2 iyul 2007

“Muğam” jurnalının ilk nömrəsinin və “Muğam-Antologiya” layihəsi çərçivəsində çap olunmuş nəşrlərin təqdimat mərasimi

İyulun 2-də Heydər Əliyev Fondunda Azərbaycan Mədəniyyətinin Dostları Fondunun təsis etdiyi “Muğam” jurnalının ilk nömrəsinin və “Muğam-Antologiya” layihəsi çərçivəsində çap olunmuş Səfiyəddin Urməvinin (1217-1294) “Şərəfiyyə risaləsi” və “Kitabül-ədvar”, habelə Fətullah Şirvaninin (1417-1486) “Musiqi məcəlləsi” əsərlərinin təqdimat mərasimi keçirilib.


Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mərasimdə çıxış edib.


Mehriban Əliyevanın çıxışı:


- Hörmətli xanımlar və cənablar!


Əziz qonaqlar!


Mən sizi Heydər Əliyev Fondunda salamlayıram, sizi bu gün burada görməyə çox şadam. İlk növbədə, mən bizim hamımızı Azərbaycanın iki böyük qələbəsi münasibətilə təbrik etmək istərdim.


Bildiyiniz kimi, bədii gimnastika üzrə 23-cü Avropa çempionatı paytaxtımızda çox uğurla keçmişdir və bizim idmançılarımız bu yarışlarda çox yüksək nailiyyətlər əldə ediblər. Yığma komandamız bürünc medal qazanıb, gimnastımız Aliyə Qarayeva isə qızıl medala layiq görülərək, Avropa çempionu olmuşdur.


Əlbəttə bu, Azərbaycan idmanının çox böyük qələbəsidir. Bu gün bizim ölkəmiz bədii gimnastika üzrə dünyanın beş aparıcı dövləti arasındadır və bu münasibətlə mən sizi ürəkdən təbrik edirəm.


Eyni zamanda, Azərbaycanın mədəni həyatında da çox əlamətdar bir hadisə baş veribdir. Bildiyiniz kimi, Qobustan dövlət tarixi-bədii qoruğu YUNESKO-nun Dünya Mədəni İrs siyahısına salınmışdır. Bu qərar YUNESKO-nun Ümumdünya İrs Komissiyasının Yeni Zelandiyada keçirilən 31-ci sessiyasında qəbul olunub və hesab edirəm ki, bu da bizim çox böyük qələbəmizdir. Çünki bu, o deməkdir ki, Qobustan təkcə Azərbaycan üçün yox, bütün bəşəriyyət üçün çox əhəmiyyətli, çox dəyərli tarixi və mədəni abidədir. Çox namizədlər arasında məhz bizim tarixi abidəmiz seçilib və bu münasibətlə də mən sizi ürəkdən təbrik edirəm.


Əziz qonaqlar!


Bu gün biz “Muğam” jurnalını sizin diqqətinizə təqdim edirik. Bu, muğamın çoxəsrlik tarixində bütövlükdə muğama həsr olunmuş ilk jurnaldır və əlbəttə ki, bütün muğamsevərlər üçün böyük bir hədiyyədir. Jurnal 3 dildə - Azərbaycan, ingilis və rus dillərində çap olunubdur. Bu da jurnalın yayılma dairəsini xeyli genişləndirib və mən əminəm ki, o, təkcə ölkəmizdə yox, dünyanın bir neçə ölkəsində öz oxucusunu tapa biləcəkdir.


Bildiyiniz kimi, Heydər Əliyev Fondu muğama dəstək olan bir sıra layihələr həyata keçirir. Bunlar “Muğam-İrs”, “Muğam dünyası”, “Muğam ensiklopediyası”, “Muğam-internet”, “Muğam-dəstgah”, “Muğam-antologiya” layihələridir. Bütün bu layihələr barəsində ətraflı məlumatı siz bu jurnalın səhifələrində tapa biləcəksiniz.


Son illər ölkəmizdə muğama çox böyük maraq, çox böyük dəstək var. Çox sevindirici haldır ki, bizim gənclərimiz də muğam sənətini əsrlərin sınağından keçmiş bir sərvət kimi dəyərləndirirlər. Biz gərək bu sərvəti həm qoruyaq, həm də gələcək nəsillərə çatdıraq. Bizim bu jurnal məhz bunun üçün təsis olunub və buna xidmət edəcəkdir.


Eyni zamanda, bu gün sizin diqqətinizə üç yeni kitab təqdim olunur. Bunların nəşri Heydər Əliyev Fondu ilə Azərbaycan Milli Elmlər Akademiyası Əlyazmalar İnstitutunun birgə fəaliyyətinin nəticəsidir. Bu nəşrlər həm kitab, həm də disk şəklində hazırlanıb və muğamın tədqiqi ilə məşğul olan musiqişünaslar üçün böyük bir töhfədir. Əlyazmalar İnstitutu ilə əməkdaşlığımız davam edir və mən inanıram ki, yaxın gələcəkdə yeni-yeni nəşrlər hazırlanacaq və oxuculara çatdırılacaqdır.


Bu gün mən böyük sevinc hissi ilə demək istərdim ki, paytaxtımızda Beynəlxalq Muğam Mərkəzinin tikintisi davam edir. Siz yəqin ki, yaxşı xatırlayırsınız, biz bu layihəni birgə müzakirə edirdik. Memarlıq baxımından birgə layihə seçmişdik. Çox gözəl binadır, həm müasirdir, həm gözəldir, həm də bizim ənənələrimizə uyğundur. Muğam Mərkəzi 2008-ci ilin əvvəllərində istifadəyə veriləcəkdir. Mən əminəm ki, bu mərkəz həm sənət evinə, həm muğam məktəbinə, həm muğam muzeyinə, həm də ki, bizim musiqimizə həsr olunmuş bir abidəyə çevriləcəkdir.


Bu gün buraya toplaşan bütün insanların taleyində muğam xüsusi bir yer tutur. Çoxlarınız muğam sənətinə, demək olar ki, bütün ömrünüzü həsr edirsiniz. Mən sizi belə bir jurnalın işıq üzü görməsi münasibətilə ürəkdən təbrik edirəm. İnanıram ki, bizim yeni jurnal həm muğama aid tədqiqatlara yeni təkan verəcək, həm də muğamı populyarlaşdıracaqdır. Bizimlə bu jurnalın hazırlanmasında və muğama həsr olunmuş digər layihələrdə əməkdaşlıq edən, bizə dəstək verən bütün insanlara dərin minnətdarlığımı bildirirəm. Mən sizə möhkəm cansağlığı, uğurlar və xoşbəxtlik arzulayıram.


Çox sağ olun.