3 noyabr 2010

“Mədəni irs və musiqi” mövzusunda keçirilən beynəlxalq konfrans

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva “Mədəni irs və musiqi” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak etmək üçün noyabrın 3-5-də Ankarada səfərdə olub.


Beynəlxalq konfransın növbəti hissəsinə sədrlik edən Mehriban Əliyeva tədbirdə çıxış edib.


Mehriban Əliyevanın çıxışı:


- Əziz dostlar!


İlk növbədə, sizləri səmimi qəlbdən salamlayıram və sizə ən xoş arzu və diləklərimi çatdırıram.


Yenidən Türkiyə torpağında olmağımdan çox məmnunam. Qurucusu böyük şəxsiyyət İhsan bəy Doğramacı olan Bilkənd Universitetində olmağımdan ikiqat mutluluq duyuram.


Fürsətdən istifadə edərək qardaş türk xalqına sülh, rifah və xoşbəxtlik arzu edirəm.


İndi isə konfransımızın işçi dili ingilis dili olduğunu nəzərə alaraq, icazənizlə çıxışıma bu dildə davam edirəm.


Türkiyə, Latviya, Makedoniya və Sloveniyanın çox hörmətli birinci xanımları!


Hörmətli cənab Əli Doğramacı!


Hörmətli konfrans iştirakçıları və qonaqlar!


Xanımlar və cənablar!


Əvvəlcə, Sizin hamınızı salamlamaq və bu konfransın təşkilatçısı və təşəbbüskarı cənab Əli Doğramacıya bu cür mühüm beynəlxalq forumda iştirak etmək üçün yaradılmış imkana görə minnətdarlığımı bildirmək istərdim.


Mən, həmçinin bu gün keçirilən foruma verdiyi dəstəyinə və tədbirdə iştirakına görə birinci xanımlara təşəkkürümü bildirmək istəyirəm. Elm, təhsil və mədəniyyət sahələrinə aid müxtəlif humanitar layihələrdəki iştirakınız və sülh, ahəngdarlıq və qarşılıqlı anlaşma naminə ölkələrinizdə apardığınız fəaliyyət bu tədbirə şübhəsiz ki, böyük töhfə olacaqdır.


Hörmətli dostlar, növbəti iki gün ərzində biz burada mədəni irs, xüsusən də musiqi haqqında söhbət açacağıq. Musiqi müxtəlif xalqların və millətlərin, eləcə də bütün dünyanın mədəni zənginliyini təşkil edir. Humanitar və əxlaqi dəyərlərdən ibarət musiqi dialoq üçün nadir və universal vasitədir. Musiqi insan hisslərini, onun vurğunluğunu özündə cəmləşdirən incə və maraqlı daşıyıcıdır. Nəhayət, musiqi gözəllik və kamilliyə doğru insanın göstərdiyi daimi səylərin mücəssəməsidir.


Bu cür müzakirənin məhz burada, bütün ömrünü xeyirxahlıq, humanizm və kamillik kimi ülvi ideyalara həsr etmiş şəxs tərəfindən yaradılmış Bilkənd Universitetində təşkil olunması böyük rəmzi xarakter daşıyır. İhsan bəy görkəmli alim, həkim, maarifçi və xeyriyyəçi olub. Onun fəaliyyəti və nailiyyətləri beynəlxalq ictimaiyyət tərəfindən yüksək dəyərləndirilib. O, bir çox medal və mükafatlarla, o cümlədən Azərbaycan Respublikasının “İstiqlal” və ən ali – “Heydər Əliyev” ordenləri ilə təltif olunub.


İhsan bəy İhsan Doğramacı Ailə Sağlamlığı Fondu adlı beynəlxalq qurumu və ya beynəlxalq münasibətlərdə sülh naminə mükafat kimi təltifləri təsis edib. Uzun illər ərzində İhsan bəy bir sıra nüfuzlu beynəlxalq təşkilatların üzvü və rəhbəri olub. Fransa, Hindistan, Azərbaycan və digər ölkələrdə o, Milli Elmlər Akademiyalarının fəxri üzvü olub.


Azərbaycan İhsan bəyin həyatında özünəməxsus yer tutur. O, ölkəmizin əsl dostu olub və Azərbaycana sevgi ilə yanaşırdı. Azərbaycan xalqı isə öz növbəsində, İhsan Doğramacının xeyirxah və şəfqətli işlərini dəyərləndirir, bu görkəmli şəxsiyyəti rəğbətlə yad edir.


İhsan bəy böyük müdriklik sahibi idi. Onun geniş dünyagörüşü var idi. O, əmin idi ki, müxtəlif dillərdə danışan və fərqli dinlərə mənsub olan, müxtəlif tarixi mədəni köklərə malik insanlar fərqlərin vahid daşıyıcıları kimi birləşməyə qadirdirlər və bir araya gəlməlidirlər. Onlar qlobal etika və humanizm kimi konsepsiyaya əsaslanan aləmi yarada bilərlər.


