11 aprel 2008

Xalq artisti Rafiq Babayevin yaradıcılığından bəhs edən musiqi albomunun təqdimat mərasimi

Aprelin 11-də Heydər Əliyev Fondunda Azərbaycanın musiqi mədəniyyəti tarixində xüsusi yeri olan xalq artisti, bəstəkar, pianoçu Rafiq Babayevin yaradıcılığını əhatə edən musiqi albomunun təqdimatı olub.


Layihənin təşəbbüsçüsü, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mərasimdə çıxış etdi.


Mehriban Əliyevanın çıxışı:


- Hörmətli qonaqlar, əziz dostlar!


Mən sizin hamınızı Heydər Əliyev Fondunda ürəkdən salamlayıram. Bu gün biz görkəmli incəsənət xadimi, musiqiçi, bəstəkar, xalq artisti Rafiq Babayevin yaradıcılığına həsr olunmuş musiqi albomunun təqdimat mərasiminə yığışmışıq.


Heydər Əliyev Fondu tərəfindən hazırlanmış bu alboma sənətkarın həyat və yaradıcılığından bəhs edən kitab, seçilmiş əsərlərindən ibarət olan 8 musiqi diski və video materialları əks etdirən 2 DVD daxildir.


Rafiq Babayev XX əsrin 60-70-ci illərində musiqi aləminə yeni nəfəs, fərqli baxış gətirən sənətkar kimi tanınır. O, milli musiqi köklərinə bağlı olaraq, Qərb və Şərq musiqi ənənələrinin sintezinin, muğam və xalq melodiyalarının caz ritmləri ilə birləşdirilməsinin əsasını qoymuş musiqi novatorlarından biri idi. Onun çoxsaylı caz, fortepiano, estrada əsərləri, pyes və mahnıları nəinki Azərbaycanda, hətta xaricdə də çox yaxşı tanınır.


Onun sənət axtarışları ömrünün sonuna qədər tükənməmişdir və yaradıcılığının hər bir mərhələsində yeni səhifə açmağa, özünü yeni səpkidə göstərməyə imkan vermişdir. Kim bilir, bəlkə böyük, əsl istedada malik olan bu insan ömrünün o qədər də uzun olmayacağını hiss edirdi. Ona görə yaşamağa, yaratmağa, işləməyə tələsirdi. Daim yeniliklər axtarışında idi, öz zamanını qabaqlayırdı və biz bu gün deyə bilərik ki, o, gələcək üçün yaradır, gələcək üçün işləyirdi.


Çox təəssüf ki, belə bir insanın yarı yolda kəsilən ömrü onun bir çox arzularını ürəyində qoydu. 1994-cü ilin mart ayında Bakı metrosunda törədilən erməni terroru nəticəsində Rafiq Babayev faciəli şəkildə həlak oldu, mədəniyyətimizə böyük itki üz verdi. Bu terror aktı nəticəsində 14 nəfər həlak olmuş, 49 nəfər yaralanmışdır. Bütövlükdə, 1990-cı illərin əvvəlində erməni terror təşkilatları tərəfindən ölkəmizdə 32 terror aktı törədilmiş, 2 mindən çox insan bunların qurbanı olmuşdur. Bu gün bu albomu təqdim edərək, biz təkcə Rafiq Babayevin xatirəsini deyil, bütün erməni terrorunun qurbanı olmuş günahsız insanların ruhunu yad edirik.


Heydər Əliyev Fondu Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətini ifşa edən bir çox sənədləri nəşr etdiribdir. Bu sənədlərdə ermənilər tərəfindən azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti, Xocalı faciəsi və digər dəhşətli faktlar öz əksini tapıbdır. Bildiyiniz kimi, “Qarabağ həqiqətləri” toplusu bir çox xarici dillərə tərcümə olunaraq xaricdə yayılıb və bütün bu reallıqları dünyaya çatdırır.


Böyük sənətçi Rafiq Babayev bütün ömrü boyu millətlərarası qardaşlıq və dostluğa sadiqlik nümayiş etdirmişdir. Onun əsərləri, gözəl melodiyaları millətindən, dinindən asılı olmayaraq, bütün insanları birləşdirirdi və bu da onun əsl insan, böyük humanist olduğunu sübut edir. Hər bir böyük sənətkarın həyatı insan ömründən çox uzundur. Bu gün Rafiq Babayevin yaradıcılığı bizimlədir, onun gözəl əsərləri, unudulmaz melodiyaları bizim ürəyimizdədir, Azərbaycan xalqı tərəfindən çox sevilir və daim ifa olunur.


Mən əminəm ki, Rafiq Babayev öz yaxınlarının, əzizlərinin, dostlarının və onu şəxsən tanımayan insanların ürəyində böyük sənətkar, musiqiçi, bəstəkar və eyni zamanda, ən yüksək insani keyfiyyətlərə malik olan nurlu bir şəxsiyyət kimi yaşayacaqdır. Mən çox şadam ki, bu albomu yaratmaqla biz böyük sənətkarın yaradıcılıq irsinin qorunması və təbliğinə öz töhfəmizi verə bilmişik.


Bir daha bütün mərasim iştirakçılarını ürəkdən salamlayıram və sizə cansağlığı arzulayıram.