17 may 2007

Dünya Səhiyyə Təşkilatının ali orqanının - Dünya Səhiyyə Assambleyasının 60-cı sessiyasının yığıncağı

Mayın 17-də Cenevrədə Dünya Səhiyyə Təşkilatının (DST) ali orqanının - Dünya Səhiyyə Assambleyasının 60-cı sessiyasının yığıncağı keçirilib. Yığıncaqda Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iştirak edib.


Birinci xanım Mehriban Əliyeva yığıncaqda çıxış edib.


Mehriban Əliyevanın çıxışı:


- Xanım sədr,


Xanım baş direktor,


Xanımlar və cənablar!


İlk növbədə, mən bütün iştirakçıları salamlamaq, xeyirxah fəaliyyətinizdə sizə uğurlar arzulamaq istərdim.


Dünya Səhiyyə Təşkilatı planetimizdə yaşayan bütün xalqlar üçün sağlamlığın mümkün qədər ən yüksək səviyyəsinin təmin edilməsi naminə çalışan əsl universal təsisatdır.


Burada olmaq və Dünya Səhiyyə Təşkilatının bu mükafatını almaq böyük şərəfdir. Məni bu cür yüksək mükafata layiq gördüklərinə görə DST-nin İcraiyyə Şurasına və professor İhsan Doğramacı Ailə Sağlamlığı Fondunun seçim heyətinə minnətdarlığımı bildirmək istəyirəm.


Əminəm ki, bu mükafat ölkəmdə ana, uşaq və ailə sağlamlığının yaxşılaşdırılması məqsədi ilə göstərdiyim səyləri daha da gücləndirəcəkdir. Bu mükafat mənim üçün çox önəmlidir, çünki o, böyük hörmət və ehtiram bəslədiyim şəxsin, professor İhsan Doğramacının adını daşıyır.


Dünya şöhrətli pediatr və böyük xeyriyyəçi, professor İhsan Doğramacı bütün həyatını uşaqların sağlamlığı və ali təhsili kimi yüksək amallara həsr etmişdir. Dünya Səhiyyə Təşkilatının yaradıcılarından biri, onun nizamnaməsinə imza atmış, bu təşkilatın canlı tarixi sayılan belə böyük şəxsiyyət tərəfindən təltif edilmək mənim üçün böyük şərəfdir. Əfsuslar olsun ki, professor Doğramacı bu tədbirdə iştirak edə bilmədi. Mən öz adımızdan ona qarşıdan gələn bir çox illər ərzində möhkəm cansağlığı və səadət arzulayıram.


Hazırda sürətlə inkişaf edən Azərbaycanda yaşayan hər bir şəxsin həyat tərzini və sağlamlığını köklü şəkildə yaxşılaşdırmaq üçün bir çox imkanlar var. Azərbaycanda səhiyyə sisteminin müasirləşdirilməsi haqqında Dövlət proqramı uğurla həyata keçirilir. Təkcə son iki il ərzində ölkəmizdə onlarca müalicə-diaqnostika mərkəzləri tikilmişdir. Onların hamısı ən müasir avadanlıqla təchiz olunur. Biz gənc həkimlərimizin təhsilinə xüsusi diqqət yetiririk. Məqsədimiz ölkədə ən yüksək dünya standartlarına cavab verən səhiyyə sisteminin qurulmasıdır. Əminəm ki, hazırkı sürətlə biz yaxın gələcəkdə öz məqsədlərimizə nail olacağıq.


Dünya Səhiyyə Təşkilatı ilə Azərbaycan arasında əməkdaşlıq çox səmərəlidir. Bu təşkilat Azərbaycanda tibbi təhsil, təhlükəsiz immunlaşdırma, ana və uşaqların sağlamlığının qorunması kimi sahələrdə bir sıra layihələr həyata keçirir. İnanıram ki, əməkdaşlığımız gələcəkdə daha səmərəli olacaqdır.


Məni təltif etdiklərinə görə Dünya Səhiyyə Təşkilatına və İhsan Doğramacı Ailə Sağlamlığı Fonduna sonda bir daha minnətdarlığımı bildirir, bu mükafatı Azərbaycanda işləyən bütün həkimlərin və səhiyyə işçilərinin əməyinə verilən qiymət kimi qəbul edirəm.


Mən sizə uğurlar, möhkəm cansağlığı və səadət arzulayıram. Sağ olun.