2.jpg
10 may 2005

Mehriban Əliyeva Bakının Nizami rayonundakı 3 nömrəli xüsusi təhsil məktəbinin açılış mərasimində iştirak edib

Mayın 10-da Bakının Nizami rayonundakı 3 nömrəli xüsusi təhsil məktəbinin Heydər Əliyev Fondunun vəsaiti hesabına aparılmış əsaslı təmir və yenidənqurma işlərindən sonra təntənəli açılış mərasimi olmuşdur. Məktəbin kollektivi Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanı böyük səmimiyyətlə, gül-çiçəklə qarşıladı.


Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva məktəbin rəmzi açılışını bildirən lenti kəsdi, ümummilli liderimiz Heydər Əliyevin birinci mərtəbənin foyesində qoyulmuş büstü üzərindən örtüyü götürdü, ağ mərmərdən yonulmuş abidənin önünə gül qoydu.

 

Məktəbin direktoru Nüşabə Heydərova bildirdi ki, 1958-ci ildə tikilmiş məktəb binası uzun illər təmir edilmədiyinə görə, əslində yararsız hala düşmüşdü. Mehriban xanım bu il yanvarın 31-də məktəbin vəziyyəti ilə tanış olduqdan sonra burada Fondun vəsaiti hesabına əsaslı təmir işlərinə başlamağı tövsiyə etdi. Elə ertəsi gündən burada başlanan əsaslı təmir və yenidənqurma işləri üç aya tam başa çatdırıldı. Məktəb müasir avadanlıqla da komplektləşdirilmişdir.


Mehriban xanım Əliyevaya məlumat verildi ki, məktəbdəki 184 uşaqdan 62-si fərdi təhsilə cəlb olunmuşdur. Burada əmək təlimi dərslərinə üstünlük verilir. Dülgərlik, xalçaçılıq, tikiş və s. dərnəklər uşaqların müxtəlif peşələrə yiyələnməsinə imkan verir.


Mehriban xanım uşaqların əl işlərinə tamaşa etdi, ümummilli liderimiz Heydər Əliyevin həyat və fəaliyyətinə, Azərbaycanın Milli Qəhrəmanlarına, tanınmış ədəbiyyat, incəsənət xadimlərinə həsr olunmuş fotoguşələrə baxdı.


Məktəbin sinif otaqlarını, fənn kabinələrini gəzən Fondun prezidenti təmirin, avadanlığın keyfiyyətinə xüsusi diqqət yetirdi, hər uşağa ayrılan yemək norması, dərs ləvazimatları ilə təminatın vəziyyəti, məktəb kitabxanasının fondu ilə maraqlandı, qaldırılan məsələlərin həllinə lazımi kömək göstəriləcəyini bildirdi.


Dərs-təlim prosesi ilə yaxından maraqlanan Mehriban xanım Əliyeva uşaqların bacarıqlarını yüksək qiymətləndirdi. Xalça toxuyan qızlar öz hədiyyələrini - qucağında valideyn himayəsindən məhrum olmuş uşaq tutmuş Mehriban xanımın portretinin toxunduğu xalçanı Fondun prezidentinə təqdim etdilər. Bu hədiyyədən çox mütəəssir olan Mehriban xanım onu unudulmaz xatirə kimi saxlayacağını bildirdi.


Kompüteri öyrənən uşaqlar dahi şəxsiyyət Heydər Əliyevə, Azərbaycan Prezidenti İlham Əliyevə, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanıma öz hörmət və məhəbbətlərini kompüterdə yazdıqları sözlərlə, musiqi dərsi keçən şagirdlər isə oxuduqları mahnı və şeirlərlə ifadə etdilər.


Uşaqların valideynləri də Mehriban xanımın respublikamızdakı uşaq evlərinə, internat məktəblərinə əsil analıq qayğısı göstərməsini yüksək qiymətləndirdilər, bu qayğı və diqqətdən minlərlə ailəyə sevinc, təsəlli payı düşdüyünü dedilər. Onlar ümummilli liderin doğum günündə məktəbin açılışına gəldiyinə, Fondun yaranma gününü uşaqlarla bir yerdə keçirdiyinə görə Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini bildirdilər.


Təhsil naziri Misir Mərdanov Heydər Əliyev Fondunun işləyib hazırladığı "Uşaq evləri və internat məktəblərinin inkişafı" Proqramı çərçivəsində görülən işlərin əhəmiyyətini vurğulayaraq, hazırda 11 belə məktəbdə kompleks yenidənqurma, əsaslı təmir işləri görüldüyünü bildirdi.


Nizami rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev rayonun ərazisindəki internat məktəbləri və uşaq evlərində Mehriban xanımın təşəbbüsü ilə və Fondun vəsaiti hesabına aparılan təmir işlərindən danışdı.


Mehriban xanım Əliyeva məktəbin kollektivinə ümummilli lider, dahi şəxsiyyət Heydər Əliyevin vəsiyyətlərini, ideyalarını unutmamağı, xüsusi qayğıya ehtiyacı olan uşaqlara diqqəti artırmağı, öz vəzifələrinin necə şərəfli, məsuliyyətli, savab iş olduğunu dərk etməyi xahiş və tövsiyə etdi.


Mehriban xanım ulu öndər Heydər Əliyevin büstü önündə xatirə şəkli çəkdirdi.


FOTO