11 iyun 2008

“Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda beynəlxalq forum

İyunun 10-da Bakıdakı “Gülüstan” sarayında “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda beynəlxalq forum işə başlayıb.


Heydər Əliyev Fondunun təşəbbüsü, YUNESKO-nun və İSESKO-nun dəstəyi ilə keçirilən forumda dünyanın müxtəlif ölkələrindən 300-dən çox nümayəndə, o cümlədən bir neçə ölkənin birinci xanımları, İSESKO-nun baş direktoru, YUNESKO-nun xoşməramlı səfirləri iştirak ediblər.


Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva forumda çıxış edib.


Mehriban Əliyevanın çıxışı:


- Hörmətli xanımlar və cənablar!


İcazə verin, bir daha hörmətli qonaqlarımızı salamlayım. Sivilizasiyaların və mədəniyyətlərin dialoqu kimi çox aktual bir problemi qadınların gözü ilə nəzərdən keçirmək və müzakirə etmək üçün dəvətimizi qəbul etmiş hər kəsi burada görməyə çox şadıq.


Heydər Əliyev Fondu ilk dəfə deyil ki, bu mövzuya müraciət edir. Lakin ilk dəfədir ki, demək olar, bütün qitələrin nümayəndələri belə nüfuzlu, yüksək səviyyəli forumda iştirak etmək üçün Bakıya toplaşıblar. Bizimlə burada olduğunuza görə bir daha sizə minnətdarlığımı bildirirəm.


Bu gün bəşəriyyət planetar miqyaslı təhlükələrlə üz-üzə dayanmışdır. Ekoloji fəlakətlər, qlobal iqlim dəyişikliyi, təbii sərvətlərin, həmçinin enerji ehtiyatlarının tükənməsi, qloballaşma problemi, əhalinin sağlamlığı, qidalanması və rifahı məsələləri bizi düşünməyə vadar edir. Müasir inkişafın reallığından kənar sivilizasiyalararası dialoqdan danışmaq, təbii ki, mümkün deyil. Dialoq haqqında danışarkən biz istər-istəməz inkişaf və gerilik, məşğulluq və işsizlik, təhsil və savadsızlıq problemlərinə də toxunuruq.


Düşünürəm ki, müasir dünyanın çağırışları millətlərin qarşılıqlı anlaşmasına həm kömək edir, həm də çətinlik yaradır. Bu gün qarşılaşdığımız qlobal problemlərin mənbəyinin və səbəblərinin təhlili hazırda dünyanın elmi, siyasi və ictimai fikrinin diqqət mərkəzindədir. Şübhə yoxdur ki, alimlərin və ictimai xadimlərin hələ bir neçə nəsli bu problemlərlə məşğul olacaq və bu suallara cavab axtaracaqdır.


Bir şey tamamilə aydındır: bu gün biz keçən əsrin bir çox illüziyalarından uzaqlaşmışıq. Tarix özü və hadisələrin gedişi doqmatik teoriyaları kökündən silkələmişdir. Belə ki, güclü texniki və texnoloji inkişaf tərəqqiyə və kamilliyə xidmət etməklə yanaşı, bəşəriyyətə indiyədək məlum olmayan, tamamilə yeni çağırış və təhlükələr yaratmışdır. Bu, ekoloji və texnogen faciələr, qlobal istiləşmə problemi, enerji təhlükəsizliyi və sairədir.


Gəlin, detallarına, incəliklərinə varmadan yaşadığımız bugünkü dünyaya, reallığa nəzər salaq. Görəsən, sivilizasiyalara, xalqlara və ayrı-ayrı insanlara bir-birini eşitməyə, anlamağa nə mane olur və nə kömək ola bilər? Bu baxımdan, ilk öncə, sizin diqqətinizi belə bir məqama yönəltmək istərdim: biz mədəniyyətlərin və sivilizasiyaların dialoqu haqqında ayrı-ayrı dillərdə danışırıq. Burada “ayrı-ayrı dillər” dedikdə, müxtəlif xarici dilləri nəzərdə tutmuram. Dialoqdan həm alimlər, həm siyasətçilər, həm də ictimai və mədəniyyət xadimləri söz açırlar. Biz sivilizasiyaların dialoqu və ya qarşıdurması ilə bağlı müxtəlif siyasi və elmi doktrinaları müzakirə edirik. Lakin siyasətdən uzaq, adi insanlar bir yana, çox vaxt peşəkarlar belə məsələdə bir-birini anlamaqda, müəyyən konsensusa gəlməkdə çətinlik çəkirlər.


