24 yanvar 2006

"Qarabağ həqiqətləri" bukletlər toplusunun təqdimat mərasimi

Yanvarın 24-də Heydər Əliyev Fondunda "Qarabağ həqiqətləri" bukletlər toplusunun təqdimat mərasimi keçirilib.


Mərasimi Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva açdı.


Mehriban Əliyevanın çıxışı:


- Hörmətli xanımlar və cənablar!


Əziz dostlar!


İlk növbədə sizi Heydər Əliyev Fondunda salamlayır və əsil qış havasına baxmayaraq, bugünkü mərasimdə bizimlə birlikdə olduğunuza görə minnətdarlığımızı bildirirəm.


Heydər Əliyev Fondu artıq bir ildən çoxdur ki, fəaliyyət göstərir. Bu gün mən böyük qürur hissi ilə demək istərdim ki, Fond həm ölkəmizin ictimai həyatının fəal iştirakçısıdır, həm də cəmiyyətimizdə böyük əks-sədaya və hörmətə malik olan bir təşkilatdır. Qısa zamanda belə yüksək nüfuz qazanmağın səbəbi Fond tərəfindən hazırlanıb həyata keçirilən müxtəlif proqramlar və layihələr, görülən konkret işlər və əldə edilən nəticələrdir. Təhsil, səhiyyə, sosial problemlər, idman və gənclərin problemləri, mədəni irsin qorunması - bütün bu sahələrdə Fond konkret layihələr həyata keçirmiş və uğurlu nəticələr əldə etmişdir.


Yaradılan ilk gündən bəyan etmişik ki, Heydər Əliyev Fondu Azərbaycanın firavan gələcəyi naminə, Azərbaycan xalqının bu günü və xoşbəxt sabahı naminə fəaliyyət göstərir. Biz çalışırıq ki, cəmiyyətimizin ən aktual, ən vacib problemlərini, suallarını diqqət mərkəzində saxlayaq və bunların həlli yolunda əlimizdən gələni əsirgəməyək.


Bu gün Azərbaycanın ən böyük, ən ağrılı problemi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir. Ölkəmizin qarşısında duran ən mühüm məsələ budur. Min il öncə olduğu kimi, bu gün də hər bir millətin qarşılaşa biləcəyi ən böyük haqsızlıq, ən böyük faciə təcavüz və torpağının işğalıdır. Azərbaycan xalqı artıq 17 ildir ki, belə bir haqsızlıqla üzləşmişdir. Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal altındadır. 20 mindən artıq insan həlak olmuş, 50 mindən çox adam yaralanmış və əlil olmuşdur. 1 milyondan artıq insan 10 ildən çoxdur ki, öz doğma torpağından didərgin düşərək, qaçqın və məcburi köçkün vəziyyətində yaşayır. Azərbaycanlılar ermənilər tərəfindən soyqırıma və etnik təmizləmə siyasətinə məruz qalmışlar. Bir milyondan çox soydaşımızın insan hüquqları tapdanmışdır. Bütün bəşəriyyətə qarşı tarixi bir cinayət olan Xocalı soyqırımı Azərbaycanın XX əsr tarixinin ən ağır faciəsidir.


Bütün bu reallıqlar, bütün bu həqiqətlər bizim ən ağır problemimizdir və biz artıq bu reallıqlarla, bu həqiqətlərlə XXI əsrə qədəm qoymuşuq.


Bütün bu həqiqətləri, bütün bu hadisələri, faktları, Dağlıq Qarabağ münaqişəsinin əsil səbəb və nəticələrini beynəlxalq ictimaiyyətə çatdırmaq, informasiya blokadasını yarmaq, on illərdir erməni diasporu tərəfindən yayılan yalan və uydurmaların qarşısını almaq Heydər Əliyev siyasətinin ayrılmaz bir hissəsi idi. Heydər Əliyev hər bir xarici səfərinə Azərbaycanın xəritəsini də aparardı və orada keçirilən görüşlər zamanı rastlaşdığı insanlara bütün əsil həqiqətləri, faktları çatdırırdı və bunu hər bir azərbaycanlıya tövsiyə etmişdir.


Bu gün də həmin siyasət davam etdirilir. Keçən il Milli Elmlər Akademiyasının 60 illik yubileyinə həsr edilmiş toplantıda Azərbaycan Prezidenti cənab İlham Əliyev çıxışında demişdir ki, Qarabağ mövzusunda şoxsaylı elmi işlər yaradılmalıdır, kitablar yazılmalıdır, müxtəlif dillərə tərcümə edilib dünyaya yayılmalıdır. Biz, Heydər Əliyev Fondu da ulu öndərimizin ideyalarına sadiq qalaraq, bu işi davam etdirməyi özümüzə mənəvi borc sayırıq. Bu gün təqdim olunan layihə "Qarabağ həqiqətləri" silsiləsi bu istiqamətdə bir addımdır.


İdeoloji iş ardıcıl, intensiv və zamanın tələblərinə cavab verən fəaliyyət tələb edir. Müasir dünyada böyük həcmli kitablara marağın azaldığını nəzərə alaraq, biz daha qısa bir formata üstünlük verdik və bizim bu toplumuz beş bukletdən ibarətdir. Bunlarda Qarabağın tarixi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin başlanması, onun nəticəsində ölkəmizə vurulan ziyan, Xocalı soyqırımı və ermənilərin törətdiyi terror aktları haqqında çox dəqiq məlumat toplanmışdır. Bu, beynəlxalq aləmə ünvanlanan bir nəşrdir və ona görə ingilis, fransız, alman, ərəb və rus dillərində çap olunacaqdır. Bukletləri əlinə alan hər bir kəs çox az bir vaxt sərf edərək, ədalətli və düzgün faktlara əsaslanan məlumat əldə edə biləcəkdir.


Heydər Əliyev Fondu tərəfindən yaradılan işçi qrupu hazırda silsilənin ikinci hissəsi üzərində çalışır. Burada daha çox Qarabağın Qafqaz Albaniyası dövləti dövründən Azərbaycanın sovet dövrünə qədər olan tarixi faktlar əksini tapacaqdır. Mən inanıram ki, "Qarabağ həqiqətləri" silsiləsi Azərbaycanın haqq sözünü bütün dünya ictimaiyyətinə çatdırmaqda mühüm və vacib bir addım olacaqdır.


Sonda mən bu layihə üzərində çalışan hər bir insana minnətdarlığımı bildirirəm.


Diqqətinizə görə sağ olun.