Hesab edirəm ki, bu gün keçirilən forum eyni ideyalara xidmət edəcəkdir. Beləliklə, bu tədbir həmin müstəsna şəxsiyyətin başladığı böyük işlərin davamı olacaqdır. Bu elm, təhsil və mədəniyyət mərkəzində həmin ənənələri davam etdirən hər bir şəxsə minnətdaram.


Hörmətli iştirakçılar, musiqi dili öz mahiyyəti ilə universal xarakter daşıyır. Onun tərcümə edilməsinə ehtiyac duyulmur və hamı musiqini anlayır. Musiqi hər kəsi emosiya və hisslərdən ibarət aləmə səfərbər edə biləcək bir fenomendir. Musiqi ifaçı ilə auditoriya arasında aparılan söhbətdir. Onun sayəsində insanlar sözlərdən və ya konkret dildən istifadə etmədən, öz hisslərini və təsəvvürünü izhar edir. Bu vasitə insanlara daxildə formalaşan hissləri və ideyaları çatdırmağa imkan yaradır. Musiqi ifaçı və dinləyicilərə rahatlıq gətirir. O, xoşbəxtlik, sülh və ahəngdarlıq gətirə bilər. Musiqi dillərin yardımçı olmadığı məqamda fərqləri aradan qaldırır. Musiqi, həmçinin irsimizin nadir hissəsidir. O, xalqımızın tarixini, dinini, mədəni adət-ənənələrini özündə əks etdirir. Musiqi milli mənsubluğu qoruyub saxlayan genetik koddur.


Ölkəmizin tarixinə nəzər salsaq, görərik ki, Azərbaycan zəngin mədəni irsə malik olan qədim diyardır. Bu, ədəbiyyatımız, xalçalarımız, incəsənətimiz, memarlıq sənəti və musiqimizdə özünü büruzə verir. Azərbaycan 1991-ci idə öz müstəqilliyini bərpa edib, lakin ölkəmiz uzun illər ərzində müxtəlif imperiyaların tərkibində olub. Buna baxmayaraq, biz öz dilimizi, musiqimizi, ənənələrimizi, mədəniyyətimizi və özünəməxsusluğumuzu qoruyub saxlamışıq.


Bu gün biz mədəni irs konsepsiyasının geniş məna daşıdığı kifayət qədər mürəkkəb dünyada yaşayırıq. Hesab edilir ki, qloballaşma təbii qaydada mədəni oxşarlığa aparacaqdır. Bu, o deməkdir ki, qlobal norma və ideyalar milli mədəniyyətlərdən üstün olacaqdır. Əminəm ki, hər bir ölkənin mədəni irsi və adət-ənənələrini nəzərə alaraq, qlobal dünyaya qoşulmaq mümkündür. Uzun illər ərzində malik olduğumuz nadir mədəni irsin hər bir hissəsinin qoruyub saxlanılması ilə biz müasir dünyanın çağırışlarına hazır olmalıyıq və öhdəsindən gəlməliyik. Mədəni köklərimizə sadiq qalmaq üçün hər kəs bu və ya digər mühüm səbəblərə görə müəyyən fərqli məqamları dinləməyi bacarmalıdır. Dünya hər kəsi eyni etməli deyildir. Müxtəliflik bizi yalnız zənginləşdirə bilər. Biz bir-birimizə hörmət və dözümlülüklə yanaşmalıyıq. Bilik anlaşmanı təmin edir.


Zənnimcə, tamamilə aydın olmalıdır ki, bu gün dünyada mövcud olan bir çox problemlərin həllində məhz bu yanaşmadan istifadə etmək lazımdır.


Hörmətli dostlar, nitqimi nikbin fikirlə başa çatdırmaq istərdim. Bildiyiniz kimi, son bir neçə il ərzində Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycanda bir sıra beynəlxalq musiqi festivalları keçirilib. 2009-cu ildə yeni Beynəlxalq Muğam Mərkəzimizdə ilk beynəlxalq muğam festivalı keçirilib. Muğam həvəskarları, ifaçıları, tədqiqatçıları və bir çox ölkələrdən gəlmiş qonaqlar həmin tədbirdə iştirak ediblər. Ən görkəmli həmvətənlərimizdən birinin xatirəsini yad etmək məqsədi ilə Bakıda hər il dekabr ayında Mstislav Rostropoviç festivalı keçirilir. 2010-cu ildə ikinci beynəlxalq musiqi festivalı ən gözəl bölgələrimizdən biri olan Qəbələdə uğurla keçirilib. Bu festivallarda musiqi milliyyəti, cinsi, yaşı və mənşəyindən asılı olmayaraq bütün insanları bir araya gətirdi.


Əminəm ki, qarşıdakı iki gün ərzində Şərqin və Qərbin gözəl musiqisi burada nadir və xüsusi mühit yaradacaqdır. O, qəlblərimizi oxşayacaq, əhval-ruhiyyəmizi qaldıracaq və hisslərimizi oyadacaqdır.


Diqqətinizə görə minnətdaram.