Danılmaz faktdır ki, bu gün dini mənsubiyyətindən və milliyyətindən, siyasi fəallığından və savadlılığından, mədəni inkişafından və rifah səviyyəsindən asılı olmayaraq, hər bir insan bu və ya digər dərəcədə bu məsələ ilə maraqlanır. Hər bir insan istər-istəməz özünə sadə bir sual verir: “Biz hara gedirik? Bizi nə gözləyir?”


Bizim forum bu problemə xüsusi bir prizmadan baxmaq məqsədini güdür. Bu, problemə qadın yanaşması və qadın baxışıdır. Belə hesab edirəm ki, həmin yanaşmanın ən üstün cəhəti ondan ibarətdir ki, o, hamını birləşdirə bilər və hər kəs üçün aydın ola bilər. Səbəbi isə çox sadədir. Axı bu mövqe qadının varlığının mahiyyətini təşkil edən məhəbbətə əsaslanır. Bu, öz övladına, öz yaxınlarına, yer üzündə hər bir varlığa və Tanrıya olan sevgidir. Qadın həyatını ümumən məhəbbətsiz təsəvvür etmək mümkün deyil. Qatı nifrətin, ksenofobiyanın, irqi və dini dözümsüzlüyün qarşısını məhz belə bir sevgi ala bilər.


Mən sizin diqqətinizə bir neçə statistik məlumatı çatdırmaq istərdim. Yalnız keçən il ərzində İraqda gedən hərbi əməliyyatlar nəticəsində 25 min dinc əhali həlak olmuşdur. Fələstin-İsrail qarşıdurması neçə-neçə qadın və uşağın həyatına son qoyur. Ölkəmizdə baş vermiş Xocalı faciəsi zamanı bir gecə ərzində qadın, uşaq və qocalar daxil olmaqla 600-dən çox mülki şəxs qətlə yetirilmiş, 1200 nəfərdən artıq insan isə yaralanmışdır. Ekspertlərin rəyinə görə, zəruri tədbirlər görülməsə, XXI əsrdə müxtəlif konfliktlər nəticəsində 150 milyondan artıq qadın və uşağın həlak olacağı gözlənilir. Bu, quru statistik rəqəmlərdir və zənnimcə, ən dəhşətlisi odur ki, biz artıq bu faktları dinləməyə, eşitməyə, görməyə alışmışıq. Biz bunları haradasa, kiminsə başına gələn hadisə kimi qəbul edirik. İndi isə konkret bir misal çəkmək istərdim.


Təsəvvür edin ki, hansısa bir qadın öz uşağını qucaqlayıb öpərək onu dostları ilə oynamaq üçün həyətə yola salır. Beş dəqiqə sonra onun mina ilə parçalanmış cansız bədəni üzərində göz yaşlarını axıdır. İnanmıram ki, yer üzündə bu faciəyə laqeyd qalan bir insan tapılar.


Sivilizasiyaların dialoqu problemini hansısa abstrakt bir problem kimi müzakirə etməyin vaxtı artıq çoxdan keçibdir. Aydın təsəvvür etmək lazımdır ki, bu problemin arxasında minlərlə insanın taleyi və həyatı dayanır. Sözsüz ki, ilk növbədə, burada ikili standartlar və yanlış stereotiplər siyasətindən uzaqlaşmaq lazımdır. Eyni zamanda, ümumbəşər sivilizasiyasından danışarkən onun yalnız seçilmiş xalqlar tərəfindən yaradıldığı haqqında düşüncələrə də yol vermək olmaz.


Cəmiyyətdə iqtisadi dəyərlərə meyli gücləndirən və altruizmi zəiflədən qüvvələr hər zaman mövcud olmuşdur. Bugünkü inkişaf mərhələsində bəşəriyyət daha çox mənəvi dirçəlişə təkan verən yeni ideyalara ehtiyac duyur.


