5 iyul 2006

Azərbaycanın ali məktəblərinə müxtəlif elm sahələrinə aid kitabların təqdimatı mərasimi

İyulun 5-də Heydər Əliyev Fondu respublikamızın ali məktəblərinə müxtəlif elm sahələrinə aid Rusiyada yüksək poliqrafik səviyyədə çap olunmuş 4 mindən çox kitab hədiyyə edib. Bu münasibətlə keçirilən təqdimat mərasimində respublikamızın elm, mədəniyyət, təhsil işçiləri, tanınmış alim və ziyalıları iştirak ediblər.


Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mərasimdə çıxış edib.


Mehriban Əliyevanın çıxışı:


- Mən bizim növbəti tədbirimizdə sizin hər birinizi görməkdən çox şadam. Bu gün biz sizi gözəl bir kitab sərgisinə dəvət etmişik. Amma adi sərgidən fərqli olaraq, bizim sərgimizdəki bütün bu kitablar Heydər Əliyev Fondu tərəfindən ölkəmizin ali məktəblərinə hədiyyə kimi təqdim ediləcəkdir.


Bildiyiniz kimi, Heydər Əliyev Fondu təhsil sahəsində ardıcıl olaraq irimiqyaslı layihələr həyata keçirir. Bütün ölkədə böyük rəğbətlə qarşılanan "Yeniləşən Azərbaycana yeni məktəb" proqramının artıq ikinci mərhələsi başlayıbdır. Ötən il bu proqram çərçivəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə ölkəmizdə 100, 200 və 240 yerlik 132 məktəb tikilib istifadəyə verilibdir. Bu il artıq 50-yə yaxın məktəbin inşasına başlanılmışdır. Yeni tədris ilinin başlanmasına qədər bu məktəblərin hamısı ən müasir avadanlıqla təchiz olunub qapılarını şagirdlərin üzünə açacaqdır.


Digər bir layihə - "İnternat məktəblərinin inkişafı proqramı" 2003-cü ildə 268 nömrəli məktəbin təmiri ilə başlanıbdır. O zamandan indiyə qədər ölkəmizdə 23 internat məktəbində əsaslı təmir aparılmışdır. İndi biz deyə bilərik ki, belə xüsusi internat məktəblərində maddi-texniki baza ilə bağlı problemlərin əksəriyyəti aradan qaldırılmışdır.


Bugünkü tədbirimizi də təhsil sahəsində böyük bir proqramın başlanğıcı kimi qiymətləndirmək olar. Sərgimizdə 4 mindən artıq kitab nümayiş olunur, onların əksəriyyəti dərsliklərdir. Bu kitabları bir neçə qrupa bölmək olar. Kitabların bir qrupu rusca nəşr olunmuş riyaziyyat, fizika, kimya, biologiya, fəlsəfə, hüquq, tarix və psixologiya, sosiologiya və xarici dillərə aid olan dərsliklərdir.


İkinci bir qrup xarici dillərdən rus dilinə tərcümə edilən kitablardır. Bunlar müasir xarici üslubda nəşr olunmuşdur.


Kitabların böyük bir qismi tibb elmlərinə aiddir. Burada həm fəaliyyət göstərən həkimlərə, həm də Tibb Universitetinin tələbələrinə ünvanlanan nəşrlər vardır.


Nəhayət, uşaqlara aid olan və xüsusi məktəblər üçün dərsliklərdir.


Bütün bu kitablar bu gün ölkəmizin 14 təhsil ocağının kitabxanalarına bağışlanacaqdır.


Hesab edirəm ki, bu, bizim proqramımızın yalnız bir mərhələsidir. Hazırda Azərbaycanda ali təhsil məktəblərinin təhsil proqramında istifadə olunan dərsliklərin təhlili göstərir ki, onların əksəriyyəti sovet dövründə çap edilib və əlbəttə ki, çoxu köhnəlib və müasir tələblərə cavab vermir. Əgər biz bu gün təhsildə islahatlar haqqında danışırıqsa, öz tələbələrimizin ən qabaqcıl ölkələrin təhsil sisteminə inteqrasiya olunmalarını istəyirik. Ona görə də Heydər Əliyev Fondu təklif edir ki, təqdim olunan kitabların bizim təhsil proqramına uyğunluğu ali məktəblərdə araşdırılsın, təhlillər aparılsın, onlar Azərbaycan dilinə tərcümə edilərək çap olunsun.


Aydındır ki, elə kitablar var, onlar milli zəmində hazırlanmalıdır və bu, ilk növbədə, humanitar, ictimai elmlər sahəsinə aiddir. Azərbaycan dili, ədəbiyyatı tarixinə dair kitablar əlbəttə ki, yalnız Azərbaycanda yazılmalı və çap olunmalıdır.


Eyni zamanda, hesab edirəm ki, digər elmlərə aid olan fizika, kimya və biologiyaya aid dərsliklərin Azərbaycan dilinə tərcümə olunub kütləvi tirajla nəşr edilməsi bu gün ali məktəblərdə təhsil alan tələbələrimizə böyük dəstək ola bilər.


Bu məsələnin həllində Heydər Əliyev Fondu respublikamızın bütün ali məktəblərinin müəllimləri, alimləri ilə əməkdaşlığa, həm kitabların tərcüməsində, həm də çapında böyük dəstək göstərməyə hazırdır. Heydər Əliyev Fondu xüsusi məktəblərə aid olan dərslikləri, fiziki və əqli cəhətdən problemləri olan uşaqlar üçün dərsliklərin tərcüməsi və çapını öz öhdəsinə götürür və inanıram ki, yaxın gələcəkdə ölkəmizdə olan bütün xüsusi internat məktəbləri ən müasir dərsliklərlə təmin ediləcəkdir.


Sonda mən vurğulamaq istərdim ki, bu gün nümayiş olunan kitablar hamısı Rusiya təhsil sisteminə aiddir, amma yaxın gələcəkdə, bu ilin sonuna kimi Heydər Əliyev Fondu ingilis, alman, fransız dilində nəşr olunan dərsliklərin sərgisini keçirəcək və sonra bunlar yenə də bizim alimlərimizin, ekspertlərimizin ixtiyarına veriləcəkdir.


Sonda mən kitablar təqdim olunan ali məktəblərin siyahısı ilə sizi tanış etmək istərdim: Bakı Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Rəssamlıq Akademiyası, Bakı Slavyan Universiteti, Turizm Akademiyası.


Beləliklə, Heydər Əliyev Fondu bütün bu ali məktəblərlə əməkdaşlığa başlayır və mən inanıram ki, bu əməkdaşlıq uğurlu olacaqdır.


Paylaş: