31 yanvar 2006

Mehriban Əliyevaya "2005-ci ilin adamı" mükafatının təqdim edilməsi mərasimi

Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupu ölkəmizin təhsil sisteminin inkişafında xidmətlərinə, milli mədəni irsimizin qorunub saxlanılmasına və dünyada təbliğinə, xarici ölkələrdə xalqımızın müsbət imicinin möhkəmlənməsi üçün gördüyü işlərə, bədii gimnastika üzrə 27-ci dünya çempionatının respublikamızda yüksək səviyyədə hazırlanıb keçirilməsinə, genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanı "2005-ci ilin adamı" elan edib. Yanvarın 31-də "Park İnn" hotelinin böyük mərasim salonunda mükafatın təqdim edilməsi mərasimi keçirilib.


Mehriban Əliyeva mərasimdə çıxış edib.


Mehriban Əliyevanın çıxışı:


- Hörmətli xanımlar və cənablar!


İlk növbədə, Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupuna fəaliyyətimi yüksək qiymətləndirib məni "İlin adamı" elan etdiklərinə görə öz dərin minnətdarlığımı bildirirəm.


2005-ci il Azərbaycanın tarixində və insanların yaddaşında bir sıra mühüm və həlledici hadisələrlə yadda qalacaqdır: Bakı-Tbilisi-Ceyhan layihəsinin həyata keçirilməsi, parlament seçkiləri, ölkəmizin iqtisadiyyatında misli görünməyən nailiyyətlər, ölkəmizdə olimpiya idman növü olan bədii gimnastika üzrə ilk dəfə dünya çempionatının keçirilməsi. Yəqin ki, bu siyahını davam etdirmək olar və belə bir gərgin hadisələrlə dolu ilə yekun vurularkən, "İlin adamı" elan edilməyim, əlbəttə, mənim üçün, bir tərəfdən, çox böyük şərəf, digər tərəfdən isə, çox böyük məsuliyyətdir.


Təbiidir ki, mən öz işlərimi qurub-planlaşdıranda heç bir mükafat barədə düşünmürdüm. Mən sadəcə öz səylərimi, qüvvəmi qarşıya qoyduğum bir sıra məsələlərə yönəltmişdim. Mən hər hansı bir fəaliyyətimə başlayarkən məsuliyyətimi hiss edirdim.


Hesab edirəm ki, işin vacibliyi və xarakterindən asılı olmayaraq, əsil məsuliyyət insanın özü qarşısında, özünə verdiyi vədləri qarşısında olan məsuliyyətdir. Bir daxili tələb olaraq, mən hər addımımda bu məsuliyyəti hiss edirəm. Digər tərəfdən, bu, sizlərin, cəmiyyətin, millətin qarşısında olan məsuliyyətdir və onun böyüklüyü inkaredilməzdir. Bu sırada mənə ünvanlanan məktubların, göstərilən etimadların sayı nə qədər çox idisə, bunlar məni bu işləri bir o qədər çox davam etdirməyə çağırır, bunların mənə arxa olduğunu və qüvvə verdiyini duyurdum.


Bu gün mən ANS Şirkətlər Qrupu və Milli Qəhrəman Çingiz Mustafayevin adını daşıyan Fondla yanaşı, mənə inanan, etimad göstərən, məni dəstəkləyən hər bir insana öz dərin minnətdarlığımı bildirmək istəyirəm.


Hesab edirəm ki, bu mükafat Heydər Əliyevin adını daşıyan və onun siyasətini davam etdirən Fondun fəaliyyətinə verilən yüksək qiymətdir. Fond yaradılan ilk gündən qarşısına çox böyük və mühüm məqsədlər qoymuşdur. Biz arzu edirdik ki, cəmiyyətimizdə adımıza layiqli bir yer tutaq və Heydər Əliyevin dövlətçilik, azərbaycançılıq, vətənpərvərlik fəlsəfəsini davam etdirməyə qadir olaq. Bizim mövqeyimiz hər zaman ondan ibarət olub ki, hər bir insanı, hər bir təşkilatı, hər bir qurumu təmtəraqlı sözlər yox, tərif və parlaq epitetlər yox, gördüyü işlər və əldə edilən nəticələr xarakterizə etməlidir.