Azərbaycan Böyük İpək Yolu üzərində yerləşən ölkə kimi tarix boyu yüksək tolerantlıq mühitini yaşatmışdır. Bu, həm mədəniyyətimizdə, həm də cəmiyyətimizdə dərin iz qoymuşdur. İndi də bizim cəmiyyətdə belə bir tolerantlıq abı-havası hökm sürür. Bakı unikal şəhərdir. Artıq uzun müddətdir ki, burada müsəlman məscidi və atəşpərəst məbədi, katolik kilsəsi və sinaqoq, pravoslav məbədi və kirxa yanaşı mövcuddur. Onların coğrafi yaxınlığı faktı belə, yüksək tolerantlıq şəraitində birgə fəaliyyətin mümkünlüyünü nümayiş etdirir və hər bir dinin əsas dəyərlərinin ümumbəşəri dəyərlərlə üst-üstə düşdüyünü təsdiq edir. Bu, təkcə tarixin ayrı-ayrı məqamları deyil. Bu il biz yeni katolik məbədi açmışıq. Tarixi əhəmiyyət daşıyan məscid və kilsələrin bərpası ilə yanaşı, yenilərini də tikirik.


Kiçik bir faktı sizin diqqətinizə yetirmək istərdim. Bakıda məşhur pravoslav kafedral kilsəsi bir zamanlar Azərbaycanın neft milyonçusu Hacı Zeynalabdin Tağıyevin ianələri hesabına inşa edilmişdi. Bir neçə il bundan öncə isə həmin kilsə başqa bir azərbaycanlı iş adamının vəsaiti hesabına bərpa olunmuşdur. Bakını Roma Papası II İoann Pavel, Moskvanın və bütün Rusiyanın patriarxı II Aleksi də ziyarət ediblər. Burada İslam Konfransı Təşkilatına üzv olan ölkələrin bir çox müxtəlif tədbirləri keçirilir. Bu, bir daha sadə bir həqiqəti təsdiq edir.


Bütün dünya dinlərinin bir məqsədi, bir məramı var. Biz Tanrıya müxtəlif cür müraciət edə bilərik, ona müxtəlif dillərdə dua edə bilərik, onun şəninə müxtəlif məbədlər ucalda bilərik. Mahiyyət dəyişməz olaraq qalır. Bizim hamımızın bir Tanrımız var və bu nə qədər də sadə səslənməsə, hər bir dinin əsasını təşkil edən dəyərlər ümumbəşəri dəyərlərlə eynidir. Bu, insanları birləşdirən və barışdıran dəyərlərdir. Belə olduğu halda dindən qarşıdurmaların və münaqişələrin yaradılması üçün istifadə olunması dözülməzdir.


Müasir cəmiyyətdə qadın mövqeyindən söhbət açarkən, qeyd etmək lazımdır ki, bu sahədə hər bir ölkənin öz inkişaf yolu, öz konkret xüsusiyyətləri var. Bu gün Azərbaycan cəmiyyətində qadının tutduğu mövqe ilə haqlı olaraq fəxr edirik.


Şərqdə ilk demokratik respublika olan Azərbaycan 1918-ci il İstiqlal Bəyannaməsi ilə qadınlara seçmək və seçilmək hüququ verdi. Xatırladaq ki, bu hüququ Azərbaycan qadınları Avropanın bir neçə ölkəsinin sakinlərindən daha tez almışlar. XX əsrin əvvəllərində təhsil almaq imkanı əldə edən azərbaycanlı qadınlar yalnız orta təhsildə deyil, həm də ali təhsildə gender bərabərliyinə nail oldular.


Bu gün qadınlarımız idarəetmə, hüquq və məhkəmə sistemində təmsil olunur, ölkənin ictimai və siyasi həyatında fəal iştirak edirlər. Onlar ölkə üzrə məktəb müəllimlərinin 71, həkimlərin 61, elmi işçilərin isə 50 faizini təşkil edirlər. Bu yolu Azərbaycan qadını 90 il ərzində keçmişdir. Bütün bunlarla yanaşı, Azərbaycan qadını ailə dəyərlərinin qorunub saxlanması kimi mühüm bir sahədə də öz layiqli töhfəsini vermişdir. Şərq ilə Qərb dəyərlərini özündə birləşdirən Azərbaycan, beləliklə, gender məsələsində də nümunə ola bilər.


