1.jpg
1 iyun 2005

Heydər Əliyev Fondunda “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların kənar edilməsi (deinstitusionalizasiya) və alternativ qayğı” layihəsinin müzakirəsinə həsr olunmuş dəyirmi masa keçirilib

İyunun 1-də Heydər Əliyev Fondunda "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların kənar edilməsi (deinstitusionalizasiya) və alternativ qayğı" layihəsinin müzakirəsinə həsr olunmuş dəyirmi masa keçirilmişdir. Respublika hökumətinin, beynəlxalq və qeyri-hökumət təşkilatlarının, xüsusi internat məktəbləri və uşaq evlərinin nümayəndələrinin iştirakı ilə keçirilən tədbiri açan Fondun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva dedi ki, biz çox vacib məsələni müzakirə etmək üçün yığışmışıq. Heydər Əliyev Fondu ölkəmizin sosial problemlərinin həllində çox fəal iştirak edir, bir sıra böyük proqramlar, layihələr hazırlayıb həyata keçirir, işlər görülür. Fondun prezidenti kimi mən Bakı şəhərində yerləşən 28 uşaq evi və internat məktəbində, Gəncə, Goranboy və Şamaxıdakı uşaq evlərində də olmuşam. Məqsədim bu müəssisələrdəki problemlərlə tanış olmaq idi. Problemlər isə var və müxtəlifdir. Həm tədris, həm də yataqxana binaları, yardımçı tikililər yararsız vəziyyətdədir, maddi-texniki baza köhnəlmişdir. Digər tərəfdən, uşaqların sağlamlığının vəziyyəti, onların aldığı təhsilin səviyyəsi, xüsusən gələcək taleyi, cəmiyyətimizdə rolu və yeri böyük problemlərdir. Bunu nəzərə alaraq, Fond "Uşaq evləri və internat məktəblərinin inkişafı" proqramı hazırlayıb və onun çərçivəsində bir sıra mühüm işlər görülübdür. Hazırda 10-dan çox məktəbdə əsaslı təmir gedir. Bir neçəsində təmir başa çatıb və onlar ən müasir tələblərə cavab verən təhsil ocağına çevrilibdir.


Mehriban xanım xüsusi vurğuladı ki, ən gözəl təmir olunmuş uşaq evi, ən müasir internat məktəbi heç vaxt ailəni, ailə mühitini əvəz edə bilməz. Azərbaycanda hər bir gəncin formalaşmasında və təhsilində ailənin rolu aparıcı olmuşdur. Ona görə də, bizim qarşımızda böyük bir problem durur. Bu da uşaq evləri və internat məktəblərində yaşayan uşaqların dövlət müəssisələrindən kənar edilməsi və onlara alternativ qayğı proqramı hazırlanmasıdır. Bu istiqamətdə dövlət tərəfindən müxtəlif işlər görülür, beynəlxalq təşkilatların da tövsiyələri vardır. Dünyanın bir sıra inkişaf etmiş ölkələrində demək olar ki, bu problem artıq həllini tapır və onların təcrübəsi bizim üçün maraqlıdır.


Fond ilkin təklifləri tövsiyə xarakterli layihə şəklində hazırlamışdır və o, sizin diqqətinizə təqdim olunmuşdur.


Respublika gənclər, idman və turizm naziri Əbülfəz Qarayev, UNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Hana Singer, Nazirlər Kabinetinin elm, mədəniyyət, xalq təhsili və sosial problemlər şöbəsi müdirinin müavini Qurban Əmirov, Milli Məclisin sosial siyasət daimi komissiyasının sədri Hadi Rəcəbli, Milli Məclisin deputatı, Respublika Uşaq Təşkilatının sədri Gülər Əhmədova, digər iştirakçılar müzakirələrdə çıxış edərək məsələnin aktuallığını, mühüm sosial-mənəvi əhəmiyyət daşıdığını, mövcud qanunvericilik bazasının təkmilləşdirilməsi zərurətini, xarici ölkələrin təcrübəsinin öyrənilməsi və tətbiqi zamanı milli mentalitetin nəzərə alınmasınının vacibliyini bildirdilər.


Mehriban xanımın cəmiyyətin, müvafiq dövlət strukturlarının, imkanlı vətəndaşlarımızın, ölkəmizdə fəaliyyət göstərən xarici şirkətlərin diqqətini respublikamızdakı uşaq evlərinin, internat məktəblərinin problemlərinə yönəltməsinin əhəmiyyətini vurğuladılar, onun bu sahədəki fəaliyyətinin nəticələrini yüksək qiymətləndirdilər.


Mehriban Əliyeva məzmunlu keçən müzakirələrə yekun vuraraq dedi ki, göründüyü kimi, bu, doğrudan da çox vacib məsələdir. Müzakirələr onu da göstərdi ki, suallar çoxdur, cavablar isə, hələ biz istəyən kimi deyildir. Bunlar yaxın bir neçə ildə həll ediləsi məsələ deyil, çox vaxt tələb edir, güc tələb edir. Müzakirələrdə yeni problemlərə toxunduq, bunlar da öz həllini tapmalıdır. Fondun prezidenti UNİSEF-in təmsilçisi xanım Hanaya xüsusi minnətdarlıq edərək dedi ki, təşkilat bu istiqamətdə dünyada və Azərbaycanda çox böyük və faydalı işlər görür. Amma biz gərək unutmayaq ki, Azərbaycanın öz reallığı var. Bizim 1 milyon qacqın və məcburi köçkünlərimiz var, bu ailələrdə uşaqlar var. Statistik məlumatlara görə, bu gün internat məktəblərində tərbiyə alan uşaqların 7-10 faizi həmin ailələrdən olan uşaqlardır. Onların problemləri necə həllini tapacaqdır? Bunun yalnız bir yolu var: Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalı və bu insanlar öz doğma yurdlarına qayıtmalı, uşaqlar da öz doğma torpağında məktəbinə getməlidirlər. Bu, yalnız Azərbaycana xas olan çox mühüm məqamdır.


Mehriban xanım əmin olduğunu bildirdi ki, bütün bu problemlər öz həllini tapacaqdır. Çünki Azərbaycanda hamı - həm dövlət, həm ictimaiyyət, həm də ayrı-ayrı şəxslər bu məsələnin həllini istəyirlər.


FOTO