"Yeniləşən Azərbaycana yeni məktəb", "İnternat məktəbləri və uşaq evlərinin inkişafı" proqramları, "Diabetli uşaqlara ən yüksək qayğı", "Talassemiyasız yaşam" layihələri, "Qarabağ xanəndələri" və "Qarabağ həqiqətləri" albomları - bütün bunlar Heydər Əliyev Fondunun 2005-ci ildəki fəaliyyətinin yalnız bir qismidir. Məhz bu əməllərə görə Heydər Əliyev Fondu bu gün cəmiyyətdə böyük nüfuza malikdir və böyük dəstəyə, hörmətə malik olan bir qurumdur.


2005-ci ilin ən parlaq aksiyalarından biri "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsinin gerçəkləşməsi oldu. Bu layihənin hazırlanması dövründə ölkəmizdəki bütün kənd məktəbləri təhlil edildi və ən yararsız vəziyyətdə olanların siyahısı tutuldu. İkinci mərhələdə, çox qısa bir zamanda 132 məktəb inşa olunub istifadəyə verildi. Azərbaycanın tarixində heç vaxt belə bir qısa zamanda bu qədər məktəb tikilməyibdir. Misal üçün demək istərdim ki, sovet dövrünün rekordu 110 məktəb olub və həmin məktəblərin əksəriyyəti şəhərlərdə tikilibdir. Bizim layihə isə kənd məktəblərinin vəziyyətinin yaxşılaşdırılmasına yönəldilmişdir.


Biz 2005-ci ildə bu layihə çərçivəsində 22 min şagird yeri yaratmağa nail olduq və mən inanıram ki, bu ildə layihəmiz davam etdiriləcəkdir.


Fürsətdən istifadə edərək, Heydər Əliyev Fondunun təşəbbüsünə cavab verən hər bir quruma, təşkilata, yerli və xarici şirkətlərə, sahibkarlara, iş adamlarına dərin minnətdarlığımı bildirmək istəyirəm.


Fondun daim diqqəti mərkəzində olan layihələr ölkəmizdə mövcud olan internat məktəbləri və uşaq evlərinin fəaliyyəti ilə bağlıdır. Bu müəssisələrin maddi-texniki bazalarının yenidən qurulması ilə yanaşı, biz çalışırıq, kimsəsiz uşaqlara mənəvi dayaq olaq, onlar üçün bir növ ailə mühiti yaradaq. Artıq mən deyə bilərəm ki, bütün bu uşaqlar bizim üçün əziz və doğma olublar, biz mütəmadi olaraq onlarla görüşürük və bu gün mən bütün cəmiyyətimizi bu problemə diqqət yetirməyə çağırıram.


Mədəni irsimizin qorunması, zəngin tariximizi və ənənələrimizi, gözəl musiqimizi və ədəbiyyatımızı qoruyub saxlamaq və gələcək nəsillərə, bütün dünyaya çatdırmaq Heydər Əliyev Fondunun mənəvi borcudur. Keçən il işıq üzü görən "Qarabağ xanəndələri" albomu cəmiyyətimizdə çox böyük diqqət və maraqla qarşılanmışdır. Yaxın gələcəkdə muğam sənətinə həsr olunmuş bir sıra yeni kitablar da işıq üzü görəcəkdir. Gələcəkdə bu istiqamətdə olan fəaliyyətimizi genişləndirməyə çalışacağıq.


Səhiyyə ilə bağlı olan layihələri xüsusi vurğulamaq istərdim: diabet xəstəliyinə tutulmuş uşaqlara kömək, talassemiya və başqa irsi xəstəliklərin aradan qaldırılması üçün həyata keçirilən tədbirlər. Bizim ünvanımıza yüzlərlə məktub gəlir və müxtəlif xəstəliklərdən əzab çəkən insanlar bizdən kömək istəyir və biz də çalışırıq ki, bu köməyi daim onlara göstərək.


2005-ci ilin ən uğurlu layihələrindən biri "Azərbaycan portalı"nın yaranmasıdır. Üç dildə olan bu portal dünya ictimaiyyəti üçün ölkəmiz barədə ətraflı, dolğun və ədalətli bir məlumat mənbəyinə çevirilibdir.


Bir sözlə, 2005-ci ildə Heydər Əliyev Fondunun fəaliyyəti çox zəngin olub və bütün layihələr, proqramlar barədə çox söz demək olar. Bir neçə gün bundan əvvəl biz ilə yekun vurduq, hesabatı ictimaiyyətə təqdim etdik. Fondun fəaliyyətinin bütün istiqamətlərinin hamısını açıqlamağa çalışdıq. Ona görə bu gün mən yalnız layihələrimizin, proqramlarımızın yalnız bir qismi haqqında bir neçə söz dedim.


Heydər Əliyev Fondu hər bir təşkilatla, hər bir qurumla və hər bir vətəndaşla əməkdaşlığa daim açıq olan qurumdur və mən inanıram ki, biz birlikdə ölkəmizin inkişafı və xalqımızın gələcəyi naminə hələ çox-çox böyük işlər görəcəyik.


Əziz dostlar, bu gün biz müasir texnika, yüksək texnologiya və qloballaşma dövründə yaşayırıq. Fikrimcə, zəmanənin ən böyük təzadlarından biri ondan ibarətdir ki, əldə edilən tərəqqi, kommunikasiya imkanları insanların birləşməsinə, daha sıx ünsiyyət qurmasına şərait yaratsa da, gerçək həyatda biganəlik artır, insanların arasında uçurum artır. Bəzən nəinki bəşəriyyətin səsini eşitmirik, hətta qonşu-qonşunu eşitmir, qardaş-qardaşa kömək əlini uzatmaq istəmir. Bu gün bütün dünyanın qarşılaşdığı ən ağrılı problemlərdən biri mənəvi idealların ucuzlaşması, onların saxta ideallarla əvəz edilməsidir. Bəzən cəmiyyətdə insan elə bir vəziyyətə düşür ki, bütün döydüyü qapılar onun üzünə bağlı qalır. O, öz dərdi ilə, öz problemi ilə təkbaşına qalır və ona elə gəlir ki, heç bir şey və heç kəs ona kömək edə bilməz. Bu halda o, üzünü bizim Fonda tutur. Mən demək istəmirəm ki, biz dərhal onun bütün problemlərini həll edirik. Amma o insan burada nə biganəliklə, nə soyuq münasibətlə rastlaşmaz və hökmən onun probleminin həlli üçün mümkün olan bütün vasitələrdən istifadə ediləcəkdir. Yəqin ki, xeyriyyəçilik, insansevərlik, mərhəmət Azərbaycan xalqının mentalitetinə, mədəniyyətinə, əsrlər boyu formalaşan ənənələrimizə xas olan ən gözəl keyfiyyətlərdən biridir və bu gün biz Heydər Əliyev Fondu olaraq, bu ənənələri davam etdirməyə çalışırıq.


Hər bir insanın yəqin ki, öz yaşam fəlsəfəsi var. Hökm deyil ki, bu fəlsəfəni sözlərlə izah etsin. Onun hərəkətlərində, əməllərində istər-istəməz özünü büruzə verəcəkdir. Bizim Fondumuzun da belə bir fəlsəfəsi var. Bu fəlsəfənin əsasında çox sadə bir ideya, əməl durur: insanlara yaxşılıq etmək. Hər bir insan nəinki çətin anlarında, həm də gündəlik həyatında özünə qarşı xoş münasibəti hiss etsə, bu, onun ömrünü başqa bir məna ilə doldurmağa qadirdir. Mən inanıram ki, xoş əməllərlə dünyada çox şeyi yaxşılığa doğru dəyişdirmək mümkündür.


Sonda bir arzumu da diqqətinizə çatdırmaq istərdim. Bildiyiniz kimi, Heydər Əliyevin təşəbbüsü ilə yaranan Silahlı Qüvvələrə Yardım Fondu ictimaiyyətin dəstəyi ilə fəaliyyət göstərir. ANS teleradio şirkəti millətçiliyə, vətənpərvərliyə, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü mövzusuna hər zaman böyük diqqətlə yanaşır və bu, təqdirəlayiq bir faktdır. Mən istərdim ki, bu gün mənə verilən pul mükafatını məhz həmin Fondun hesabına keçirim.


Bir daha ANS Şirkətlər Qrupuna və Milli Qəhrəman Çingiz Mustafayev Fonduna öz dərin minnətdarlığımı bildirmək istəyirəm. Arzu edirəm ki, 2006-cı il sizlər üçün, bütün ölkəmiz üçün daha uğurlu, daha işıqlı və bütün arzularınızın gerçəkləşdiyi il olsun. Çox sağ olun.


Paylaş: