19 aprel 2006

"Azərbaycan: sivilizasiyalararası dialoqun keçmişi və bu günü" mövzusunda beynəlxalq konfrans

Aprelin 19-da Heydər Əliyev Fondunda "Azərbaycan: sivilizasiyalararası dialoqun keçmişi və bu günü" mövzusunda beynəlxalq konfrans işə başlayıb.


Konfransı Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva açdı.


Mehriban Əliyevanın çıxışı:


- Hörmətli xanımlar və cənablar, əziz qonaqlar!


Sivilizasiyalararası dialoqun dünəni və bu günü mövzusunda keçirilən beynəlxalq konfransın bütün iştirakçılarını Heydər Əliyev Fondunda ürəkdən salamlayıram. Latın Mədəniyyəti Akademiyasını təmsil edən və xarici ölkələrdən gəlmiş qonaqlarımıza ən xoş arzularımı çatdırmaq istəyirəm və inanıram ki, bu gün Heydər Əliyev Fondu ilə başlanan əməkdaşlıq gələcəkdə daha da səmərəli olacaqdır. Konfransda Azərbaycan Respublikasını təmsil edən bütün nümayəndələrə, ictimai xadimlərə, müxtəlif təşkilatlardan olan insanlara "Xoş gəlmisiniz!" deyirəm. Fondumuzun qapıları Azərbaycanı dünya birliyində layiqli təmsil etməyə qadir olan bütün təşəbbüslərə, bütün təkliflərə, layihələrə daim açıqdır. Konfransın bütün iştirakçılarına cansağlığı, xoşbəxtlik və uğurlar arzulayıram.


Latın Mədəniyyəti Akademiyasının rəmzini görərkən, yəqin ki, bizim hər birimizin yadına Azərbaycan narı düşdü. Bu, nar çiçəyidir və biz hər birimiz onu görəndə Azərbaycan narını yadımıza salırıq. Nar Azərbaycan torpağının ən gözəl nemətlərindən biridir və bizim dastanlarda, mahnılarda, nağıllarda çox böyük yer tutur. Məlumdur ki, Məhəmməd Peyğəmbər narı insanları nifrətdən azad etməyə qadir bir nemət sayırdı. Digər rəvayətə görə, nar İsa Peyğəmbərin göylərdən gətirdiyi bir nemətdir. Buddizmdə üç xüsusi fərqlənən nemətlərdən biri də nardır. Bir çox qədim mədəni ənənələrdə nar həyat ağacının meyvəsi sayılır. Bu gün isə biz deyə bilərik ki, nar dünyada olan müxtəlif mədəniyyətlərin eyni kökə malik olmasının rəmzidir.


Əziz dostlar, Latın Mədəniyyəti Akademiyası 2000-ci ildə latın mənşəli ölkələrin mədəni irsini qorumaq məqsədi ilə yaradılmışdır. Eyni zamanda, dünyada gedən mürəkkəb siyasi proseslərə cavab olaraq son bir neçə ildə bu akademiya "Latin dünyası və islam aləmi" adlı konfranslar keçirir. Bütün müsəlman aləmində çox müsbət qarşılanan bu təşəbbüs konkret dialoqun nə qədər faydalı olduğunu nümayiş etdirir. Bu gün biz sivilizasiyalararası dialoqun keçmişindən söhbət açaraq xüsusi vurğulamalıyıq ki, qədim və çox zəngin yunan-Roma sivilizasiyasının ilk varisi məhz Şərq olubdur. Müsəlman renessansı kimi tarixə düşən bu dövrdə müsəlman ölkələrində ən mütərəqqi, ən qabaqcıl ideyalar yaşadılıb, inkişaf etdirilibdir. Şərq alimlərinin və filosoflarının əsərləri ilə zənginləşən bu irs orta əsrlərdə yenidən Avropaya qaytarılıbdır. Bütün Şərqin, müsəlman aləminin bu irsin qorunmasında rolu əvəzsizdir.


2006-cı ildə konfransın məhz Bakı şəhərində keçirilməsini ölkəmizin mədəniyyətlərarası dialoq sahəsində çox müsbət təcrübə toplaması ilə əlaqələndiririk. Həqiqətən də, əsrlər boyu Böyük İpək yolu üstündə yerləşən ölkəmiz çox yüksək tolerantlığa malik və müxtəlif mədəniyyətləri birləşdirən bir məkan kimi tanınır. Bu, bizim qürur duyduğumuz keçmişimizdir və inanıram ki, gələcəkdə də bu sahədə Azərbaycan öz müsbət rolunu oynayacaqdır.


