2 dekabr 2011

Romada Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş mərasim

Dekabrın 2-də Romada Heydər Əliyev Fondunun təşəbbüsü və ölkəmizin İtaliyadakı səfirliyinin dəstəyi ilə Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilib.


Mərasimdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva, İtaliyanın Xarici İşlər Nazirliyinin dövlət katibi xanım Marta Dassu, ictimai-siyasi xadimlər, incəsənət nümayəndələri, ziyalılar, müxtəlif ölkələrin diplomatik korpusunun nümayəndələri iştirak ediblər.


Birinci xanım Mehriban Əliyeva mərasimdə çıxış etdi.


Mehriban Əliyevanın çıxışı:


- Hörmətli xanım Dassu.


Xanımlar və cənablar.


Hörmətli qonaqlar, əziz dostlar!


Mən sizi Azərbaycana həsr olunmuş bu gecədə səmimi qəlbdən salamlayıram. Dəvətimizi qəbul edib bu axşam bizimlə olduğunuza görə sizə dərin minnətdarlığımı bildirirəm.  Görüşümüz Azərbaycanın tarixində çox əlamətdar bir hadisəyə həsr olunub. Bu il Azərbaycan müstəqilliyinin bərpa olunmasının 20-ci ildönümünü qeyd edir. Biz müstəqil ölkə kimi çox gəncik. Lakin Azərbaycan qədim tarixə və mədəniyyətə malik olan bir ölkədir.


Xəzər dənizinin sahilində yerləşən ölkəmiz əsrlər boyu Qərb və Şərq arasında körpü rolunu oynamışdır. Hələ eramızdan əvvəl II əsrdə Azərbaycanın ərazisindən Böyük İpək Yolu keçmişdir. Mədəniyyətlərin və sivilizasiyaların qovuşuğunda yerləşən Azərbaycanda bir çox qədim mədəniyyətlər öz izini qoyub. Bu izləri biz bu gün də görə bilərik. Bakının yaxınlığında yerləşən Qobustan qayalıqlarında Roma tarixinin izləri vardır. Bu qayaların üzərində eramızın I əsrində buradan Roma İmperatoru Germanikin legionunun keçdiyi əks olunub. Əsrlər boyu ölkəmizdə müxtəlif dillərdə danışan və müxtəlif dinləri təmsil edən insanlar qarşılıqlı hörmət və sülh şəraitində yaşayıb. Bu gün də dini dözümlülük, açıqlıq, tolerantlıq Azərbaycan xalqının ən gözəl xüsusiyyətlərindən biridir.


1918-ci ildə müsəlman Şərqində ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyəti yaradılmışdır. Həmin dövrdə ölkəmizdə demokratiya institutları formalaşmağa başlamışdı. Ölkədə çoxmillətli parlament fəaliyyətə başlamışdı, Azərbaycan qadınları səsvermə hüququnu qazanmışdı, müsəlman qızları üçün ilk dünyəvi məktəb açılmışdı, Şərqin ilk opera və baleti yazılmışdı.


Əfsuslar ki, Xalq Cümhuriyyətinin ömrü çox qısa oldu, cəmi 23 ay sürdü və müstəqilliyimiz böyük imperiyaların siyasi maraqlarının qurbanı oldu. Bir çox amillərin arasında Bakı neftinə artan maraq da öz rolunu oynadı. Nəticədə ölkəmiz müstəqilliyini itirdi, hərbi müdaxilə yolu ilə Azərbaycanda sovet rejimi quruldu.


Sovet dövründə bütün çətinliklərə baxmayaraq, ölkəmizin siyasi potensialı formalaşdı, savadsızlıq tamamilə ləğv olundu, təhsil sistemi quruldu, Milli Elmlər Akademiyası fəaliyyətə başladı. Lakin təməli 1918-ci ildə qoyulan dövlətçilik, müstəqillik və demokratiya ideyaları unudulmadı və nəhayət 1991-ci ildə ölkəmiz müstəqilliyini bərpa edərək Azərbaycan xalqı öz taleyinin, öz torpağının sahibi oldu.


Müstəqilliyimizin ilk illərində biz çoxlu problem və çatışmazlıqlarla üzləşdik. İyirmi ildən çox sürən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bu gün də həllini tapmayıb. Ölkəmizin ərazisinin 20 faizi işğal altındadır, bir milyondan çox soydaşımız məcburi köçkün və qaçqın şəraitində yaşayır. Bu gün də Azərbaycan münaqişənin sülh yolu ilə, beynəlxalq hüquq və prinsiplər əsasında həllinin tərəfdarıdır. Biz ümidvarıq ki, ölkəmizin ərazi bütövlüyü tezliklə bərpa olunacaqdır. Bütün dünya birliyi Azərbaycanın ərazi bütövlüyünü tanıyır və hər bir qaçqın, hər bir məcburi köçkün öz doğma torpağına qayıdacaqdır.


