17 fevral 2011

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümü münasibətilə Parisdə keçirilimiş mərasim

Fevralın 17-də Parisdə Azərbaycan Respublikasının müstəqilliyini yenidən bərpa etməsinin 20-ci ildönümünə və “Azərbaycan” kitabının təqdimatına həsr olunmuş təntənəli mərasim keçirilib.


Heydər Əliyev Fondunun, ölkəmizin Fransadakı səfirliyinin təşəbbüsü və dəstəyi ilə baş tutan mərasimdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iştirak edib.


Birinci xanım Mehriban Əliyeva mərasimdə çıxış edib.


Mehriban Əliyevanın çıxışı:


- Xanımlar və cənablar!


Hörmətli qonaqlar, hörmətli cənab nazir!


İlk növbədə, cənab nazir, mən sizə öz dərin minnətdarlığımı bildirmək istəyirəm. Ölkəmizə göstərdiyiniz dostluq münasibətinə, mədəniyyətimizi belə dərindən bildiyinizə və dəstək verdiyinizə görə, mənim fəaliyyətimə verdiyiniz yüksək qiymətə görə də sizə dərin minnətdarlığımı bildirirəm.


Hörmətli qonaqlar, mən sizin hamınızı səmimi qəlbdən salamlayıram və bu gün bizimlə olduğunuza görə sizə minnətdarlığımı bildirirəm. Azərbaycan bu il müstəqilliyinin bərpa olunmasının 20-ci ildönümünü qeyd edir və mən çox şadam ki, bu hadisəyə həsr olunmuş ilk tədbir Fransada keçirilir. Dünyanın ən möhtəşəm, ən gözəl və ən zövqlü şəhərlərindən biri olan Parisdə ölkəmi, Azərbaycanı təqdim etmək mənim üçün böyük şərəfdir.


Müstəqil ölkə kimi Azərbaycan çox gəncdir. Lakin Odlar Yurdu adlanan bu diyarın tarixi kökləri uzaq keçmişə gedib çıxır. Burada - Cənubi Qafqazda, Xəzər dənizinin sahilində ilk dövlətlər hələ eramızdan əvvəl 2-ci, 1-ci minilliklərdə mövcud idi. Ölkəmizin ərazisindən tarixi İpək Yolu keçir. Sivilizasiyaların və mədəniyyətlərin qovuşduğu strateji bir məkanda yerləşən Azərbaycan uğrunda əsrlər boyu mübarizələr aparılmışdır. Baxmayaraq ki, müxtəlif dövrlərdə Azərbaycan müxtəlif imperiyaların tərkib hissəsi olub, xalqımız öz tarixini, mədəniyyətini, dilini qoruyub saxlayaraq milli mənliyini itirməmişdir.


Müstəqillik yolumuz heç də asan və hamar olmamışdır. Bu yolda itkilərimiz, ağrılarımız, acılarımız kifayət qədər olub. 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti Şərqin ilk demokratik parlament respublikası olmuşdur. Həmin il, həmin dövr Azərbaycan müsəlman dünyası, müsəlman Şərqi üçün əsl mayaka çevrilmişdir. Müsəlman qızları üçün ilk dünyəvi məktəb açılmışdır, Azərbaycan qadınları səsvermə hüququnu qazanmışdır, Şərqin ilk operası və baleti yazılmışdır. Lakin əfsuslar olsun ki, xalq cümhuriyyətinin ömrü cəmi 23 ay çəkdi. Respublika çox ciddi geosiyasi problem və amillərlə üzləşdi. Bu amillərin sırasında Bakı neftinə olan marağın artması da çox böyük rol oynayırdı. Nəticədə ölkəmiz müstəqilliyini itirdi və hərbi intervensiya yolu ilə Azərbaycanda sovet hakimiyyəti quruldu. 70 ildən çox sürən bu dövrdə xalqımız sovet rejiminin sərt qanunları ilə üzləşdi. Lakin buna baxmayaraq, həmin illərdə Azərbaycanın iqtisadi potensialı formalaşdı, savadsızlıq tamamilə ləğv olundu, təhsil şəbəkəsi yarandı, universitetlər açıldı, Milli Elmlər Akademiyası fəaliyyətə başladı. Bütün bu illər Azərbaycan xalqı müstəqillik arzusu ilə yaşayırdı. Nəhayət 1991-ci ildə Azərbaycan xalqı öz taleyinin, öz torpağının, öz ölkəsinin sahibinə çevrildi. Şübhəsiz ki, tarixi baxımdan 20 il o qədər də böyük dövr deyildir. Lakin biz ötən illərə nəzər salsaq aydın olur ki, Azərbaycan qısa bir zamanda çox böyük nailiyyətlər əldə edib.


