3.JPG
7 oktyabr 2005

Mehriban Əliyeva Kürdəmir və Sabirabad rayonlarında məktəblərlə tanış olub

Azərbaycan Prezidenti İlham Əliyevin Kürdəmir və Sabirabad rayonlarına səfəri çərçivəsində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva yerli məktəblərə getmişdir. O, əvvəlcə Kürdəmir rayonunun Karrar kəndindəki 240 yerlik yeni məktəb binası ilə tanış oldu. Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilmiş məktəbin müəllimləri şagirdlərin yaxşı şəraitdə təhsil almasına göstərilən qayğıya görə Mehriban xanıma minnətdarlıqlarını çatdırdılar.


Mehriban xanım Əliyeva həmin gün Sabirabad rayonunun Axtaçı-Muğan kəndində tikintisi başa çatmaqda olan 200 yerlik məktəbdə inşaat işlərinin gedişi ilə də maraqlanmışdır. Uşaqlar Mehriban xanımı gül-çiçəklə qarşıladılar.


Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Yeniləşən Azərbaycana yeni məktəb" proqramına uyğun olaraq iyul ayında tikintisinə başlanmış məktəb binası on gündən sonra istifadəyə veriləcəkdir. Tədris ocağının müasir kommunikasiya və istilik sistemi olacaqdır.


Bildirildi ki, 330 şagirdi olan məktəbin yeni binası istifadəyə verildikdən sonra kənd uşaqları tam orta təhsil olmaq üçün ətraf kəndlərə gedib-gəlməyəcəklər.


Mehriban xanım uşaqlarla səmimi söhbət etdi, onlarla və müəllimləri ilə xatirə şəkli çəkdirdi.


FOTO