1 noyabr 2007

“Gənclər sivilizasiyaların alyansı naminə” beynəlxalq konfrans

Noyabrın 1-də “Gülüstan” sarayında “Gənclər sivilizasiyaların alyansı naminə” beynəlxalq konfrans işə başlayıb.


Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva konfransda çıxış edib.


Mehriban Əliyevanın çıxışı:


- Hörmətli ülyahəzrət!


Hörmətli iştirakçılar!


Hörmətli dostlar, xanımlar və cənablar!


Mən İslam Konfransı Təşkilatının Dialoq və Əməkdaşlıq Naminə Gənclər Forumu ilə Heydər Əliyev Fondu tərəfindən təşkil olunmuş gənclərin yüksək səviyyəli tədbirində - “Gənclər sivilizasiyaların alyansı naminə” konfransında bütün iştirakçıları salamlayıram. Bu konfransda iştirak etmək üçün dəvətimizi qəbul etdiklərinə görə Qətərin birinci xanımı ülyahəzrət Şeyxa Mozaya, BMT baş katibinin sivilizasiyaların ittifaqı üzrə yüksək nümayəndəsi zati-aliləri cənab Jorj Sampayoya və İSESKO-nun baş direktoru zati-aliləri cənab Əbdüləziz bin Osman əl-Tüveycriyə xüsusi minnətdarlığımı bildirmək istəyirəm.


Mən Azərbaycana gəlmiş bütün qonaqlarımıza “Xoş gəlmisiniz!” deyirəm və bu gün burada bizimlə olduqlarına görə onlara təşəkkür edirəm. İttifaqın gənclər düşərgəsinin iştirakçılarını və gənc liderləri yeni qlobal gənclər hərəkatının qurulması məqsədi ilə dünən öz işlərini əla nəticələrlə başa çatdırmaları münasibətilə təbrik edirəm.


Bu cür əhəmiyyətli konfransın Azərbaycanda keçirilməsi böyük rəmzi xarakter daşıyır. Təqribən 50 ölkənin gənc liderləri, beynəlxalq təşkilatların təmsilçiləri, siyasətçilər, alimlər və ictimai xadimlər yeni beynəlxalq hərəkatın təsis edildiyi yerə - Bakı şəhərinə toplaşmışlar. Hələ qədim vaxtlardan Azərbaycan müxtəlif mədəniyyətlərə və dinlərə hörmətlə yanaşma və dözümlülük ənənələri ilə tanınmışdır. Biz uzun illər ərzində əmin-amanlıq şəraitində yan-yana yaşamışıq.


Azərbaycan tarixən çoxmillətli ölkə olmuşdur. Konstitusiyaya uyğun olaraq, burada bütün milli azlıqlar bərabər hüquqlara malikdirlər və bir ailə kimi yaşayırlar. Dini və etnik dözümlülük bütün nailiyyətlərimizin əsas elementlərindən biridir. Biz bundan çox fərəhlənirik.


Məlumdur ki, Heydər Əliyev Fondu təhsil, elm, mədəniyyət, səhiyyə və sosial sfera kimi prioritet sahələrdə iş aparır. Fondumuz həmin sahələrdə bir çox genişmiqyaslı layihələri həyata keçirmişdir. Bu gün biz gənclərin təhsilinə xüsusi diqqət yetiririk. “Yeniləşən Azərbaycana yeni məktəb” proqramımız çərçivəsində ölkədə 200-dən çox yeni məktəb binası tikilmişdir. Bizim təşəbbüsümüzü hökumət dəstəkləmişdir və son üç il ərzində ölkəmizdə 1200 yeni məktəb inşa edilmişdir.


Fondumuzun beynəlxalq təşkilatlarla – YUNESKO, İSESKO, BMT-nin İnkişaf Proqramı və digər təşkilatlarla güclü əlaqələri var. Ümid edirəm ki, gələcəkdə biz sivilizasiyalar ittifaqı ilə əməkdaşlığımızı möhkəmləndirəcəyik və bunu çox faydalı, vaxtına düşən bir təşəbbüs kimi qəbul edirik.


Mən bu cür vacib konfransın Bakıda təşkil olunmasını ölkəmizin nailiyyətlərinin tanınması kimi və ölkələr, xalqlar, dinlər arasında ittifaqın qurulması yolunda mühüm bir nailiyyət kimi hesab edirəm. Hazırda biz çox mürəkkəb və ziddiyyətli dünyada yaşayırıq və bəzən burada anlaşma, etimad və bir-biri haqqında obyektiv biliklər çatışmır. Son vaxtlar ksenofobiya, xilafi fikirlər, mənfi stereotiplər geniş yayılmışdır. Sosial ədalətsizlik və qeyri-bərabərliklə yanaşı, bu, zorakılıq, münaqişə ilə nəticələnə və beynəlxalq sabitliyi poza bilər.


