6 noyabr 2006

Əzizbəyov rayonu ictimaiyyəti ilə görüş

Azərbaycanın birinci xanımı, Milli Məclisin deputatı Mehriban Əliyeva noyabrın 6-da Bakının Əzizbəyov rayonunun Şüvəlan qəsəbəsində Fuad Fərhadoğlu adına 230 nömrəli orta məktəbdə seçicilərlə görüşüb.


Mehriban Əliyeva seçicilər qarşısında çıxış edib.


Mehriban Əliyevanın çıxışı:


- Əziz və hörmətli dostlar!


İlk növbədə, mən sizi salamlayıram, sizi görməyə çox şadam və bir il bundan öncə, 2005-ci il 6 noyabr parlament seçkilərində mənə etimad göstərdiyinizə, mənə inanıb səs verdiyinizə görə sizə səmimi minnətdarlığımı bildirirəm. Həm seçki kampaniyası dövründə, həm də sonrakı görüşlərimizdə olan səmimiyyət, xoş əhval-ruhiyyə, göstərdiyiniz xoş münasibət və hörmət mənim üçün çox əzizdir və unudulmazdır.


Demək olar ki, ilk görüşlərimizdən biz rayonda olan problemləri birlikdə araşdırıb müzakirə edir, onların həlli üçün yollar axtarırdıq. Həmin görüşlər zamanı biz Əzizbəyov rayonunun gələcək inkişaf planını, əsas perspektivlərini müəyyən edirdik.


Yəqin siz də razılaşarsınız ki, bir il o qədər də uzun müddət deyildir. Amma mən qürur hissi ilə demək istəyirəm ki, bir il ərzində biz qarşıya qoyduğumuz çox məqsədlərə nail olmuşuq. Bu gün konkret işlərin konkret nəticələrini görürük. Bugünkü görüşümüz yenidən inşa olunmuş, dünyanın ən yüksək standartlarına cavab verən 230 nömrəli məktəbdə keçirilir.


Mən yaxşı xatırlayıram, Şimal DRES-i qəsəbəsinin sakinləri ilə seçkiqabağı görüşümdə şagird və müəllimlər bildirdilər ki, məktəb çox yararsız vəziyyətdədir. Mən özüm də gəldim, bunun əyani şahidi oldum. Dərhal bütün zəruri tədbirlər həyata keçirildi. Bu gün artıq bizim balaca uşaqlar, məktəblilər ən müasir tələblərə cavab verən binada təhsil alırlar. Məktəbin geniş, işıqlı sinif otaqları, bütün fənn laboratoriyaları, idman salonu, komyuter otaqları, kitabxanası, yeməkxanası, idman meydançası var. Eyni zamanda, müəllimlərin də iş şəraiti nümunəvidir.


Siz bilirsiniz ki, Heydər Əliyev Fondu ilk gündən təhsilin inkişafını fəaliyyətinin prioritet istiqaməti müəyyən etmişdir. "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı ölkəmizdə böyük rəğbətlə qarşılanır. Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2005-ci ildə ölkəmizdə 132, 2006-cı ildə 60 yeni məktəb inşa olunub, təzə, ən müasir avadanlıqla təmin edilərək istifadəyə verilmişdir. İndi ən ucqar kəndlərimizdə də bizim uşaqlarımız təmiz, yeni, müasir, işıqlı məktəblərdə təhsil alır.


Əzizbəyov rayonunda da bir çox məktəblər tikilir. Uşaq bağçaları və internat evlərində əsaslı təmir işləri aparılır. Yollar abadlaşır, su xətləri çəkilir. Məndən əvvəl çıxış edən əməkdaşımız görülmüş işlər barədə geniş məlumat verdi. Mən yalnız sizin diqqətinizə bəzi rəqəmləri çatdırmaq istəyirəm.


