10 mart 2012

Bakıda “Fransa inciləri” mövzusunda sərginin açılışı

Martın 10-da Azərbaycan Milli İncəsənət Muzeyində Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə “Fransa inciləri” mövzusunda sərgi açılıb.


Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, ölkəmizdə səfərdə olan Fransanın mədəniyyət və kommunikasiya naziri Frederik Mitteran, ictimai-siyasi xadimlər, incəsənət nümayəndələri, ziyalılar, ölkəmizdə akkreditə olunan diplomatik korpusun rəhbərləri sərginin açılış mərasimində iştirak ediblər.


Birinci xanım Mehriban Əliyeva mərasimdə çıxış etdi.


Mehriban Əliyevanın çıxışı:


- Xanımlar və cənablar, hörmətli qonaqlar!


Sizləri səmimi qəlbdən salamlayır və bu gün bizimlə olduğunuza görə dərin minnətdarlığımı çatdırıram.


“Fransa inciləri” sərgisi Heydər Əliyev Fondu, Fransa Mədəniyyət və Kommunikasiya Nazirliyi, Fransa Dövlət Muzeylər Birliyi, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və digər təşkilatların sıx əməkdaşlığı nəticəsində təşkil olunub. Mən sərginin təşkilində əməyi olan hər bir insana öz dərin minnətdarlığımı bildirirəm. Cənab nazir Mitterana xüsusi minnətdarlığımı bildirirəm və qeyd etmək istərdim ki, “Fransa inciləri” sərgisi digər paytaxtlarda da təqdim olunacaqdır. Lakin ilk dəfə məhz ölkəmizin paytaxtında - Bakı şəhərində nümayiş olunur və bu da cənab Mitteranın şəxsi təşəbbüsü nəticəsində reallaşıbdır.


Son illər Fransa ilə Azərbaycan arasında mədəni əlaqələrin daha da genişlənməsində, tamamilə yeni bir səviyyəyə çıxmasında cənab Mitteranın böyük səyləri var və biz Heydər Əliyev Fondu tərəfindən Fransada keçirdiyimiz hər bir mədəni tədbirdə onun diqqət və dəstəyini hiss edirik. Mən bu gün böyük məmnuniyyətlə cənab Mitteranı Azərbaycanda salamlayıram.


Sərginin hazırlanmasında böyük əməkləri olan kurator, Acastyo muzeyinin direktoru cənab Filipp Kostamaniyə və həmçinin Heydər Əliyev Fondunun əməkdaşlarına dərin təşəkkürümü bildirirəm.


Əziz dostlar, bu gün Azərbaycanın Milli İncəsənət Muzeyi öz qapılarını Fransanın incəsənətinə - incə zövq və zəngin mədəni irsə malik olan bir ölkənin yaradıcılıq ənənələrinə açır. Sərgidə təqdim olunan xalçaçılıq, təsviri incəsənət nümunələri, qravürlər və fotoşəkillər, dekorativ sənət əşyaları Fransanın ən möhtəşəm muzeylərinin kolleksiyalarından gətirilibdir.


Versal sarayını, Luvr və Orse muzeylərini, Pompudi mərkəzini, Fransa Dövlət Kitabxanasını və digər çox məşhur mədəniyyət ocaqlarını bəzəyən 400-ə yaxın eksponat iki aydan çox paytaxtımızda təqdim olunacaqdır. Pussen, Deqa, Renuar, Tuluz-Lotrek, Sisley, Roden kimi dahi rəssamların və heykəltəraşların əsərləri ilə birbaşa tanış olmaq üçün bu, gözəl bir fürsətdir.


Fransa incəsənəti ölkəmizdə hər zaman yüksək dəyərləndirilib və fransız dilinə, ədəbiyyatına, musiqisinə olan rəğbət bütün dövrlərdə hiss olunubdur. Keçmişə nəzər salsaq, Fransa-Azərbaycan mədəni tellərini sadalamaq mümkündür. Bu sırada hələ XIX əsrdə məşhur yazıçı Aleksandr Dümanın ölkəmizə səfəri və səfər zamanı xan qızı Xurşidbanu Natəvan ilə görüşü, dahi Üzeyir bəyin 1995-ci ildə Parisin “Femina” teatrında fransız dilində tamaşaya qoyulmuş “Arşın mal alan” operettası, Fransada vaxtilə nəşr olunan “Qafqaz” jurnalının redaktoru Ceyhun Hacıbəylini və Fransa ədəbiyyatına “Banin” imzası ilə daxil olan və ilk fransızdilli yazıçımız Ümbülbanu Əsədullayevanı xatırlamaq olar. Bütün bu şəxsiyyətlər Azərbaycan-Fransa mədəni əlaqələrinə silinməz töhfələr veriblər.


Müasir dövrdə müstəqil Azərbaycan digər sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də Fransa dövləti ilə əlaqələrini möhkəmləndirir və çox yüksək dəyərləndirir. Fransanın paytaxtında və regionlarında Azərbaycanın mədəniyyət günləri təşkil olunur, müxtəlif sərgilər, festivallar, konsertlər keçirilir. Fransanın bir sıra ali təhsil ocaqlarında Azərbaycan dili fakültələri fəaliyyət göstərir, yüzlərlə azərbaycanlı tələbə Fransanın ali məktəblərində təhsil alır. Bu ilin sonunda Parisdə Azərbaycanın Mədəniyyət Mərkəzi fəaliyyətə başlayacaqdır. Bu ilin aprel ayında Parisdə Azərbaycanın müasir incəsənətini təqdim edən “Bakıya uçuş” adlı sərgi keçiriləcəkdir. Ötən il Heydər Əliyev Fondunun dəstəyi ilə paytaxtımızda ilk fransızdilli məktəbin binasının inşası başlayıb. Heydər Əliyev Fondu Versal sarayının, Luvr muzeyinin və Strasburqun tarixi kilsəsinin bərpasında da iştirak edib.


Mən əminəm ki, belə görüşlərin, belə tədbirlərin sayı gələcəkdə yalnız artacaq və bu da xalqlarımızı bir-birinə daha yaxından, daha dərindən tanıdacaqdır.


Əziz dostlar, dünya mədəniyyəti müxtəlif xalqlara xas olan incəsənətin ən dəyərli nümunələrini özündə birləşdirir. Fransa xalqı dünya mədəniyyətinə silinməz şedevrlər bəxş edib, ümumbəşəri mədəniyyətdə silinməz iz qoyub. Mən ümidvaram ki, bu sərgini seyr edərək hər birimiz incəsənətin, gözəlliyin, zövqün, dahi sənətkarlığın, bir sözlə, böyük mədəniyyətin əbədi dəyərlərini bir daha hiss edəcəyik.


Mən sizi bir daha bu sərginin açılışı münasibətilə təbrik edirəm. Diqqətinizə görə çox sağ olun.


Xəbərə keçid