6 aprel 2006

"Yeniləşən Azərbaycana yeni məktəb" proqramının ikinci mərhələsinin təqdimatına həsr olunmuş mərasim

Aprelin 6-da Heydər Əliyev Fondunda "Yeniləşən Azərbaycana yeni məktəb" proqramının ikinci mərhələsinin təqdimatına həsr olunmuş "dəyirmi masa" keçirilib. Respublika hökumətinin, xarici ölkələrin səfirliklərinin, beynəlxalq humanitar təşkilatların və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirak etdikləri tədbiri Fondun prezidenti Mehriban Əliyeva açdı.


Mehriban Əliyevanın çıxışı:


- Hörmətli xanımlar və cənablar!


İlk növbədə, sizi Heydər Əliyev Fondunda salamlayıram. Bugünkü "dəyirmi masa"mıza xoş gəlmisiniz.


Müasir dünyada hər bir ölkənin inkişafı, onun dünya birliyinə inteqrasiyası üçün təhsilin rolu əvəzsizdir. Məhz buna görə də Heydər Əliyev Fondu yarandığı ilk gündən təhsilə yardımı öz fəaliyyətinin prioritet istiqaməti elan etmişdir. Əgər xatırlayırsınızsa, ötən ilin iyun ayında Heydər Əliyev Fondu tərəfindən təhsil sahəsində hazırlanmış ən iri layihə olan "Yeniləşən Azərbaycana yeni məktəb" proqramının təqdimat mərasimində iştirak etmişdik.


Bizim məqsədimiz yeniləşən təhsil sisteminə yardım etmək, müasir təhsil komplekslərinin yaradılması, ölkəmizin hər bir yerində, ən ucqar kəndində də məktəbə gedən hər bir şagird üçün normal, gözəl şərait yaradılması idi. Bununla yanaşı, biz təhsildə olan problemlərə bütün cəmiyyətimizin diqqətini cəlb etməklə, bunların həllində fəal iştiraka dəvət edirdik. Həmin görüşdə biz belə təklif səsləndirdik və ölkəmizdə fəaliyyət göstərən iş adamlarına, sahibkarlara, yerli və xarici şirkətlərə, qeyri-hökumət təşkilatlarına, diplomatik korpusa müraciət etdik və onları bu layihədə fəal iştiraka dəvət etdik. Ondan çox az bir vaxt keçdi və bu təklif ölkədə böyük əks-səda, rezonans yaratdı. Bizi dəstəkləyən, təşəbbüsümüzə qoşulan insanların və Heydər Əliyev Fondunun birgə səyləri nəticəsində "Yeniləşən Azərbaycana yeni məktəb" proqramının ilk mərhələsi çox böyük uğurla başa çatdı. Ötən il ərzində ölkəmizin 52 rayonunda 132 yeni məktəb inşa olunub istifadəyə verildi, ən müasir avadanlıqla təmin edildi. 22 mindən artıq yeni şagird yeri açıldı.


Mən bu gün fürsətdən istifadə edərək, həmin layihədə iştirak edən, bizi dəstəkləyən, bizə yardım edən, bu gözəl işə qatılan hər bir insana, hər bir təşkilata öz dərin minnətdarlığımı bildirmək istəyirəm.


Heydər Əliyev Fondunun prezidenti kimi mən ölkəmizin müxtəlif rayonlarında inşaat işlərinin gedişi ilə tanış olurdum. Mütəxəssislərin, yerli camaatın - şagirdlərin, müəllimlərin fikirlərini və təkliflərini dinləyirdim. Bir sıra məktəblərin açılışında iştirak etdim. Hesab edirəm ki, il ərzində 132 məktəbin tikintisi bütün Azərbaycanın, bütün cəmiyyətin uğurudur, qazancıdır. Belə böyük nailiyyətlə yanaşı, bu mühüm layihəni həyata keçirərkən biz böyük təcrübə də qazandıq. İnanıram ki, gələcəkdə Heydər Əliyev Fondu tərəfindən hazırlanıb həyata keçiriləcək başqa proqramlarda, layihələrdə də bu təcrübədən səmərəli istifadə olunacaqdır.


Hazırda ölkəmizdə yeni tədris binasına, müasir avadanlığa ehtiyacı olan yüzlərlə məktəb mövcuddur. İstilik sistemi olmayan, dam örtüyü axan, qış vaxtı bağlanan, tədrisə yararsız olan məktəblərdə, əlbəttə ki, təhsilin də səviyyəsi bizi qane etməz. Ona görə Heydər Əliyev Fondu bu istiqamətdə işləri davam etdirməyi qərara alıb və biz "Yeniləşən Azərbaycana yeni məktəb" proqramının ikinci mərhələsinə başlayırıq.


Fond tərəfdən yaradılmış işçi qrupu artıq fəaliyyətə başlayıb və 100 məktəbdən ibarət olan yeni siyahı hazırlanıbdır. Bu siyahıya Bakıda, Abşeronda və respublikamızın müxtəlif rayonlarında yerləşən məktəblər daxil edilmişdir. Həmin məktəblərin yeni tədris ilinin başlanmasına qədər istifadəyə verilməsi nəzərdə tutulur.


Xüsusi vurğulamaq istərdim ki, bu siyahıda olan məktəblərin çoxu Bakıətrafı qəsəbələrdə yerləşən, 500 və daha çox şagirdlik məktəblərdir. Təbii ki, belə böyük məktəblərdə idman kompleksi, kitabxana, yeməkxana da nəzərdə tutulmalıdır.


Mən inanıram ki, biz bu proqramın ikinci mərhələsini də birlikdə uğurla həyata keçirəcəyik. İndi isə ölkəmizdə 2005-ci il ərzində orta ümumtəhsil məktəblərində inkişaf barədə çıxış üçün söz verilir təhsil naziri cənab Misir Mərdanova.


Paylaş: