10 noyabr 2008

Parisdə, YUNESKO-nun iqamətgahında XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, alim və pedaqoq Mir Cəlal Paşayevin 100 illiyinə həsr olunmuş mərasim

Noyabrın 10-da Parisdə, YUNESKO-nun iqamətgahında XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, alim və pedaqoq Mir Cəlal Paşayevin 100 illiyinə həsr olunmuş mərasim keçirilib. Mərasimdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iştirak edib.


Birinci xanım Mehriban Əliyeva mərasimdə çıxış edib.


Mehriban Əliyevanın çıxışı:


- Cənab baş direktor!


Xanımlar və cənablar!


Hörmətli qonaqlar!


Mən sizin hamınızı salamlayır, dəvətimizi qəbul edib, bu axşam bizimlə olduğunuza görə minnətdarlığımı bildirirəm.


Mən dostlarım və həmkarlarım arasında olmağımdan son dərəcə məmnunam. Eyni zamanda, dünyada təhsil, elm və mədəniyyətin qorunması və inkişafı sahəsində yorulmaz fəaliyyət göstərən YUNESKO-nun bütün işçilərinə dərin təşəkkürümü bildirirəm. YUNESKO xalqlar arasında ünsiyyəti qoruyub saxlamaq, bir-biri ilə tanış olmaq, biliklərlə bölüşmək və dünyanın mədəni müxtəlifliyini dəyərləndirmək üçün ən ali platformadır.


Mən YUNESKO-nun baş direktoru cənab Koişiro Matsuuranı xüsusi salamlamaq, YUNESKO-nun ideallarına verdiyi dəstəyinə və davamlı işinə görə ona təşəkkürümü bildirmək istəyirəm.


Bu ilin yayında YUNESKO və Azərbaycan yüksək səviyyəli iki konfrans keçirmişdir. Cənab baş direktor müasir dünyada savadlılıq və hamı üçün təhsil mövzularına həsr olunmuş regional konfransda iştirak etmişdir. Eyni zamanda, ölkəmizdə keçirdiyimiz sivilizasiyalararası və mədəniyyətlərarası dialoqda qadınların rolu mövzusunda konfransa verdiyi dəstəyə görə cənab Matsuuraya və YUNESKO-ya minnətdarlığımızı bildirirəm. Mən gələcəkdə uğurlu əməkdaşlığı davam etdirməyi ürəkdən arzulayıram.


Əziz dostlar,


Mədəni irs hər bir xalqın qüruru və fəxridir. Mədəni irsin qorunub saxlanaraq, bir nəsildən digər nəslə ötürülməsində vacib olan bir çox amillər arasında əsas rolu ədəbiyyat və dil oynayır. Eyni zamanda, dil və ədəbiyyat müstəqil dövlətin qurulmasında çox vacib meyarlardır. Ölkəmizin tarixinə nəzər salsaq görərik ki, mühüm geosiyasi məkanda yerləşən Azərbaycan əsrlər boyu müxtəlif imperiyaların tərkibində yaşamışdır. Ancaq bütün çətinliklərə baxmayaraq, biz öz mədəniyyətimizi, dilimizi, ədəbiyyatımızı, adət-ənənələrimizi və milli dəyərlərimizi qoruyub saxlaya bildik. Bu, milli özünəməxsusluğumuzun itirilməsinin qarşısını aldı. Biz onu qoruyub saxladıq və güclü müstəqil dövlətə çevrildik.


Bu baxımdan, bütün həyatını ədəbiyyata və dilə həsr etmiş şəxslər bizim üçün hədsiz dərəcədə dəyərlidir. Bu gün biz məşhur Azərbaycan yazıçısı, alim və müəllim Mir Cəlal Paşayevin anadan olmasının 100-cü ildönümünü qeyd edirik. İstedadlı qələm ustası olan Mir Cəlal Paşayev Azərbaycanın ədəbiyyat xəzinəsini öz romanları və hekayələri ilə daha da zənginləşdirmişdir. Həyatı boyu ədəbiyyatımızı tədqiq edən alim kimi, Azərbaycan ədəbiyyatı nəzəriyyəsini yaratmış və bu, onun müəyyən etdiyi qaydalar və prinsiplər əsasında inkişaf etmiş və bu günə qədər də inkişaf etməkdədir. Görkəmli müəllim və maarifçi kimi Mir Cəlal Paşayev vurğulayırdı ki, dil və ədəbiyyat nəinki tarix və mədəniyyətin bir hissəsidir, o cümlədən bunlar hər bir insanın ürəyində və qəlbindədir. Bu şəxsiyyətin çoxşaxəliliyini sözlərlə təsvir etmək çətindir, çünki o, özündə yazıçı istedadını, alimin intellektual səviyyəsini və müəllim həssaslığını cəmləşdirirdi.


