1_edit.JPG
17 may 2005

Mehriban Əliyeva maestro Mstislav Rostropoviçin və xanımı Qalina Vişnevskayanın “Qızıl toy” mərasimində iştirak edib

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Moskvada dünya şöhrətli musiqiçi Mstislav Rostropoviçin və xanımı, məşhur müğənni Qalina Vişnevskayanın ailə həyatı qurmalarının 50 illiyinə həsr olunmuş "qızıl toy" mərasimində iştirak etmişdir.


Mərasim ərəfəsində Azərbaycan Prezidentinin xanımı Mehriban Əliyevanın Rusiya Federasiyası Prezidentinin xanımı Lyudmila Putina ilə görüşü olmuşdur. Xanım Putina hörmətli qonağı iqamətgahın önündə böyük səmimiyyətlə qarşıladı.


Prezidentlərin xanımları xatirə şəkli çəkdirdilər. Səmimilik şəraitində keçən söhbət zamanı ölkələrimiz arasında mədəniyyət sahəsində əməkdaşlığın inkişafı perspektivləri barədə fikir mübadiləsi aparıldı.

 

Məşhur sənətçilərin "qızıl toy"una 300-dən çox qonaq, o cümlədən Mehriban xanım Əliyeva və qızı Leyla, İspaniya və Niderland kraliçaları, Fransa Prezidentinin xanımı, Rusiyanın birinci Prezidenti Boris Yeltsin, Moskvanın meri Yuri Lujkov dəvət olunmuşdular. Mərasim Qalina Vişnevskayanın artıq bir neçə il hamilik etdiyi uşaq məktəb-teatrında başlamış, sonra müğənninin Opera ifaçılığı mərkəzində davam etmişdir. Konsertdən sonra yubilyarların 1955-ci ildə burada tanış olduqları "Metropol" restoranında ziyafət verilmişdir.

 

Yubilyarları ürəkdən təbrik edən Mehriban xanım onlara ən xoş arzularını bildirdi.


Mehriban xanım Əliyeva mərasimdə həmçinin Rusiyanın keçmiş Prezidenti Boris Yeltsin və onun xanımı, SSRİ xalq artisti Tamara Sinyavskaya ilə və digər qonaqlarla görüşdü.

 

Tədbirin qonaqları, o cümlədən Mehriban xanım Əliyeva yubiley kitabına ürək sözlərini yazdılar.

 

Mərasim iştirakçıları dünya musiqi mədəniyyətinin fəxri olan Mstislav Rostropoviçə və Qalina Vişnevskayaya yeni uğurlar, sənət və həyat sevincləri arzuladılar. Heydər Əliyev Fondu adından xüsusi hazırlanmış hədiyyələr - yubilyarların ifa etdikləri musiqi əsərlərindən ibarət nəfis tərtibatlı disk dəstləri və onların unudulmaz Bakı görüşlərinin əks etdirildiyi fotoalbomlar mərasim iştirakçılarına təqdim olundu. 


FOTO