14 may 2009

Parisdə YUNESKO-nun xoşməramlı səfirlərinin illik toplantısı

Mayın 14-də Parisdə YUNESKO-nun xoşməramlı səfirlərinin illik toplantısı keçirilib. Azərbaycanın birinci xanımı, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva toplantıda iştirak edib.


YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva toplantıda çıxış edib.


Mehriban Əliyevanın çıxışı:


- Hörmətli dostlar!


Ötən il Heydər Əliyev Fondu üçün dinamik və məhsuldar olmuşdur. Mədəniyyət, təhsil və sosial sahələrdə bir sıra böyük layihələr uğurla həyata keçirilmişdir. Bir neçə gün bundan öncə, biz Heydər Əliyev Fondunun beş illiyini qeyd etdik. Bu münasibətlə biz beş il ərzində Fond tərəfindən görülən işləri əks etdirən kitab nəşr etmişik. Kitab Heydər Əliyev Fondunun məqsədlərini açıqlayır və həyata keçirilmiş layihələr haqqında ətraflı məlumat verir. Bu gün həmin kitabın nüsxələri sizə paylanıb, zənnimcə, bizim qeyri-hökumət təşkilatı kimi əldə etdiyimiz nailiyyətlər haqqında məlumatlarla tanış olmaq sizin üçün maraqlı olacaqdır. Təhsil, səhiyyə və mədəniyyət sahələrində son beş il ərzində gördüyümüz işlər Heydər Əliyev Fonduna həm Azərbaycanda, həm də beynəlxalq ictimaiyyət arasında hörmət və ehtiram qazandırmışdır. Təqdirəlayiq haldır ki, Heydər Əliyev Fondu və Azərbaycan Mədəniyyətinin Dostları Fondu YUNESKO kimi nüfuzlu beynəlxalq təşkilatla sıx əməkdaşlıq etmişdir.


Ötən görüşümüzdən sonra həyata keçirdiyimiz bir sıra birgə layihələr haqqında məlumat vermək istərdim. Cənab Matsuuranın qeyd etdiyi kimi, birinci Beynəlxalq Muğam Festivalı Heydər Əliyev Fondunun dəstəyi ilə mart ayında Bakıda keçirilmişdir. Beynəlxalq Muğam Mərkəzi rəsmən açılmışdır. Bu mərkəzin tikintisinə 2005-ci ilin avqust ayında başlanmış və cənab Matsuura təməlqoyma mərasimində iştirak etmişdir. Söz verdiyi kimi, o, mart ayında Beynəlxalq Muğam Festivalının açılışında da iştirak etmişdir. Bakıdakı birinci Beynəlxalq Muğam Festivalı əlamətdar hadisə idi və muğam daha geniş auditoriyaya təqdim edildi. Muğam festivalı 14 ölkədən ifaçıları bir araya gətirdi. Beynəlxalq ictimaiyyətin bu tədbirə böyük marağı onun gözəl perspektivlərə malik olduğuna dəlalət edir. Bu səbəbdən biz festivalı hər iki ildən bir keçirmək qərarına gəldik.


Heydər Əliyev Fondu digər xalqların da mədəni irsinin qorunmasına yardım etməyi arzulayır və böyük məmnuniyyətlə qeyd etmək istəyirəm ki, Afrika dövlətlərinin qeyri-maddi mədəni irsinin qorunması layihəsinə maliyyə yardımı göstərməyə hazırdır. Dörd ay üçün nəzərdə tutulmuş bu layihə Afrika dövlətlərindən 26 mütəxəssisi mədəni irsin qorunması sahəsində formalaşdırmaq məqsədi daşıyır. Onlar Afrika dövləti Benində yerləşən məktəbdə kurslara gedəcəklər. Bu məktəb Afrikanın 6 dövləti üçün mütəxəssislər hazırlamaq məqsədi ilə regional təhsil-tədqiqat mərkəzi kimi 1998-ci ildə yaradılmışdır. Layihənin məqsədi Afrikanın mədəni irsinin qorunması və təşviqi sahəsində bacarıqlı mütəxəssislər hazırlamaqdan ibarətdir. Bundan başqa, layihə Afrika ölkələri arasında bu sahədə əməkdaşlıq və təcrübə mübadiləsinə xidmət edir. Əminəm ki, Heydər Əliyev Fondu onun uğurlu olmasına dəyərli töhfə verəcəkdir.


Hörmətli həmkarlar!


Artıq beş il ərzində YUNESKO-nun xoşməramlı səfiri kimi, fəaliyyətimə əsaslanaraq bildirmək istəyirəm ki, YUNESKO ailəsinin üzvü olmaqdan böyük şərəf hissi duyuram. Eyni zamanda, bildirmək istəyirəm ki, bu illər ərzində sizinlə işləyərək göstərdiyimiz səylər, əldə etdiyimiz nailiyyətlər şəxsi həyatımın və peşə fəaliyyətimin ayrılmaz hissəsinə çevrilmişdir. Burada bacarıqlı, istedadlı və çox yaxşı insanlarla, dostlarla tanış olduğuma görə YUNESKO-ya olduqca minnətdaram. Onlar nə isə etməyə, dəyişməyə və ya kiməsə yardım etməyə, ehtiyacı olanları dinləməyə və köməyə hazır olan şəxslərdir.


Yekun olaraq burada gözəl mühit yaratdığına görə YUNESKO-nun baş direktoru cənab Matsuuraya dərin təşəkkürümü bildirmək istəyirəm. Eyni zamanda, YUNESKO ideallarının, prinsiplərinin həyata keçirilməsində göstərdiyi şəxsi səylərinə görə ona minnətdaram. Hamınızın adından humanizm ideallarına sadiqliyinə görə cənab Matsuuraya təşəkkürümü bildirmək istəyirəm. Sizə gələcəkdə uğurlar və xoşbəxtlik arzulayıram. Diqqətinizə görə minnətdaram.


YUNESKO-nun xoşməramlı səfirləri - İordaniya şahzadəsi xanım Ferial, Litva Prezidenti Valdas Adamkus, Kamerunun birinci xanımı Şantal Biya çıxış edərək öz ölkələrində gördükləri işlər barədə məlumat verdilər, dünyada təhsil, səhiyyə sahələrində problemlərin aradan qaldırılması istiqamətində səylərin artırılmasının vacibliyini vurğuladılar. Xoşməramlı səfirlər dünyanın münaqişələrdən əziyyət çəkən bölgələrində təhsil, səhiyyə və mədəni irsin qorunması ilə bağlı layihələrin həyata keçirilməsi, bu istiqamətdə fəaliyyətin daha da gücləndirilməsi təşəbbüsünə qoşulduqlarını bəyan etmişlər.


YUNESKO-nun xoşməramlı səfiri Marianna Vardinoyannis səhiyyə sahəsində görülən işlərə diqqət çəkdi. O, ölkəsində - Yunanıstanda onkoloji xəstəliklərdən əziyyət çəkən uşaqlar üçün yaradılan şərait və onlara qayğı layihələrindən bəhs etdi. Prezident İlham Əliyevin bu ilin əvvəlində Yunanıstana dövlət səfəri zamanı Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın həmin uşaqları ziyarət etdiyini, onların valideynləri ilə görüşdüyünü diqqətə çatdırdı.


Toplantının sonunda xoşməramlı səfirlər xatirə şəkli çəkdirdilər.


Yeri gəlmişkən qeyd edək ki, YUNESKO-nun nəşrlərində ölkəmiz və Azərbaycanın birinci xanımı, xoşməramlı səfir Mehriban Əliyevanın fəaliyyəti haqqında geniş məlumatlar yer almışdır. YUNESKO-da Azərbaycanla bağlı keçirilən mərasimlər, ölkəmizin zəngin mədəniyyəti, tarixi irsi haqqındakı bu nəşrlərdə böyük Avropa ailəsinin üzvü olan respublikamızda Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyətindən, həyata keçirdiyi layihələrdən və onların əhəmiyyətindən söhbət açılır.


Toplantı başa çatandan sonra YUNESKO-nun baş direktorunun adından xoşməramlı səfirlərin şərəfinə verilən nahar zamanı Koişiro Matsuuranın fəaliyyətindən, onun ölkəmizə səfərlərindən bəhs edən filmin nümayişi oldu. Heydər Əliyev Fondunun təqdim etdiyi filmdə Koişiro Matsuuranın fəaliyyətinin müxtəlif istiqamətlərinə nəzər salınmış, YUNESKO-nun inkişafındakı xidmətləri xüsusi vurğulanmışdır.


Filmin nümayişindən sonra Koişiro Matsuura Mehriban xanım Əliyevaya təşəkkürünü bildirdi.


Mehriban Əliyeva Heydər Əliyev Fondunun hazırladığı filmin diskini Koişiro Matsuuraya hədiyyə etdi.