9 dekabr 2005

BMT-nin İnkişaf Proqramı ilə Heydər Əliyev Fondu arasında əməkdaşlıq sazişinin imzalanması mərasimi

Dekabrın 9-da BMT-nin İnkişaf Proqramı ilə Heydər Əliyev Fondu arasında görmə qabiliyyətini itirmiş və görmə qabiliyyəti zəif olan insanlar üçün informasiya kommunikasiya texnologiyalarına çıxışın təmin edilməsinə dair əməkdaşlıq sazişi və layihə sənədi imzalanıb.


Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mərasimdə çıxış edib.


Mehriban Əliyevanın çıxışı:


- Hörmətli cənab Borsotti!


Hörmətli xanımlar və cənablar!


Bu gün Heydər Əliyev Fondu ilə BMT İnkişaf Proqramı arasında çox önəmli bir saziş imzalandı. Ölkəmizdə kor və görmə qabiliyyəti zəif olan insanların informasiya kommunikasiya texnologiyalarına çıxışını təmin edən layihə artıq həyata keçirilməyə başlanır. Azərbaycanda 320 min əlil insan yaşayır. Onlardan 40 mini kor və görmə qabiliyyəti zəif olan şəxslərdir. Layihə bu insanların həyata qoşulmasına, onların informasiya kommunikasiyaları vasitələri ilə bilik və məlumat əldə etmək imkanlarının genişləndirilməsinə, onların məşğulluğunun artırılmasına, ümumən bu insanların yaşayış tərzini yaxşılaşdırmağa xidmət edəcəkdir. Bu saziş Heydər Əliyev Fondu ilə BMT-nin İnkişaf Proqramı arasında əməkdaşlığın ilk təməlidir. Heydər Əliyev Fondu yaradıldığı ilk gündən cəmiyyətimizin ən zəif təbəqələrinə böyük diqqət və qayğı ilə yanaşır. Artıq bu gün hamıya tanış olan fəaliyyətimiz bunu sübut edir. "Diabetli uşaqlara ən yüksək qayğı", "Talassemiyasız həyat", "Yeniləşən Azərbaycana yeni məktəblər", "Uşaq evi və internat məktəblərinin inkişafı" proqramları qısa bir zamanda həyata keçirilmişdir və nəticədə minlərlə insana yardım göstərilmiş, kimsəsiz uşaqlara qayğı artırılmış, mühüm sosial problemlər həllini tapmışdır. Məhz bu fəaliyyətinə görə Heydər Əliyev Fondu Azərbaycanda böyük hörmətə malik olan və ölkənin ictimai həyatında mühüm rol oynayan bir qurumdur.


Bu gün Heydər Əliyev Fondu beynəlxalq səhnəyə çıxır. Dünyanın ən mötəbər, ən nüfuzlu təşkilatı olan Birləşmiş Millətlər Təşkilatı ilə birgə fəaliyyətə başlayır. Mən əminəm ki, bu gün başladığımız layihə çox böyük uğurla nəticələnəcək, əldə olunan təcrübə kor və görmə qabiliyyəti zəif olan insanların imkanlarını genişləndirmək üçün hazırlanan yeni strategiyaya yardım göstərəcəkdir.


Sonda mən layihə üzrə işləyən bütün insanlara öz dərin minnətdarlığımı bildirmək istəyirəm, Fondun əməkdaşlarına, BMT-nin İnkişaf Proqramına və şəxsən cənab Borsottiyə minnətdarlığımı bildirmək istəyirəm. Çox sağ olun.


Paylaş: