14 may 2008

YUNESKO-nun “Avropada subregional çərçivədə savadlılıq problemlərinə baxış: tərəfdaşlıq əlaqələrinin qurulması və innovativ yanaşmaların tətbiqinə dəstək” mövzusunda konfransı

Mayın 14-də Bakıda, “Gülüstan” sarayında Dünyada Savadlılığın Dəstəklənməsi üzrə YUNESKO-nun Regional Konfransları silsiləsindən “Avropada subregional çərçivədə savadlılıq problemlərinə baxış: tərəfdaşlıq əlaqələrinin qurulması və innovativ yanaşmaların tətbiqinə dəstək” mövzusunda konfransı başlayıb.


Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva açılış mərasimində çıxış edib.


Mehriban Əliyevanın çıxışı:


- Cənab YUNESKO-nun baş direktoru!


Əlahəzrətlər!


Zati-aliləri!


Xanımlar və cənablar!


Mən Avropada savadlılığın dəstəklənməsi mövzusunda YUNESKO-nun regional konfransının bütün iştirakçılarını və qonaqlarını səmimiyyətlə salamlayıram. Hamıya “Azərbaycana xoş gəlmisiniz deyirəm!”


YUNESKO-nun təhsilin inkişafı sahəsindəki fəaliyyəti bütün dünyada yüksək dəyərləndirilir. Mən bu fürsətdən istifadə edərək, YUNESKO-nun baş direktoru cənab Koişiro Matsuuraya elm, təhsil və mədəniyyətə dəstək sahəsində yorulmaz və hərtərəfli fəaliyyətinə və ölkələr arasında əməkdaşlığın qurulmasında göstərdiyi xidmətlərə görə minnətdarlığımı bildirmək istəyirəm.


Eyni zamanda, mən məmnunluqla burada xüsusi qonaqlarımızı - Əlahəzrət Hollandiya şahzadəsi xanım Laurentieni, Əlahəzrət şahzadə Ferialı və YUNESKO-nun xoşməramlı səfiri, Zati-aliləri xanım Viqdos Finnboqadottiri salamlayıram. Bu konfransı fəal şəkildə dəstəklədiklərinə və bu gün bizimlə olduqlarına görə onlara xüsusi təşəkkürümü bildirirəm.


Bu gün biz 30-dan artıq Avropa ölkəsindən gəlmiş milli təhsil sistemlərinin rəhbərləri və rəsmiləri, eləcə də tanınmış ekspertlər və bir çox nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri ilə görüşməkdən məmnunuq.


Bakı konfransı qlobal savadlılığın dəstəklənməsinə yönəlmiş regional və subregional YUNESKO konfranslarının davamıdır. Bu, milli, regional və beynəlxalq səviyyələrdə savadlılığın təşviq edilməsinə yönəlmiş birgə səylərin bir hissəsidir.


Hazırda YUNESKO hər bir ölkənin xalqı üçün təhsilə açıq və bərabər çıxışın təmin edilməsindən ötrü resursları səfərbər edir. Yüksək keyfiyyətli təhsilə çıxışın təmin edilməsi və savadsızlığın aradan qaldırılması məsələlərinə xüsusi diqqət yetirilir.


Avropa ölkələrində təhsilin sonrakı inkişafı üçün hazırkı forumun əhəmiyyətini qeyd etməmək mümkün deyildir. Bu tədbir qitəmizdə savadsızlığa aid problemlərin səmərəli həllinə yardım edəcəkdir.


Avropa ölkələri milli siyasəti vasitəsilə savadlılığı uğurla təşviq etmişlər. Bununla belə, ümumi savadlılığın ənənəvi yüksək səviyyədə qalmasına baxmayaraq, bu sahədə hələ də xüsusi problemlər və çağırışlar mövcuddur.


Konfransımız geniş Avropa ictimaiyyətinin savadlılıq və böyüklərin təhsili sahəsində ən aktual məsələlərin həllinə diqqətini cəlb etmək məqsədini daşıyır. Bu, cari təhsil problemlərini müzakirə etmək üçün xüsusi bir fürsətdir. Tədbir yeni ideyalar, təcrübə və ən münasib iş barədə fikir mübadiləsinə imkan verəcəkdir.


Konfrans ümumi yanaşmaları, habelə savadlılıq və böyüklərin təhsilini təşviq etmək məqsədi ilə istifadə olunan səmərəli üsulları və vasitələri müəyyən edəcəkdir. Biz konfransın yekun sənədlərində və tövsiyələrində Avropada təhsilin keyfiyyətinin artırılmasına yönəlmiş yeni razılaşdırılmış ideya və tədbirlərin öz əksini tapacağını gözləyirik.


Bu forum müxtəlif milli hökumətlərin və beynəlxalq təşkilatların gördüyü tədbirlər haqqında məlumat verəcək və dialoqu gücləndirəcəkdir. O, Avropa qitəsində savadlılığın yüksək standartını təmin edəcəkdir.


Ümidvaram ki, konfrans savadlılıq və təhsil sahəsindəki problemlərin həlli üçün milli strategiyaların formalaşdırılmasına mühüm töhfə verəcəkdir. Bu tədbir hamı üçün təhsil proqramının uğurla həyata keçirilməsinə xidmət edəcəkdir.