Biz qadınları, adətən, iki model ilə üz-üzə qoyurlar. Belə hesab olunur ki, Şərq qadını daha çox ailəyə bağlıdır, Qərb qadını isə cəmiyyətdə yüksək mövqe axtarır. Reallıq isə iki mövqedən də çox-çox uzaqdır. Mən elə hesab edirəm ki, həm Şərq qadını, həm Qərb qadını tarix boyu elə nailiyyətlər əldə edib ki, onlardan biz hamımız faydalana bilərik. Bu yanlış stereotipdən bu məsələdə uzaq olsaq, bu, həm Şərqə, həm də Qərbə kömək edə bilər.


Dünyada bir çox qadın təşkilatları mövcuddur. Onlar bir çox problemləri həll edir, bir sıra aksiyalar həyata keçirir və qadının cəmiyyətdə mövqeyini yaxşılaşdırmağa çalışırlar. Demək olar ki, onlar bir çox nailiyyətlər əldə ediblər. Bu gün, fikrimcə, feminizm mədəniyyətlərin və sivilizasiyaların dialoqunun təşkilində əsas yükü öz üzərinə götürməlidir. Mən dünyanın nüfuzlu, böyük təcrübəyə malik olan qadın təşkilatlarını bu sahədə daha fəal olmağa çağırıram.


Bu forumun mənə verdiyi fürsətdən istifadə edərək, bizim dəvətimizi qəbul edib konfransa gəlmiş bütün birinci xanımlara şəxsən müraciət etmək istərdim.


Adətən hər bir ölkənin birinci xanımı öz ölkəsində elmə, mədəniyyətə və təhsilə diqqət yetirir. Birinci xanımların sosial problemlərin həllində göstərdiyi fəallıq bəllidir. Əminəm ki, sizin hər biriniz öz ölkənizdə çoxsaylı layihə həyata keçirir, müxtəlif humanitar təşəbbüslər üçün xeyli güc və enerji sərf edirsiniz. Düşünürəm ki, əgər birinci xanımlar sivilizasiyaların dialoquna dəstək versələr, bu, bir çox müsbət dəyişikliklərə gətirib çıxarar və dialoq probleminin özünü yeni müstəviyə keçirəcəkdir. Ümidvaram ki, Bakı forumu gələcəkdə ənənəvi şəkil almaqla, sivilizasiyaların faydalı dialoqunun formalaşmasına dair hər birimizin öz ideya və məqsədlərimizi həyata keçirmək üçün imkan yarada bilər.


Sonda daha bir aktual problemi sizin diqqətinizə çatdırmaq istərdim. Bu gün insanlar bəzən manipulyasiya obyektinə çevrilir, real hadisələri xəbər reportajlarında təqdim olunduğu kimi qəbul edir. Stereotiplər televiziya ekranlarından, mətbuat səhifələrindən bizim düşüncəmizə təsir edir.


Bu konfransın tribunasından jurnalistlərə, xüsusən qadın jurnalistlərə müraciət etmək istəyirəm. Bu gün dünyada baş verən real hadisələr və bu hadisələrin kütləvi informasiya vasitələrində əksi jurnalistin, televiziya kanalının mövqeyindən və ya hansısa konkret siyasi sifarişdən asılıdır. Hər bir jurnalist ictimai fikirdə hər hansı mənfi obrazların yaradılmasının nə ilə nəticələndiyini çox yaxşı dərk etməlidir. İnsanların dinindən, dilindən və milliyyətindən asılı olmayaraq, onların dini və ya milliyyəti ilə bağlı hisslərini təhqir edən karikatura, məqalə və ya videomaterialın işıq üzü görməsi dözülməz bir haldır. Bu, nə ümumbəşəri əxlaqi dəyərlər sisteminə, nə də jurnalist etikasına uyğun gəlir.


Əziz dostlar!


Əziz qonaqlar!


Qadının gücü, güc mənbəyi ilk baxışdan çox sadə görünən xeyirxahlıq, sevgi və mərhəmət kimi əbədi duyğulardadır. Bu gücün, bu qüvvənin qüdrətini və təsir dairəsini nəzərə almamaq mümkün deyil. Belə bir qüdrətli amilin mədəniyyətlər və sivilizasiyalararası dialoqa layiqli töhfə verməsi bizim özümüzdən asılıdır.


Diqqətinizə görə çox sağ olun.