29 iyun 2007

Bədii gimnastika üzrə 23-cü Avropa çempionatının açılışı

İyunun 29-da Bakıda, Heydər Əliyev adına İdman-Konsert Kompleksində bədii gimnastika üzrə 23-cü Avropa çempionatının təntənəli açılışı olub. Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.


Azərbaycanın birinci xanımı, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyeva mərasimdə çıxış edib.


Mehriban Əliyevanın çıxışı:


- Hörmətli cənab Prezident!


Hörmətli xanımlar və cənablar!


Əziz qonaqlar!


İlk növbədə, sizi bədii gimnastika üzrə 23-cü Avropa çempionatının açılışı münasibətilə səmimi qəlbdən təbrik edirəm. Bu idman bayramında iştirak edən bütün idmançıları və qonaqlarımızı ürəkdən salamlayıram, hamınıza “Xoş gəlmisiniz!” deyirəm.


Son illər Azərbaycanda böyük beynəlxalq turnirlərin keçirilməsi gözəl bir ənənəyə çevrilibdir. Azərbaycan idmanının beynəlxalq aləmdə uğurları və dövlət tərəfindən idmana göstərilən ən yüksək qayğı nəticəsində Azərbaycan dünyada idman ölkəsi kimi tanınır.


2005-ci ildə paytaxtımızda bədii gimnastika üzrə dünya çempionatını çox uğurla keçirmişdik. Bu, olimpiya idman növləri üzrə ölkəmizdə keçirilən ilk dünya çempionatı kimi tarixə düşmüşdür. Bugünkü yarış, 23-cü Avropa çempionatı 2007-ci ildə bədii gimnastika üzrə ən mühüm hadisələrdən biridir. Bu gün Avropanın ən güclü gimnastları paytaxtımızdadır. Milyonlarla azarkeşin diqqəti ölkəmizə yönəlibdir. Mən əminəm ki, yarışlar maraqlı və kəskin mübarizə şəraitində keçəcək və bu çempionat yaddaqalan idman xatirəsinə çevriləcəkdir.


Son illər Azərbaycanda bədii gimnastikaya çox böyük maraq var. Bədii gimnastika ölkəmizdə çox populyardır. Bu gözəl idman növü ilə məşğul olan gənclərin sayı ildən-ilə artır. Mən bugünkü çempionatda ölkəmizi təmsil edən idmançılara, gənc və gözəl qızlarımıza ürəkdən uğurlar arzu edirəm.


Bu idman bayramının keçirilməsi bir çox insanın və təşkilatların gərgin əməyinin nəticəsidir. Ölkə Prezidenti cənab İlham Əliyevə idmanın inkişafına və Olimpiya hərəkatına diqqət və qayğısına görə xüsusi minnətdarlığımı bildirirəm.


Bakıda belə nüfuzlu yarışın keçirilməsinə etimad göstərib qərar verdiyinə görə Avropa Gimnastika İttifaqının rəhbərliyinə dərin minnətdarlığımı bildirirəm.


Mən Azərbaycanın Gimnastika Federasiyasına, Gənclər və İdman Nazirliyinə, çempionatın hazırlığında iştirak edən bütün insanlara təşəkkür edirəm.


Mən sonda Avropanın böyük bədii gimnastika ailəsini qədim Azərbaycan torpağında bir daha salamlayıram, azarkeşlərə həyəcan anları, yarış iştirakçılarına qələbə sevincini arzu edirəm.


Sağ olun.