1 fevral 2006

Rusiyanın "Puşkin kitabxanası" Fondundan Heydər Əliyev Fonduna kitabların hədiyyə edilməsi mərasimi

Fevralın 1-də Heydər Əliyev Fondunda Rusiyanın "Puşkin kitabxanası" Fondundan kitabların hədiyyə edilməsi mərasimi keçirilib.


Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mərasimi açdı.


Mehriban Əliyevanın çıxışı:


- Hörmətli xanımlar və cənablar!


İlk növbədə, "Puşkin kitabxanası" Fondunun baş direktoru Mariya Vedenyapinanı, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun kafedra müdiri, professor Tatyana Alekseyevanı Heydər Əliyev Fondunda salamlamaq istərdim.


"Puşkin kitabxanası" Fondunun bağışladığı kitabların bugünkü sərgisi, əslində, Azərbaycanda Rusiya Federasiyası İli çərçivəsində keçiriləcək bir sıra tədbirləri açır. Yəqin hamınız yaxşı xatırlayırsınız ki, sovet statistikasına görə, Sovet İttifaqı dünyada ən çox mütaliə edən ölkə sayılırdı. İndi postsovet məkanının da dünyada ən çox mütaliə edən məkan olduğunu söyləsəm, yəqin ki, yanılmaram. Ona görə də ölkələrimizin inkişafının müəyyən məqamında kitab nəşrinin kəskin şəkildə azaldığı, elmi, bədii ədəbiyyatın sanki yoxa çıxdığı bir vaxtda biz əsil kitab aclığı hiss etməyə başladıq.


Kitab nəşrinin dirçəldilməsi, bir tərəfdən, kitabların xeyli bahalaşması ilə, digər tərəfdən isə, belə bir narahatlıqla müşayiət edilirdi ki, bundan sonra biz ancaq detektivləri, eşq-məhəbbət romanlarını, kulinariya kitablarını və qoroskopları oxumağa məhkumuq. Lakin, xoşbəxtlikdən, cəmiyyətdə bu çox dərin böhranı aradan qaldırmağa qadir qüvvələr tapıldı. Bugünkü sərgi də buna əyani sübutdur.


Düşünürəm ki, siz bu ədəbiyyatla, ötəri də olsa, tanış ola bildiniz. Bu, doğrudan da, elə əsil, həqiqi bədii və elmi ədəbiyyatdır ki, onsuz nəinki təhsil və elmi, həm də, ümumən, cəmiyyəti təsəvvür etmək belə çətindir. Mən diqqətinizi dərsliklərə ayrıca cəlb etmək istəyirəm. Aydındır ki, müstəqil dövlətlərdəki yeni ictimai-siyasi şəraitdə dərsliklərin tamamilə yeni növünü yaratmaq məsələsi qarşıya çıxmışdır. Rusiyada "Puşkin kitabxanası" bu proqramın işlənib hazırlanmasını fəal dəstəkləyən və onda iştirak edən bir neçə qurumdan biri olmuşdur. Bu gün gördüyünüz kitabların 800-dən çoxu məhz dərsliklərdir. Həmin problem indi respublikamızda da eyni dərəcədə aktualdır. Çox ümid edirəm ki, yaxın gələcəkdə biz hamımız Azərbaycanda kitab nəşrinin dirçəlməsinin şahidi olacağıq. Zənnimcə, ölkədə artıq iki ildir həyata keçirilən irimiqyaslı layihəni bu prosesin başlanğıcı adlandırmaq olar. Söhbət latın qrafikası ilə Azərbaycan ədəbiyyatının, xarici, klassik və müasir ədəbiyyatın nəşrindən gedir. Bu layihə cari ildə də davam etdiriləcəkdir. Bundan əlavə, Prezidentin Fərmanı ilə Təhsil Nazirliyi dərsliklərə dair ayrıca böyük proqram hazırlayır. O, ali məktəb ixtisaslarının bütün istiqamətlərini əhatə edəcəkdir. Şübhəsiz ki, bu proqram həyata keçirilərkən Rusiyanın təcrübəsi, xüsusən də, "Puşkin kitabxanası" Fondunun təcrübəsi bizim üçün çox qiymətlidir.


Mən ayrıca vurğulamaq istəyirəm, Azərbaycan bütün postsovet məkanında, bəlkə də, yeganə ölkədir ki, burada istər orta, istərsə də ali məktəbdə rus dilində təhsil belə böyük həcmdə saxlanılmışdır. Özü də, bəzi həmsərhəd respublikalardan fərqli olaraq, bu təhsil Azərbaycan Respublikasının büdcəsindən maliyyələşdirilir. Ölkəmizdə artıq neçə illərdir fəaliyyət göstərən Slavyan Universitetində, əslində, bütün slavyan dilləri üzrə mütəxəssislər hazırlayırlar. Bu gün biz fəxr edirik ki, böyük rus ədəbiyyatının mədəni məkanını saxlamağa müvəffəq olmuşuq. Şübhəsiz, bu, Azərbaycan ilə Rusiya arasında mədəni körpüdür.


Yəqin ki, siz hamınız yaxşı xatırlayırsınız, bizim ümumi keçmişimizdə sovet dövrünün ən populyar təbliğat şüarlarından biri belə idi: "Kitab ən yaxşı hədiyyədir". Əgər əvvəllər biz o vaxtlar bu ifadəyə bir qədər istehza ilə yanaşırdıqsa, indi buradakı müxtəlif, çox yaxşı və lazımlı nəşrlərə baxanda etiraf edirik ki, kitab, həqiqətən, ən yaxşı hədiyyədir.


İcazə verin, belə qiymətli hədiyyəyə görə "Puşkinskaya biblioteka" Fondunun baş direktoru Mariya Aleksandrovnaya bir daha təşəkkürümü bildirim və çıxış üçün sözü ona verim.


Paylaş: