6 dekabr 2006

ABŞ-Azərbaycan Ticarət Palatası adından Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Mehriban Əliyevanın şərəfinə təşkil olunmuş ziyafət

Azərbaycan Respublikasının birinci xanımı, Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva dekabrın 4-dən 7-dək ABŞ-a işgüzar səfəri çərçivəsində bir sıra səmərəli görüşlər keçirib.


Dekabrın 6-da ABŞ-Azərbaycan Ticarət Palatası Vaşinqtonun möhtəşəm "Endryu Melon" auditoriumunda Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın şərəfinə ziyafət verib. Ziyafətdə 300-dən artıq qonaq, o cümlədən Ağ evin və Dövlət Departamentinin yüksək vəzifəli rəsmiləri, ABŞ Konqresinin üzvləri, görkəmli siyasi və ictimai xadimlər, xarici ölkələrin ABŞ-da akkreditə olunmuş səfirləri iştirak ediblər.


Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Mehriban Əliyeva ziyafətdə çıxış edib.


Mehriban Əliyevanın çıxışı:


- Hörmətli xanımlar və cənablar!


Hörmətli dostlar!


Mən Sizin hamınızı bu axşam görməkdən şadam. Birləşmiş Ştatlarda yenidən olmağımdan çox məmnunam. Birləşmiş Ştatlarda olduğum zaman mənə olduqca xoş qonaqpərvərlik göstərilmişdir və mən həmin qonaqpərvərliyə görə bütün dostlarımıza minnətdarlığımı bildirmək istəyirəm.


Mən bu tədbiri təşkil etdiyinə görə ABŞ-Azərbaycan Ticarət Palatasına xüsusi təşəkkürümü ifadə etmək istəyirəm. 1995-ci ildə yarandığı vaxtdan etibarən Ticarət Palatası ölkələrimiz arasında tərəfdaşlığın inkişafına yardım etmiş və Azərbaycanın Birləşmiş Ştatlarda daha yaxşı tanınmasını təşviq etmişdir.


Uzun illər ərzində Palata bir çox tədbirlərə sponsorluq etmiş və saysız-hesabsız sərgilərin, konfransların və humanitar layihələrin təşəbbüskarı olmuşdur. Onun Harvard Universitetində Xəzər Araşdırmaları proqramı kimi təhsil layihələri gənc Azərbaycan peşəkarları və tələbələri üçün yeni üfüqlər açmışdır. Bütün bu uğurlu işlər barədə məlumatım var və Palatanın nailiyyətlərini alqışlayıram.


Hörmətli dostlar, dövlətlərimiz arasında bu cür güclü əlaqələrin qurulması təqdirəlayiq haldır. Birləşmiş Ştatlar Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olmuşdur. Müstəqilliyimizin bərpasından sonra Azərbaycan ilə Birləşmiş Ştatlar arasındakı münasibətlər müxtəlif sahələrdə uğurla inkişaf etmişdir. Amerika Birləşmiş Ştatları enerji layihələrimizdə bizim böyük tərəfdaşımızdır. Biz bir çox çətinliklərlə üzləşmişdik, lakin dünyada ən böyük enerji layihəsi hesab edilən Bakı-Tbilisi-Ceyhan boru kəmərinin çəkilməsinə birgə nail olduq.


Azərbaycan antiterror koalisiyasının üzvüdür və əsgərlərimiz amerikalı həmkarları ilə çiyin-çiyinə sülhün bərqərar olması naminə İraq, Əfqanıstan və Kosovoda qulluq edirlər. Biz eyni zamanda siyasi islahatlar, demokratiyanın inkişafı və insan hüquqlarının qorunması sahəsində də Birləşmiş Ştatlarla əməkdaşlıq edirik. ABŞ Konqresinin çox sayda nümayəndə heyəti ölkəmizə səfər etmişdir. Həmin səfərlər ikitərəfli münasibətlərimizin inkişafında mühüm rol oynamışdır.


Böyük dövlət xadimi və Azərbaycanın səmimi dostu senator Luqarın bu yaxınlarda Bakıya səfəri əlaqələrimizin genişləndirilməsində atılmış mühüm addım oldu.


Azərbaycan-Amerika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri kimi hesab edirəm ki, əlaqələrimizin daha da sıxlaşdırılması böyük əhəmiyyət kəsb edir və əminəm ki, mənim parlament üzvləri ilə birgə Vaşinqtona səfərim həmin məqsədə xidmət edəcəkdir.


Bu gün Azərbaycan öz inkişafının mühüm mərhələsindədir. İqtisadiyyatımız sürətlə artır. Bildiyiniz kimi, Azərbaycan iqtisadiyyatı 2005-ci ildə dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatı kimi qiymətləndirilmişdir və biz 2006-cı ildə də bu göstəricinin qorunub saxlanılmasına çalışacağıq.


Ölkəmizin müxtəlif regionları inkişaf etməkdədir. Son üç il ərzində 500 min yeni iş yeri açılmışdır. Mən Prezidentlə birgə ölkənin bir çox yerlərinə səfər edirəm və bütün bu dəyişiklikləri görməkdən çox məmnunam və fərəh hissi keçirirəm. Yeni məktəblər, xəstəxanalar, uşaq bağçaları, idman mərkəzləri inşa edilməkdədir. Yeni sənaye və kənd təsərrüfatı müəssisələri açılmaqdadır. Yeni yollar çəkilir.


Bu gün biz gənclərimizin təhsilinə xüsusi diqqət yetiririk. Son üç il ərzində 735 orta məktəb binası tikilmişdir. Ötən ay Azərbaycan Prezidenti gənc istedadlı azərbaycanlıların xaricdə təhsil alması üçün tələbə təqaüdlərinin artırılması ilə bağlı Dövlət proqramı haqqında fərman imzalamışdır. Bu, hökumətin neftdən əldə olunan gəlirlərin qeyri-neft sektoruna sərf edilməsi strategiyasının bir hissəsidir. Hesab edirəm ki, təhsilimizə, gələcəyimizə və yeni nəsillərə sərmayə qoymaq ən münasib sərmayə formasıdır.


Ümid edirəm ki, tələbələrin böyük hissəsi təhsil üçün Amerikaya gələcəkdir. Təhsilin dəstəklənməsi Heydər Əliyev Fondunun fəaliyyətində əsas prioritetlərdən biridir. Heydər Əliyev Fondu mədəniyyət, səhiyyə, təhsil və elm sahələrində layihələri dəstəkləmək məqsədi ilə 2004-cü ilin may ayında yaradılmışdır.


Son illər ərzində Heydər Əliyev Fondu "Yeniləşən Azərbaycana - yeni məktəb", "Uşaq evləri və internat məktəblərinin inkişafı", "Talassemiyasız həyat", "Diabetli uşaqlara ən yüksək qayğı", "Kor və görmə qabiliyyəti zəif olan insanlar üçün informasiya-kommunikasiya texnologiyalarına çıxışın təmin edilməsi" kimi layihələri həyata keçirmişdir. Təhsil sisteminin təkmilləşdirilməsi ilə bağlı proqramlarımız çərçivəsində 200-dən çox məktəb tikilmiş, lazımi avadanlıqla təchiz olunmuş və kompyuterləşdirilmişdir. Həmin məktəblərdən bir neçəsi ən ucqar kəndlərdə yerləşir.


Fəaliyyətimizin xüsusi bir hissəsi uşaq evlərində yaşayan uşaqların qayğısına qalmaqdan ibarət olmuşdur. Onların yaşadığı yerlər müasirləşdirilmiş, kompyuterlərlə təchiz olunmuşdur və orada kitabxanalar yaradılmışdır. Biz ailəsiz qalmış uşaqlara yardım göstərmək üçün YUNİSEF ilə birgə çalışırıq. Səhiyyə sahəsinə gəldikdə isə, Heydər Əliyev Fondu tibbi xidmətə ehtiyacı olan 2500-dən çox insana kömək etmişdir. Diabet və qan xəstəliklərindən əziyyət çəkən uşaqlara yardım göstərmək məqsədi ilə xüsusi proqram həyata keçirilir. Biz görmə problemləri olan şəxslər üçün xüsusi təhsil mərkəzinin tikilməsindən ötrü BMT-nin İnkişaf Proqramı ilə birgə layihəni həyata keçiririk.


Fondumuz milli mədəni irsimizin qorunmasına xüsusi diqqət yetirir. Bir çox tarixi və mədəniyyət abidələri Fondun fəaliyyəti sayəsində bərpa olunmuşdur. Bildiyiniz kimi, muğam Azərbaycanın qədim folklor musiqisidir və bu məqsədlə biz Fondun təşəbbüsü və YUNESKO-nun dəstəyi ilə Bakıda Beynəlxalq Muğam Mərkəzi tikirik. Tarixi və mədəniyyət abidələrinin qorunması ölkəmiz üçün bir də ona görə vacibdir ki, Azərbaycan ərazisinin 20 faizi Ermənistanın işğalı altındadır. Həmin ərazilərdə minlərlə tarixi, mədəniyyət abidələri və dini abidələr işğalçı qüvvələr tərəfindən məhv edilmişdir. Ölkəmizdə bir milyon qaçqın və məcburi köçkün var və onların müəyyən hissəsi hələ də çadır düşərgələrində yaşayır. Biz bu faktları beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaqda səylərimizi davam etdiririk.


Heydər Əliyev Fondu özünün beynəlxalq fəaliyyətini genişləndirir. Son illər ərzində biz YUNESKO, Vaşinqton Elmlər Akademiyası, Latın Mədəniyyəti Akademiyası ilə birgə bir neçə beynəlxalq konfranslar təşkil etmişik. Bir çox ölkələrin, o cümlədən Birləşmiş Ştatların tanınmış alimləri həmin tədbirlərdə iştirak etmişlər. Bizim çox faydalı müzakirələrimiz oldu. Ümid edirəm ki, biz birgə layihələri davam etdirəcəyik. Bir sözlə, Fondumuz beynəlxalq təşkilatlar və fondlar ilə əməkdaşlıq etmək arzusundadır və buna hazırdır.


Hörmətli dostlar, Azərbaycan olduqca zəngin mədəni irsə və ənənələrə malik olan qədim diyardır. Uzun əsrlər boyu ölkəmiz Qərblə Şərq arasında körpü olmuşdur. Biz öz müxtəlifliyimizdən fərəhlənirik. Bu gün bizim çoxmilli və çoxdinli cəmiyyətimiz var və burada müsəlmanlar, xristianlar, yəhudilər və digər dinlərin nümayəndələri yan-yana, anlaşma şəraitində bir ailədəki kimi yaşayırlar. Biz dözümlülük, ləyaqət, digər mədəniyyətlərə hörmət, ailəyə sadiqlik, uşaq və yaşlılara qayğı kimi dəyərlərimizi vacib hesab edirik. Bütün bu dəyərlər həmçinin Amerikanın da dəyərləridir. Ona görə də hesab edirəm ki, Birləşmiş Ştatlar ilə Azərbaycan arasında daha sıx əməkdaşlıq bizim ümumi uğurumuz üçün olduqca vacibdir. Dialoq vasitəsilə biz bir çox işlər görə və bir-birimizi daha yaxşı başa düşə bilərik və nəhayət, uzunmüddətli əlaqələrimizi qura bilərik.


Sonda, mən göstərilmiş qonaqpərvərliyə və sizinlə görüşmək imkanının yaradılmasına görə ABŞ-Azərbaycan Ticarət Palatasına bir daha öz minnətdarlığımı bildirirəm. Ümid edirəm ki, sizin hamınız, Azərbaycanın dostları Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında münasibətlərin möhkəmləndirilməsində səylərinizi davam etdirəcəksiniz. Bir daha sağ olun. Mən sizə və ailələrinizə ən xoş arzularımızı çatdırıram.


Diqqətinizə görə minnətdaram.