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizdə təhsilin inkişafına xüsusi əhəmiyyət verməsi, habelə valideyn himayəsindən məhrum və xəstə uşaqlara Mehriban xanımın diqqət və qayğısını xüsusi vurğulanmışdır.

 

Məktəbin qabaqcıl müəllimlərinə Təhsil Nazirliyinin və rayon icra hakimiyyətinin Fəxri fərmanları təqdim olunmuşdur.

 

YUNESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti MEHRİBAN ƏLİYEVA mərasimdə çıxış etmişdir. O demişdir ki, mən 23 nömrəli məktəbi həmişə xoş hisslərlə xatırlayıram. Adətən, bir işə başlayanda qarşıma çox ciddi tələblər qoyur və onlara əməl etməyə çalışıram. Bu məsuliyyət hissinə görə doğma məktəbə, müəllimlərimə minnətdaram.

 

Heydər Əliyev Fondunun prezidenti sözünə davam edərək demişdir ki, bugünkü şagirdlərin bizdən üstünlüyü onların müstəqil Azərbaycanda yaşayıb təhsil almasıdır. Məktəbə adı verilmiş Tahir Həsənov bu müstəqillik uğrunda şəhid olanlardan biridir. Şagirdlərimiz bunu unutmamalıdırlar.

 

Mehriban xanıma məktəbin kollektivi adından xatirə hədiyyəsi təqdim edilmişdir. O, uşaqların xahişi ilə yubiley tortunu kəsmişdir.

 

Mərasim boyu məktəbin istedadlı şagirdləri öz qabiliyyətlərini nümayiş etdirmiş, əlvan musiqi proqramı ilə yubiley tədbirini daha da rövnəqləndirmişlər. Azərbaycan xalqının ümummilli liderinin təhsil ocağına gəlişini, məktəbin dünənini və bugününü əks etdirən videosüjetlər maraqla qarşılanmışdır.

 

Rəsmi hissədən sonra Mehriban xanım Əliyeva və qonaqlar məktəb muzeyindəki eksponatlarla tanış olmuşlar. Mehriban xanım müəllimlərlə söhbət etmiş, xatirə şəkli çəkdirmişdir.


FOTO