Mir Cəlal öz kitablarında həyatı təsvir və tədqiq edərdi. O, hər zaman həyatın mənasını tədqiq etməyə çalışardı. Altı romandan başqa, o, Azərbaycanın XX əsr ədəbiyyatının parlaq nümunələri sayılan 300-ə yaxın hekayə yazmışdır. Hekayələri onun yaşadığı dövrə aid şəxsi təəssüratları və yaratdığı obrazları ilə seçilir. Onun qəhrəmanları bədiiliklə, inandırıcı şəkildə təsvir olunur, yadda qalır. Yaddaşdan silinməyən yumor onun bir çox əsərlərində öz əksini tapır.


Həmin dövrdə ədəbiyyat qəhrəmanlarının kommunizm qurulmasına xidmət etməsi məcburi idi və yalnız əsl ədəbiyyat inciləri zamanın sınaqlarından çıxmışdır. Mir Cəlal həyatının bir çox illərini dahi şair Məhəmməd Füzulinin əsərlərinin tədqiqinə həsr etmişdir. O, Məhəmməd Füzulinin əsərlərinin elmi-nəzəri təfsilatını verən ilk alim olmuşdur.


Füzulişünaslıq adlanan elmi sahə ilk dəfə Mir Cəlalın elmi işlərində əksini tapmışdır. Kəşməkəşli 1930-40-cı illərdə, kommunist ideologiyasının möhkəmləndirilməsinə yönəlmiş tədqiqatların dəbdə olduğu bir vaxtda, Mir Cəlal çox sevilən həmin romantik şairin əsərlərini araşdırırdı.


Artıq qeyd etdiyim kimi, Mir Cəlal əla müəllim keyfiyyətlərinə malik idi. O, gənclərə inanırdı. Onun tələbələrinin bir çoxu gələcəkdə alim və yazıçı olmuşdur. O, hər bir gəncə qayğı və hörmətlə yanaşaraq, onun yaradıcı potensialını inkişaf etdirməyə çalışırdı. Mir Cəlal onlara öz gücünü sınamasında dəstək verirdi və hesab edirdi ki, insanı ruhlandırmaq və şəxsi gücünə əsaslandırmağa inandırmaq onun inkişafında ən münasib yoldur.


O, bir çox hallarda öz tələbələrinə deyərdi: “Siz ən yaxşı tələbəsiniz, hər işdə uğur qazanacaqsınız.” O, haqlı idi, bu gün onun bir çox tələbələri Azərbaycan cəmiyyətinin elmi və intellektual potensialını təmsil edirlər.


Mir Cəlal yüksək mənəvi keyfiyyətlərə və dərin ləyaqət hissinə malik olan səmimi insan idi. Bu görkəmli şəxsiyyətin ətrafında olanlar hər zaman onunla maraqlı söhbətlər aparırdılar. Fitri istedadı və əsl humanistliyi ona həyatında üzləşdiyi çətinlikləri və maneələri dəf etmək və bir çox insanlara dəstək olmaq imkanı yaradırdı. O, elə bir alov deyildi ki, digərlərini kölgədə qoysun. Əksinə, Mir Cəlal hər zaman yol göstərməyə və yardımçı olmağa çalışırdı. Bu şəxsiyyət Azərbaycan tarixi və mədəniyyətinin ən görkəmli simalarından biri idi.


Bu gün mən onun ailə üzvü, nəvəsi kimi həmin böyük insanı burada, belə bir nüfuzlu təşkilatda təmsil etməkdən böyük şərəf hissi duyuram.

 

Onu da qeyd etmək istəyirəm ki, təqribən yarım əsr bundan əvvəl, 1960-cı ildə Mir Cəlal Azərbaycanın intellektual dairələrindən ibarət ilk nümayəndə heyəti tərkibində Fransaya səfər etmiş və təəssüratlarını “Fransaya aparan yollarda” adlı yazısında təsvir etmişdir. O, Parisin tarixi və memarlıq abidələri, Fransanın böyük mədəni irsi barədə yazmışdır. Mir Cəlal YUNESKO-nun yenicə tikilmiş binasını xüsusi qeyd etmişdir. Binanı şəhərə yeni üslub gətirən bir abidə kimi qələmə almışdır. Məhz bu gün biz elə həmin binada onun yubileyini qeyd edirik.


Son dərəcə təvazökar insan olan Mir Cəlal heç vaxt şöhrət və fəxri adlar haqqında düşünmürdü. O, tez-tez təkrarlayardı: “Mənim yazılarım və tələbələrim var. Bu, mənim üçün kifayətdir!”. Bu gün isə biz əlavə edə bilərik: o, Azərbaycan xalqının böyük hörmətini qazanmışdır və onun əbədi xatirəsindədir.


Əziz dostlar, mən yekun olaraq, YUNESKO-nun rəhbərliyinə bir daha dərin minnətdarlığımı bildirmək istəyirəm. Həmişə burada olduqda mən çox səmimi qonaqpərvərliyi hiss edir, YUNESKO ailəsinin çox mehriban mühitinin şahidi oluram. Buna görə çox minnətdaram.


Mən bir daha bütün iştirakçılara və tədbirin təşkilatçılarına təşəkkürümü bildirir, sizə xoşbəxtlik və rifah arzulayıram.


Sağ olun.