Məlumdur ki, bu gün bəşəriyyət çox mürəkkəb bir dilemma qarşısındadır. Bu, həm siyasi, həm də elmi müstəvidə olan problemdir. Müasir alimlərin bir qismi sivilizasiyaların toqquşmasından söhbət açır və bunu elmi cəhətdən əsaslandırmağa çalışırlar. Digər mövqedə olan insanlar isə hesab edirlər ki, bizim zəngin müxtəlifliyimiz bəşəriyyətin ən böyük sərvətidir. Onlar dialoqun tərəfdarıdırlar və biz bu insanlarla həmfikirik. Belə bir dialoqun reallaşması üçün hər bir ölkədə konkret işlər görülməlidir. Biz çox yaxşı bilirik ki, cəmiyyətdə olan mühit, formalaşan ənənələr insanları bir-birinə qarşı ya düşmən, ya da dost etməyə qadirdir. Bu istiqamətdə ən vacib amillərdən olan təhsil və mədəniyyəti xüsusi qeyd etmək istərdim. Bu gün biz elə bir təhsil sistemi qurmağa çalışmalıyıq ki, müasir dünyada layiqli yaşamağa qadir olan, humanizm və sülh ideyalarına sadiq olan vətəndaş tərbiyə edə bilək.


Mən konfrans iştirakçılarının diqqətinə çatdırmaq istərdim ki, Heydər Əliyev Fondu tərəfindən "Yeniləşən Azərbaycana yeni məktəb" adlı irimiqyaslı layihə həyata keçirilir. Layihənin ilk mərhələsi təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsinə xidmət edir. Biz yeni məktəblər tikir, onları müasir avadanlıqla təchiz edirik. Ancaq bu, yalnız ilk addımdır. Bizim ali məqsədimiz ölkəmizdə ən müasir, ən yüksək tələblərə cavab verən təhsil sistemi yaratmaqdır. Biz heç zaman unutmamalıyıq ki, uşaqlar məktəbdə təkcə müxtəlif biliklər qazanmırlar, həm də bir şəxsiyyət kimi formalaşırlar, onların əsas dəyərlər sistemi formalaşır. Bu gün, biz ənənələrə sadiq qalaraq, gənc nəsli tolerantlıq ruhunda tərbiyə etsək, sabah onlar sivilizasiyalararası və mədəniyyətlərarası dialoqa daha hazır olacaqlar.


Təbiidir ki, hər bir xalqın öz tarixi var, öz xüsusiyyətləri, öz ənənələri, öz yolu var. Amma yəqin ki, hər bir xalqın gələcəyi üçün, sabahı üçün ən mühüm amillərdən biri mədəniyyətdir. Mən bu sözü çox geniş mənada işlədirəm. Fikrimcə, elm, dil, təhsil, incəsənət, hətta iqtisadi nailiyyətlər də mədəniyyətin tərkib hissəsidir. Öz mədəniyyətinə, öz tarixinə, öz ənənələrinə hörmətlə yanaşan xalq gərək eyni şəkildə fərqli mədəniyyətlərə də, fərqli tarixə də hörmətlə yanaşsın. Ksenofobiya, faşizm, digər millətlərə nifrət hissi - bunlar hamısı çox təhlükəli hallardır. Bu baxımdan, mən qürur hissi ilə deyə bilərəm ki, Azərbaycan çox yüksək tolerantlığa malik ölkə kimi bütün dünyaya nümunə ola bilər. Əsrlər boyu karvan yolları üstündə yerləşən bu diyar digər millətlərin və dinlərin nümayəndələri ilə təmas qurmağı bacarır. Bu gün də bizim ölkədə məscid, sinaqoq, katolik və pravoslav kilsələri mövcuddur. Torpağımızda yaşayan hər bir millətin təmsilçisi eyni hüquqlu Azərbaycan vətəndaşıdır. Başqa dinə dözümlülük və hörmət var. Elə bilirəm ki, bunlar hamısı bütün dünya üçün mesaj ola bilər.


Hörmətli konfrans iştirakçıları, belə bir tədbirin ölkəmizdə keçirilməsi heç də təsadüfi deyildir. Bu gün Azərbaycan dünya birliyinə inteqrasiya edən, Şərq və Qərb, Avropa və Asiya mədəniyyətlərini özündə birləşdirən, fərqli düşüncəyə çox hörmətlə yanaşan bir ölkədir. İnanıram ki, bu konfransın nəticələri və əldə olunan təcrübə gələcəkdə dialoqa yardım edəcəkdir.


Bir daha sizə cansağlığı, konfransa uğurlar arzulayıram. İndi isə sizi "Azərbaycanda dini dözümlülük və qarşılıqlı anlaşma" mövzusunda filmə baxmağa dəvət edirəm.


Paylaş: