0.JPG
25 iyul 2005

Mehriban Əliyeva Quba rayonunun bir sıra kənd məktəblərində olub

Azərbaycan Prezidenti İlham Əliyevin Qubaya səfəri çərçivəsində Prezidentin xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva rayonun bir sıra məktəblərində olmuşdur.

 

O, əvvəlcə Zərdabi qəsəbəsindəki Quba xüsusi ümumtəhsil internat məktəbinə gəldi. Mehriban xanım Əliyeva məktəbin problemləri ilə maraqlandı, buradakı şəraitlə yaxından tanış oldu, təmir-bərpa işləri ilə bağlı tövsiyələrini verdi.

 

Heydər Əliyev Fondunun prezidenti sonra İqriğ kəndində yeni məktəb binasının tikinti işləri ilə tanış olmaq üçün buraya gəldi. Kənd camaatı Mehriban xanımı böyük hörmət və ehtiramla qarşıladı. Fondun prezidentinə tikinti işlərinin gedişi barədə məlumat verildi.

 

Daha sonra Mehriban xanım rəhbərlik etdiyi Fondun "Yeniləşmiş Azərbaycana yeni məktəb" proqramı çərçivəsində rayonun Püstəqasım kəndində 210 yerlik məktəb binasının tikintisi ilə ətraflı tanış oldu, eyni zamanda, məktəblilərin dərs ləvazimatı ilə təminatının vəziyyəti ilə də maraqlandı.

 

Fondun prezidenti bu ildən yeni məktəbdə dərs keçəcək şagirdlərlə xatirə şəkli çəkdirdi.


FOTO