Mən bu cür mühüm konfransın Bakıda keçirilməsini təhsil sahəsində öz siyasətinin təşviq olunmasında Azərbaycanın əldə etdiyi nailiyyətlərin bəyənilməsi kimi qiymətləndirirəm. Şadam ki, YUNESKO və Azərbaycan bir çox sahələrdə uğurla çalışır və hazırda sıx dəstəkləyici tərəfdaşlıq qurublar.


Bu gün Azərbaycan sürətlə inkişaf edən ölkədir. Müasirləşmə siyasəti həyatın bütün sahələrində müşahidə edilir: iqtisadi, siyasi və mədəni sahələrdə. Sabit siyasi vəziyyət və artan iqtisadi inkişaf təhsil sahəsində problemlərin uğurla həlli üçün zəmin yaradır. Bu, yeni texnologiyaların tətbiqinə, istifadəsinə və inkişaf etdirilməsinə xidmət edir. Son dörd il ərzində ölkədə altı yüz mindən çox iş yeri yaradılmışdır. Əlbəttə, iqtisadiyyatın bir çox sahələrində, idarəçilik, bank işi və digər sektorlarda mütəxəssislərin formalaşmasına ciddi ehtiyac duyulur. Bu sahədə “Böyüklər üçün təhsil” həyata keçirilən ən uğurlu layihələrdəndir.


Hökumət ən müasir tələblərə cavab verən milli təhsil sisteminin yaradılmasına xüsusi əhəmiyyət verir. Təhsil infrastrukturunun inkişafına və müasir qurğuların tikilməsinə sərmayə qoyur. Təhsilin inkişaf etdirilməsi və onun Avropa standartlarına çatdırılması üçün genişmiqyaslı proqramlar həyata keçirilir.


Ölkəmizdə xüsusi dövlət proqramı aşağıdakı mövcud problemlərin həllinə yönəlib: müasir tədris üsullarının zəif şəkildə tətbiqi, mütəxəssislərin formalaşmasında olan çatışmazlıqlar və tədris zamanı müasir informasiya texnologiyalarının aşağı səviyyədə istifadəsi. Bu məsələlərlə biz bir çox digər postsovet ölkələrində üzləşirik.


Hesab edirəm ki, Azərbaycan yaxşı tərəqqiyə nail olub və düzgün istiqamətdə gedir. Bizim ən böyük problemimiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində bir milyon qaçqın və məcburi köçkün yaranmışdır. Son 20 il ərzində belə vəziyyətdə yaşayan yeni nəsil formalaşıbdır. Qaçqın-köçkün uşaqları münaqişənin nəticələrindən əziyyət çəkirlər.


Buna baxmayaraq, mürəkkəb vəziyyət olsa da, hökumətimiz həmin uşaqlar üçün təhsilin müvafiq səviyyəsini təmin edə bilmişdir. Biz onların təhsil problemlərini həll etmək məqsədi ilə regionlardakı infrastrukturu dəstəkləyən təhsil modelini yaratmışıq. Hazırda bütün uşaqlar öz müəllimləri tərəfindən verilən təhsili alır, işğal olunmuş rayonların məktəbləri digər orta məktəblər kimi eyni səviyyədə fəaliyyət göstərir. Son on il ərzində bu, bizim ən mühüm nailiyyətlərimizdən biridir.


Təhsilin inkişafına hərtərəfli dəstək Heydər Əliyev Fondunun fəaliyyətinin prioritetlərindən biridir. Yaradıldığı gündən etibarən Fond ölkədə təhsilin inkişafına böyük töhfə vermişdir. Misal üçün, “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində Fond tərəfindən ölkənin müxtəlif bölgələrində 200-dən artıq məktəb inşa edilmiş və müasir avadanlıqla təchiz olunmuşdur. İnternat məktəblərində uşaqlar üçün təhsil bizim üçün xüsusi əhəmiyyət kəsb edir.


Heydər Əliyev Fondu YUNESKO ilə əlaqələrini genişləndirməkdə davam edir və bu təşkilata dəstək verir. Fond bir sıra birgə layihələr və proqramlar həyata keçirir. 2007-ci ildə ölkəmizdə peşə təhsilinin inkişafı ilə bağlı layihənin həyata keçirilməsi haqqında YUNESKO, Azərbaycan hökuməti və Heydər Əliyev Fondu arasında saziş imzalanmışdır.


Bugünkü konfrans əməkdaşlığımızın yeni bir nümunəsidir. Birgə əməkdaşlığımız vasitəsilə biz hamının konkret şəkildə yararlanacağı daha möhkəm və uzunmüddətli münasibətlər quracağıq.


Sonda mən ümidvar olduğumu bildirmək istəyirəm ki, bu konfrans ölkələrimiz arasında daha sıx və geniş əlaqələrin qurulmasına yeni təkan verəcəkdir. Tədbir bütün Avropa ölkələrinin milli təhsil sistemlərinin nümayəndələri arasında əməkdaşlığın möhkəmləndirilməsinə yardım edəcək və tərəfdaşlığımızı yeni səviyyəyə qaldıracaqdır.


Mən bu tədbirin təşəbbüskarlarına, təşkilatçılarına və iştirakçılarına, habelə hazırkı konfransın hazırlanmasında fəal çalışmış bütün şəxslərə bir daha səmimi minnətdarlığımı bildirirəm.


Ümidvaram ki, Azərbaycana səfərinizdən məmnun qalacaqsınız. Mən sizin hamınıza böyük uğurlar arzulayıram. Sağ olun.