Təhsil müəssisələri: 820 yerlik 5 internat məktəbinin yenidən qurulması, 150 yerlik yay düşərgəsinin inşası, 6138 şagird yerlik 8 ümumtəhsil məktəbinin, 230 yerlik 3 uşaq bağçasının yenidən qurulması, təlim-tədris mərkəzinin yaradılması;


Səhiyyə müəssisələri: müasir avadanlıqla təchiz edilmiş 25 çarpayılıq xəstəxananın, poliklinikanın, təcili yardım stansiyasının və aptekin yenidən qurulması;


Mədəniyyət müəssisələri və dini abidələr: 860 yerlik 2 mədəniyyət evinin yenidən qurulması, bir kitabxananın inşa edilməsi, bir abidənin və barelyefin, 3 məscidin və ziyarətgahın yenidən qurulması;


İnfrastruktur: 3 qəsəbənin giriş qapısının inşası, 3 qəsəbəyə 45 kilometr uzunluğunda su xəttinin çəkilməsi, 63 kilometr uzunluğunda qəsəbələrarası və qəsəbədaxili avtomobil yollarının yenidən qurulması, 27 avtobus dayanacağının, 110 kilovoltluq yardımçı stansiyanın istifadəyə verilməsi, 512 işıq dirəyinin quraşdırılması, 2 qəsəbə parkının yenidən qurulması.


Bunları xatırlatmaqda məqsədim odur ki, bir il ərzində biz qarşımıza qoyduğumuz çox məqsədlərə nail olmuşuq, bu işlərin konkret nəticələrini görürük.


Siz bilirsiniz ki, Əzibəyov rayonunun ağsaqqallarının təşəbbüsü ilə "Əzizbəyov rayonunun inkişafı fondu" yaradılıb və artıq fəaliyyət göstərir. Mən çox şadam ki, bu fondun gündəlik işində də qəsəbələrin sakinləri çox fəal iştirak edirlər. Fond yaradıldığı ilk gündən Heydər Əliyev Fondu ilə sıx əməkdaşlıq edir. Bizim nümayəndələrimiz qəsəbə sakinləri ilə mütəmadi görüşlər keçirirlər.


Bir məsələni xüsusi vurğulamaq istərdim. Mənim mövqeyim ondan ibarətdir ki, irimiqyaslı, uzunmüddətli layihələrlə yanaşı, gündəlik həyatda insanları narahat edən problemlərin araşdırılması çox vacibdir, bunların həlli üçün yollar tapmaq lazımdır. Ehtiyacı olan insanlara yardım göstərmək lazımdır. Mən həmişə çalışıram işimizi elə quraq ki, bu problemləri də daim çözə bilək.


Əziz dostlar, əlbəttə, bu gün rayonumuzda hələ həllini tapmayan problemlər də mövcuddur. Biz hamımız istəyirik ki, rayonumuzda bütün uşaq bağçaları, məktəblər ən yüksək standartlara cavab versin. Yeni müalicə-diaqnostika mərkəzləri, idman sarayları tikilsin, yeni iş yerləri açılsın, qaz problemi tamamilə həllini tapsın, təkcə mərkəzi yollar yox, qəsəbədaxili yollar da abadlaşsın.


Məncə, bunların hamısına nail olmaq üçün, əsas iki amil lazımdır. Birincisi, siyasi sabitlik, ikincisi də iqtisadi inkişaf. Bu gün bizim ölkəmizdə bunların ikisi də var. Siz bilirsiniz ki, Azərbaycan regionda aparıcı dövlətdir. İqtisadi inkişafın göstəricilərinə baxsaq görərik ki, biz dünyada lider ölkəyik. Azərbaycanın hər bir rayonunda, hər bir regionunda inkişaf gedir, islahatlar aparılır, yeni məktəblər, xəstəxanalar açılır, yeni zavodlar, fabriklər tikilir, yeni iş yerləri açılır, respublikamızın ən ucqar kəndlərinə yollar çəkilir. Mən inanıram ki, möhkəm iradə olanda, qarşıya qoyduğumuz hər bir məqsədə nail ola biləcəyik.


Əziz dostlar, mənim fəaliyyətim haqqında dediyiniz ürək sözlərinə görə sizə çox böyük, dərin minnətdarlığımı bildirirəm. Biz formalaşmış, möhkəm güclü bir komandayıq, ona görə hər bir arzumuzu həyata keçirəcəyik.


Cənab Prezidentin mənə bir tapşırığı var, onu sizə çatdırmaq istəyirəm. Cənab Prezident sizin hamınıza möhkəm cansağlığı, ailə səadəti, uzun ömür və işlərinizdə uğurlar arzulayır. Mən də bu arzulara qoşuluram.