3 sentyabr 2008

Olimpiya oyunlarında medal qazanmış Azərbaycan idmançılarına Heydər Əliyev Fondunun aylıq təqaüdlərinin və diplomlarının təqdimetmə mərasimi

Müxtəlif vaxtlarda keçirilmiş Barselona, Atlanta, Sidney, Afina, Pekin Yay Olimpiya oyunlarında medal qazanmış idmançılar sentyabrın 2-də Heydər Əliyev Fondunda olublar.


Olimpiya oyunlarında medal qazanmış Azərbaycan idmançıları Heydər Əliyev Fondunun aylıq təqaüdlərinə və diplomlarına layiq görülüblər.


Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva görüşdə çıxış edib.


Mehriban Əliyevanın çıxışı:


- Hörmətli idmançılar!


Mən, ilk növbədə, sizi Heydər Əliyev Fondunda salamlayıram. Sizin hər birinizi burada görməyə çox şadam və Pekin Yay Olimpiya oyunlarında çox uğurlu çıxışınız münasibətilə, medallar əldə etməyiniz münasibətilə ürəkdən təbrik edirəm.


Demək olar ki, bu Olimpiya oyunları ölkəmiz üçün çox uğurlu oldu. Yığma komandamız çox gözəl nəticələr göstərdi. Himnimiz səsləndi, bayrağımız ucaldı, idmançılarımız fəxri kürsüyə qalxdılar. Mən heç şübhə etmirəm ki, bu anlarda hər bir azərbaycanlı çox böyük qürur, sevinc hissi keçirirdi. Heç kim üçün sirr deyil ki, Olimpiya oyunlarında zəif idmançı iştirak etmir. Dünyanın ən güclü idmançıları bu yarışlarda iştirak edir və əlbəttə, belə olan halda bütün yarışlar çox ciddi rəqabət şəraitində keçir. Belə şəraitdə qələbə qazanmaq üçün çox yaxşı fiziki hazırlıq və bacarıq lazımdır. Bununla yanaşı, böyük mənəvi qüvvə də lazımdır.


Mən çox şadam ki, Azərbaycan idmançıları bütün dünyaya həm fiziki, həm mənəvi qüvvələrini nümayiş etdirdilər və ölkəmizi çox ləyaqətlə təmsil etdilər. Buna görə bir daha mən sizi ürəkdən təbrik edirəm. Əminəm ki, qarşıda sizin hələ çox-çox qələbələriniz olacaqdır.


Siz yəqin yaxşı bilirsiniz ki, son on ildə dövlət ölkəmizdə idmanın inkişafına böyük diqqət və qayğı göstərir. Dövlət başçısı şəxsən bu sahəyə çox böyük diqqət yetirir və demək olar ki, idmanın inkişafı Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biridir.


Mən sizin diqqətinizə çatdırmaq istəyirəm ki, biz Pekində olarkən bir çox yarışları seyr edirdik. Orada dünyanın müxtəlif ölkələrinin idman ictimaiyyətinin nümayəndələri bizimlə ünsiyyətdə olurdu və demək olar ki, hər biri Azərbaycanda idmana göstərilən diqqətdən danışırdı. Onlar həm də Azərbaycanda idmanın inkişafından danışır və deyirdilər ki, bu gün Azərbaycan dünyanın bir çox ölkəsi üçün nümunə olmalıdır. Bu, əlbəttə bizi çox şad edirdi. Çünki bunu həm ərazisi, həm də əhalisi Azərbaycandan qat-qat çox olan ölkələrin nümayəndələri də vurğulayırdılar.


Ona görə də bugünkü nəticələr belə yüksəkdir. Biz əgər baxsaq, Sidney Olimpiadasından başlayaraq, hər Yay Olimpiya oyunlarında bizim uğurlarımız daha yüksəkdir, medallarımız daha çoxdur. Ümidvaram ki, gələcəkdə bundan da böyük nailiyyətlər əldə edəcəyik.


Artıq bir həftədən çoxdur ki, Olimpiya oyunları sona çatıbdır. Amma yəqin siz də, biz də - hamımız hələ də o hisslərlə yaşayırıq, o anları yadımıza salırıq. Bir demək istəyirəm, çox şadıq ki, Azərbaycanın belə idmançıları var.


Siz qələbələrinizə, medal qazanmağınıza görə həm dövlət tərəfindən, həm də Milli Olimpiya Komitəsi tərəfindən mükafatlandırılmısınız. Yəqin ki, bir sıra özəl şirkətlər, təşkilatlar, sponsorlar da sizə öz mükafatlarını çatdıracaqlar.


Biz Heydər Əliyev Fondu olaraq belə qərara almışıq ki, Olimpiya oyunlarında iştirak edib medal qazanan hər bir idmançıya Heydər Əliyev Fondunun təqaüdçüsü adını verək və hər ay pulla mükafatlandıraq. Bu, təkcə Pekin Yay Olimpiya oyunlarında medal qazanan idmançılara aid deyildir. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra bütün Olimpiya oyunlarında iştirak edən və medal qazanan idmançılar Heydər Əliyev Fondunun təqaüdçüsü elan olunur. Mən sizi bu münasibətlə də ürəkdən təbrik edirəm.


Yəqin ki, Heydər Əliyev Fondu haqqında sizin kifayət qədər bilginiz var. Bizim fond 2004-cü ildən fəaliyyət göstərir və əsas məqsədi Azərbaycan xalqının ən layiqli və ən böyük övladlarından biri olan Heydər Əliyevin irsini qoruyub saxlamaq və gələcək nəsillərə çatdırmaqdan ibarətdir. Biz fəaliyyətimizə başladığımız ilk gündən konkret layihələr həyata keçiririk, konkret işlər görürük. Fondun fəaliyyəti çoxşaxəlidir - mədəniyyət, təhsil, elm, ətraf mühitin qorunması, sosial problemlərin həlli və sair.


Yəqin bilirsiniz ki, bu son 2-3 il ərzində Fondun dəstəyi ilə ölkəmizdə 200-dən çox yeni məktəb tikilib, müasir avadanlıqla təchiz edilmişdir. Otuzdan çox uşaq evləri və internat məktəbləri əsaslı təmir olunubdur. Bir sıra mədəni və tarixi abidələr bərpa olunur və sair.


Əlbəttə, bizim fəaliyyətimizin əsas istiqamətlərindən biri də istedadlı gəncləri dəstəkləməkdir. Bu baxımdan da biz belə bir qərar qəbul etmişik ki, bu gündən etibarən siz hamınız Heydər Əliyev Fondunun təqaüdçüsü elan olunursunuz. Mən bir daha sizi təbrik etmək istəyirəm və sizə gələcəkdə çoxlu uğurlar arzu edirəm.