Bu gün dünya bir dilemma qarşısındadır: ya dinlər və mədəniyyətlər arasında dialoq, tərəfdaşlıq və əməkdaşlığın qurulmasına doğru addımlamaq, yaxud da qeyri-dözümlülük, bölünmə və gərginliyə sürüklənmək. Sivilizasiyalar ittifaqının məqsədi etimad qurmaq, dialoq yaratmaq, etnik mədəni dəyərləri, bəşəriyyətin müxtəlifliyini tanımaq və ona hörmətlə yanaşmaqdan ibarətdir. Mədəniyyətlər arasında ideya mübadiləsinin böyük fayda verməsi ilə bağlı tarixdə bir çox misallar olmuşdur. İslam və dünyanın digər böyük dinləri arasında bir çox ümumi əsaslar və dəyərlər mövcuddur. Həmçinin həqiqətdir ki, bu gün dünyanın üzləşdiyi terrorçuluq, qlobal istiləşmə və QİÇS kimi problemlərin bir ölkə tərəfindən həll olunması həddindən artıq çətindir. Ona görə biz irəliləyiş üçün səylərimizi səfərbər etməliyik.


Əminəm ki, indiki mühitdə sivilizasiyaların ittifaqı uğrunda həmin qlobal gənclər hərəkatını təsis etmək labüddür. Dünyada baş verən hadisələr, əsasən, hər bir müasir cəmiyyətdə gənclərin işi və davranışından asılıdır. Bu gün gənclər sosial qüvvə, müsbət sosial dəyişikliyə aparan qüvvədir. Bu gün gənc liderlər əhalinin ən fəal hissəsidir və onlar mütərəqqi ideyalara daha açıqdırlar. Gənclər öyrənmək və təcrübədən keçirmək arzusundadırlar. Bu səbəblərə görə gənclər sivilizasiyalar ittifaqının ideyaları, prinsipləri və dəyərlərinin təşviqində böyük rol oynamalıdırlar.


Qeyri-dözümlülüyə və ekstremizmə qarşı mübarizədə gənclərin səylərinin birləşdirilməsi vacibdir. Biz bu təşəbbüsü dəstəkləyirik və Bakıya toplaşmış akademik media dairələrini və sosial sahədəki fəalları alqışlayırıq. Mən bu fürsətdən istifadə edərək, konfransa öz təcrübələrini gətirmiş həmin şəxslərə minnətdarlığımı bildirmək istəyirəm.


Bu forum gənclərdən ötrü ekspertlər, alimlər, siyasətçilər ilə bir çox aktual problemləri müzakirə etmək üçün xüsusi bir fürsətdir. Ümid edirəm ki, qarşıya qoyduğumuz məqsədin tədbirlərə yönümlü hərəkat yaratmaqdan ibarət olduğunu nəzərə alaraq, bu təcrübə gənclərə işlərinin yol xəritəsini nəinki müzakirə etmək, həm də onları müəyyən etmək imkanı verəcəkdir. İnanıram və ümidvaram ki, gənclərin və təcrübənin olması bizə böyük nəticələr əldə etməyə imkan yaradacaqdır. Bu müzakirələr nəticəsində formalaşacaq ideyalar Bakı Nəsillərarası Bəyannaməsində əks olunacaqdır. Lakin ən önəmlisi odur ki, ideyaların real həyatda və siyasətdə reallaşdırılmasını görək. Bu baxımdan forum gənclər üçün hökumətlər, beynəlxalq təşkilatlar və özəl sektorda qərarları qəbul edən dairələrə öz rəylərini bildirmək imkanı yaratdı. Ümid edirəm ki, yalnız konstruktiv təsir etmək yolu ilə biz siyasi dəstəyi inkişaf etdirə və yeni təşəbbüsləri həyata keçirə bilərik. İndi biz elə etməliyik ki, sivilizasiyalar ittifaqı üzrə növbəti illik sammit tövsiyələrimizi nəzərə alsın və bu yeni hərəkatı öz çərçivəsinə daxil etsin.


Hörmətli dostlar, əminəm ki, bu mötəbər forum müxtəlif mədəniyyətlərə, ənənələrə və dinlərə malik olan gəncləri bir araya gətirəcək, mədəniyyətlərarası anlaşmanı möhkəmləndirəcəkdir.


Mən yekunda bu tədbirin hazırlanmasında iştirak etmiş bütün şəxslərə öz təşəkkürümü bildirmək istəyirəm. Ümid edirəm ki, siz gözəl şəhərimizdə olmağınızdan razı qaldınız.


Mən sizə uğurlar və xoşbəxtlik arzulayıram.


Diqqətinizə görə sağ olun.