001.jpg
24 noyabr 2005

Mehriban Əliyeva Bakının uşaq evlərində olub

Bakının Nizami rayonundakı 1 nömrəli uşaq evində Heydər Əliyev Fondunun vəsaiti hesabına əsaslı təmir və yenidənqurma işləri aparılmışdır. Bu münasibətlə noyabrın 24-də uşaq evinə gələn Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanı, qızları Leyla və Arzunu uşaqlar böyük səmimiyyətlə, gül-çiçəklə qarşıladılar.

 

Mehriban xanım ümummilli liderimiz Heydər Əliyevin binanın birinci mərtəbəsinin foyesində qoyulmuş büstü üzərindən örtüyü götürdü, abidənin önünə gül qoydu.

 

Məktəbin direktoru Nərminə Zöhrabova bildirdi ki, uşaq evinin 1950-ci illərdə tikilmiş binası uzun illər təmir edilmədiyinə görə, əslində, yararsız hala düşmüşdü. Mehriban xanımın təşəbbüsü ilə bu ilin aprelindən aparılan əsaslı təmir və yenidənqurma işləri tam başa çatdırılmış, uşaq evi müasir avadanlıqla da komplektləşdirilmişdir.

 

Mehriban xanım Əliyeva binanın təmirdən əvvəlki və hazırkı vəziyyətini əks etdirən fotoguşəyə baxdı.

 

Burada 3-17 yaş arasında 130 uşağın sağlamlığı, təlim-tərbiyəsi ilə 40 tərbiyəçi, tibb işçisi, xidmətçi məşğul olur. Uşaqlar yaxınlıqdakı 220 nömrəli orta məktəbdə təhsil alırlar. Bununla yanaşı, uşaq evində də təcrübəli müəllimlər onlarla xüsusi proqram əsasında məşğul olurlar. Əmək təlimi dərslərinə daha çox üstünlük verilir. Dülgərlik, xalçaçılıq, tikiş, rəssamlıq, rəqs və s. dərnəklər uşaqların müxtəlif peşələrə yiyələnməsinə imkan yaradır. Mehriban xanım uşaqların əl işlərinə tamaşa etdi, Nahid və Natiq Sarıyev qardaşlarının, Rüstəm Məmmədovun Qarabağ, vətənpərvərlik mövzusunda rəsmlərini yüksək qiymətləndirdi, ümummilli liderimiz Heydər Əliyevin həyat və fəaliyyətinə, ulu öndərin adını daşıyan Fonda həsr olunmuş fotoguşələrə baxdı. Geniş salonda uşaqların ifasında səslənən şeirlər, şən, oynaq mahnı və rəqslər də xoş təəssürat yaratdı. Kompüteri öyrənən uşaqlar dahi şəxsiyyət Heydər Əliyevə, Azərbaycan Prezidenti İlham Əliyevə, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanıma öz hörmət və məhəbbətlərini monitorda yazdıqları xoş sözlərlə ifadə etdilər.

 

Uşaq evində yeni inşa edilmiş hamam, üzgüçülük hovuzu, yay konsert meydançası, stadion, iclas, idman, rəqs salonları, həyətdəki yaşıllıqlar, uşaqların əl işləri muzey-sərgisi burada balacaların fiziki və əqli cəhətdən sağlam böyüməsi üçün hər cür şərait yaradıldığına, Fondun xeyirxah fəaliyyətinin bəhrəsinə əyani sübut idi.

 

Mehriban xanım Əliyevaya üzərində ulu öndər Heydər Əliyevlə istəkli nəvəsi balaca Heydərin şəkli toxunmuş xalça hədiyyə edildi. Mehriban xanım dahi şəxsiyyətin bu şəkli çox sevdiyini, ona görə də ustalıqla toxunmuş bu hədiyyəni həmişə əziz xatirə kimi saxlayacağını bildirdi.

 

Sonra Xətai rayonunda 81 nömrəli Ağdam rayon köçkün məktəbi üçün Fondun vəsaiti ilə tikilmiş binaya gələn Mehriban xanım bu tədris ocağının təzə avadanlıqla tam təchiz olunmuş sinif otaqlarını gəzdi, müəllim və şagirdlərlə söhbət etdi, Prezident İlham Əliyevin məcburi köçkünlərin doğma yurdlarına qayıtması üçün bütün mümkün tədbirləri gördüyünü, bu səylərin hökmən müsbət nəticə verəcəyini söylədi.

 

Xətai rayonundakı 3 nömrəli və Suraxanı rayonundakı 2 nömrəli uşaq evlərinin balaca sakinləri də Mehriban xanımı, qızları Leyla və Arzunu sevinclə qarşıladılar. Onların birlikdə süfrə arxasında oturub balacalara əsil ana-bacı nəvazişi ilə qulluq göstərməsi uşaqların xatirindən uzun müddət silinməyəcəkdir. Sonra musiqi səsləndi, şən, oynaq mahnı və rəqslər bir-birini əvəz etdi. Uşaqlar söylədikləri şeirlərlə Vətənə, ulu öndər Heydər Əliyevə, Azərbaycan Prezidentinə məhəbbətlərini ifadə etdilər. Böyük öndər Heydər Əliyevin uşaqlara müraciətlə dediyi sözlər ekrandan səsləndirildi.

 

Fondun əməkdaşları gətirdikləri hədiyyələri uşaqlara verdilər.

 

"Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı" çərçivəsində görülən işlərin böyük mənəvi əhəmiyyətini vurğulayan tərbiyəçi müəllimlər Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanı Milli Məclisin deputatı seçilməsi münasibətilə təbrik etdilər.


Mehriban xanım uşaqlarla xatirə şəkilləri çəkdirdi.


FOTO