Bu gün Azərbaycan bölgənin ən sürətlə inkişaf edən ölkəsidir. Cənubi Qafqaz dövlətlərinin ümumi iqtisadiyyatının 75 faizi Azərbaycanın payına düşür. Bu gün Avropa İttifaqı Azərbaycanı enerji təhlükəsizliyi sahəsində strateji tərəfdaş kimi tanıyır və Azərbaycan Avropanın neft və qazla təminatında öz rolunu oynamağa hazırdır. Ölkəmizin neft və qaz kəmərləri, qeyri-neft sektorunun yüksəlişi, yeni iri infrastruktur layihələri inkişafımızı təmin edir.


Bu gün Azərbaycanda sosialyönümlü siyasət aparılır. 2003-cü ildən bu günə qədər ölkəmizdə 900 mindən çox yeni iş yeri açılıb, 2 mindən çox yeni məktəb binası inşa olunub, yoxsulluğun səviyyəsi 49 faizdən 9 faizə enib. Paytaxtımızın və başqa şəhərlərimizin yeni siması, ultramodern binalar, yollar, körpülər, bərpa olunan və yeni tikilən muzey və salınan parklar inkişafımızın sübutudur.


Azərbaycanda turizm sahəsi çox sürətlə inkişaf edir. Yalnız bu il paytaxtımızda beşulduzlu 5 yeni hotelin açılışı gözlənilir və bu da ölkəmizə ildən-ilə artan marağın sübutudur. Əlbəttə, bizim əsas varlığımız mədəni irsimizdir, Azərbaycanın qədim xalçaçılıq məktəbi, nadir miniatürləri, ədəbiyyatı və poeziyası, musiqisi, rəqsləri, təsviri sənəti, memarlıq abidələridir.


Əziz qonaqlar, mən xüsusi vurğulamaq istərdim ki, bütün bu nailiyyətləri ölkəmiz Dağlıq Qarabağ münaqişəsi kimi uzun sürən və hələ də həllini tapmamış problemin mövcudluğu şəraitində əldə edib. Biz əminik ki, gün gələcək və Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq, hər bir məcburi köçkün, hər bir qaçqın öz doğma torpağına qayıdacaqdır. Bizim hər bir nailiyyətimizin arxasında Azərbaycan vətəndaşının zəkası, biliyi, bacarığı, istedadı və əməyi durur. Azərbaycan gələcəyə istiqamətlənən dövlətdir. Biz böyük yolun əvvəlindəyik. Müstəqil və dünyəvi dövlət olaraq, tariximizə və köklərimizə sadiq olaraq, mədəniyyətimizi və ənənələrimizi qoruyaraq biz ümumdünya dəyərlərinə, azadlıq, demokratiya, aşkarlıq, dünya birliyinə inteqrasiya yolunu seçmişik. Bu gün Azərbaycan müstəqillik yubileyini Fransa kimi qədim mədəniyyət və tarixə malik olan, müasir demokratiyanın vətəni olan ölkədə qeyd edir. Bunun böyük rəmzi mənası vardır.


Əziz dostlar, sonda sizə ölkəmizə göstərdiyiniz dostluq münasibətinə görə bir daha dərin minnətdarlığımı bildirirəm. Fürsətdən istifadə edərək sizi Azərbaycana dəvət edirəm. Əminəm ki, belə görüşlər Fransa ilə Azərbaycanı ürəkdən keçən tellərlə bağlayır.


Sizə əmin-amanlıq, xoşbəxtlik və məhəbbət arzulayıram. Diqqətinizə görə çox sağ olun.