10 may 2010

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 6 illiyi münasibətilə keçirilən mərasim

Mayın 10-da “Buta” sarayında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 6 illiyi münasibətilə təntənəli mərasim keçirilib. Mərasimdə Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva, dövlət və hökumət nümayəndələri, xarici ölkələrdən dəvət olunan qonaqlar iştirak ediblər.


Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mərasimdə çıxış edib.


Mehriban Əliyevanın çıxışı:


- Hörmətli cənab Prezident!


Xanımlar və cənablar!


Hörmətli qonaqlar!


Sizləri bu möhtəşəm sarayda səmimi qəlbdən salamlayıram. Ənənəvi olaraq hər il may ayının 10-da biz dahi şəxsiyyət Heydər Əliyevin doğum gününü qeyd edirik. Heydər Əliyevin həyatı bütövlükdə Azərbaycana, Azərbaycanın inkişafına yönəlmişdir. Səksən il sürən bu şərəfli həyat hər birimizin taleyində silinməz iz qoyub. Prezident Heydər Əliyevin fəaliyyəti nəticəsində biz bu gün müstəqil, gündən-günə güclənən, inkişaf edən, dünya birliyində layiqli yer tutan Azərbaycanda yaşayırıq. Heydər Əliyev nailiyyətləri, Heydər Əliyev qələbələri və zirvələri Azərbaycanın tarixində və Azərbaycan xalqının ürəyində əbədi yaşayacaq və gələcək nəsillər üçün mərdlik, müdriklik və vətənpərvərlik nümunəsi olacaqdır.


Hər bir xalq hər bir tarixi dövrdə öz qəhrəmanlarının sarsılmaz ruhunu, dəmir iradəsini, cəsarət və qətiyyətini yüksək qiymətləndirmişdir. Biz - azərbaycanlılar fəxr edirik ki, xalqımızın Heydər Əliyev kimi qəhrəmanı vardır və onun unudulmaz xatirəsi önündə bu gün bir daha baş əyirik.


Əziz qonaqlar, bu gün Heydər Əliyev Fondunun yaradılmasından 6 il ötür. Fondu yaradarkən biz nə qədər məsuliyyətli işə qədəm qoyduğumuzu çox yaxşı dərk edirdik. İlk gündən əməllərimizlə bu yüksək ada layiq olmağa çalışmışıq. Altı il ərzində Heydər Əliyev Fondu ölkəmizin ictimai-siyasi həyatının bütün sahələrində iştirak edərək, bir çox nailiyyətlər əldə edib. Bu axşam Fondun fəaliyyətindən ətraflı məlumat veriləcək. Mən yalnız onu demək istərdim ki, görülən işlərin nəticəsi bu gün göz qabağındadır. Bu, yüzlərlə yeni inşa olunmuş məktəblər və təmir olunmuş, müasirləşmiş uşaq evləri, internat məktəbləri, uşaq bağçaları və yay düşərgələridir. Bu, yeni tikilmiş tibb müəssisələri, diaqnostika və müalicə mərkəzləridir, müxtəlif xəstəliklərdən əzab çəkən uşaqlar üçün xüsusi tibb müəssisələri və reabilitasiya mərkəzləridir. Bu, Fondun dəstəyi ilə bərpa olunan tarixi və dini abidələr, eyni zamanda, yeni qurulan mədəniyyət ocaqları, muzeylər, mərkəzlər, konsert hollarıdır. Bu, Fondun uğurlu sosial proqramının icra olunması nəticəsində yeni salınan parklar, yollar, çəkilən su, işıq və qaz xətləridir. Bu, Heydər Əliyev Fondu tərəfindən hazırlanmış və Azərbaycanın həqiqətlərini dünyaya çatdırmaq istiqamətində aparılan işlər nəticəsində nəşr olunmuş yüzlərlə kitablar, broşşurlar, foto və videoalbomlardır. Bu, Fondun dəstəyi ilə keçirilən və zəngin mədəni və tarixi irsimizin təbliğinə yönələn beynəlxalq simpoziumlar, festivallar, elmi konfranslardır. Ən əsası, ən vacibi bu, Heydər Əliyev Fondunun səmərəli xeyriyyəçilik fəaliyyətinin nəticəsində yüzlərlə normal sağlam həyata qayıtmış insanlardır.


Bir sözlə, 6 il ərzində Heydər Əliyev Fondu böyük yol keçib və əminəm ki, gələcəkdə bizi daha da böyük işlər gözləyir. Bu gün Heydər Əliyev Fondu həm Azərbaycanda, həm Azərbaycanın hüdudlarından kənarda hörmət, inam və etimad qazanıb. Bu yolda bizi dəstəkləyən, bizə inanan, bizə kömək edən hər bir insana, hər bir təşkilata mən bu gün öz dərin minnətdarlığımı bildirirəm və əminəm ki, Heydər Əliyev Fondu Azərbaycan naminə gələcəkdə yeni nailiyyətlər, yeni qələbələr əldə edəcəkdir.


Əziz qonaqlar, sonda bir daha sizi 9 və 10 may bayramları münasibətilə ürəkdən təbrik edirəm. Ümidvaram ki, bugünkü axşam sizə xoş anlar və duyğular bəxş edəcəkdir. Diqqətinizə görə çox sağ olun.