Əziz dostlar, bu 20 il ərzində biz böyük nailiyyətlər əldə etmişik. Azərbaycan dünyanın ən sürətlə inkişaf edən dövlətlərindən biridir. Regiondakı bütün irimiqyaslı layihələr Azərbaycanın iştirakı ilə həyata keçirilir. Cənubi Qafqaz dövlətlərinin ümumi iqtisadiyyatının 80 faizi Azərbaycanın payına düşür. Ölkəmizdə sosial problemlər həllini tapır. Son 8 il ərzində yoxsulluğun səviyyəsi 49 faizdən 9 faizə enib, 900 mindən çox yeni iş yeri açılıb, 2 mindən çox yeni məktəb tikilibdir.


Bu gün Azərbaycanın xarici siyasətinin prioritetləri Avropaya və Avratlantik qurumlara inteqrasiyadır, Avropa İttifaqı ilə əməkdaşlığı genişləndirmək və bütün xarici dövlətlərlə qarşılıqlı maraqlar və dostluq əsasında münasibətlər qurmaqdır. Ölkəmiz beynəlxalq sülh və sabitliyin qorunmasına yönəldilmiş dünya miqyaslı proseslərdə fəal iştirak edir. Avropa İttifaqı bu gün Azərbaycanı enerji təhlükəsizliyi sahəsində strateji tərəfdaş kimi tanıyır. Azərbaycan Avropanın neft və qazla təminatına öz töhfəsini verməyə hazırdır.


Bu ilin oktyabr ayında Azərbaycan 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir və bu da ölkəmizin beynəlxalq arenada ildən-ilə artan nüfuzunun sübutudur.


Xarici dövlətlərlə əməkdaşlıq siyasətimizdə İtaliya ilə əlaqələrimiz xüsusi yer tutur. İtaliya bu gün Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. İtaliyanın iri şirkətləri Azərbaycanda, xüsusilə də neft sektorunda uğurla fəaliyyət göstərir. Qeyri-neft sektorunda əməkdaşlığımız genişlənir, parlamentlərarası dostluq qrupları fəaliyyət göstərir, hökumətlərarası komissiya artıq 2006-cı ildən fəaliyyətdədir. Onlarca Azərbaycan tələbəsi bu gün İtaliyanın ali məktəblərində və universitetlərində təhsil alır.


Mədəniyyət sahəsində əlaqələrimiz genişlənməkdədir. İtaliyanın paytaxtında - Romada Azərbaycanın mədəniyyət günləri keçiriləcəkdir. Gələn il payızda isə ölkəmizdə İtaliyanın mədəniyyət günləri təşkil olunacaqdır.


Əziz dostlar, dünyanın ən qədim, ən zəngin mədəniyyət və sivilizasiya ocaqlarından biri olan İtaliyada mənim üçün öz ölkəmi təqdim etmək böyük şərəfdir. Bu qədim torpaqda yerləşən mədəni irs  bütün bəşəriyyətin sərvətidir. Bu mədəni irs insanlığın, insanın imkanlarının, gözəlliyin, bəşəri dəyərlərin əbədi bir abidəsidir. Biz azərbaycanlılar da mədəni irsimizlə haqlı olaraq fəxr edirik. Azərbaycanın qədim xalçaçılıq məktəbi, ədəbiyyatı, musiqisi, incəsənəti, memarlıq abidələri xalqımızın ən böyük varlığıdır.


Biz bu axşam mədəniyyətimizin kiçik bir hissəsini sizin diqqətinizə təqdim edəcəyik və ümidvaram ki, sizin ürəyinizdə bizim ölkəyə olan maraq və hörmət daha da artacaq. Ümidvaram ki, bu gün birgə keçirdiyimiz axşam dövlətlərimizi və xalqlarımızı bir-birinə daha yaxın və bağlı edəcəkdir. Fürsətdən istifadə edərək mən sizin hamınızı Azərbaycana dəvət edirəm. Mən sizin hamınıza xoşbəxtlik, cansağlığı və məhəbbət arzu edirəm.


Diqqətinizə görə çox sağ olun.


Xəbərə keçid