13 oktyabr 2005

Mehriban Əliyevaya "Yaqut xaç" ordeninin təqdim edilməsi mərasimi

Oktyabrın 13-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya "Yüzilliyin mesenatı" Beynəlxalq Xeyriyyə Fondunun "Yaqut xaç" ordeninin təqdim edilməsi mərasimi olub.


Birinci xanım Mehriban Əliyeva mərasimdə çıxış edib.


Mehriban Əliyevanın çıxışı:


- Əziz qonaqlar!


Hörmətli xanımlar və cənablar!


İcazə verin, ilk növbədə, fəaliyyətimə belə yüksək qiymət verildiyinə görə "Yüzilliyin mesenatı" Fonduna, hörmətli Pyotr Pyotroviç, şəxsən Sizə, Angelina Mixaylovna, Sizə çox böyük təşəkkür və minnətdarlıq hisslərimi ifadə edim. Burada mənim ünvanıma söylədiyiniz sözlərə görə sağ olun. Mən bundan çox təsirləndim.


Mən Fondumuzun fəaliyyətindən bir qədər danışmaq istərdim. Angelina Mixaylovna onun haqqında çox yaxşı və müfəssəl danışdı. Buna baxmayaraq, bir neçə kəlmə demək istərdim. Fondumuz nisbətən yaxınlarda, bir ildən bir qədər əvvəl fəaliyyətə başlamışdır. Bu müddət ərzində, - mən bunu iftixarla deyirəm, - biz ölkəmizdə çox nüfuzlu və çox hörmətli təşkilat ola bildik. Yəqin, burada xeyriyyəçilik fəaliyyətimizin çox böyük rolu var.


Biz işimizə yenicə başlayanda bildirdik ki, ölkəmizdə ictimai-siyasi həyatın bütün sahələrində Fondun iştirak etdiyi qlobal, genişmiqyaslı, uzunmüddətli layihələr ilə yanaşı, cəmiyyətimizin ən aztəminatlı təbəqələri olan insanlara - valideynlərindən məhrum uşaqlara, qaçqın və məcburi köçkünlərə, yoxsulluq həddindən aşağı səviyyədə yaşayan adamlara, qocalara və müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqlara çox böyük diqqət yetirəcəyik.


Budur, indi, aradan bir ildən bir az artıq vaxt keçəndən sonra iftixarla deyə bilərəm ki, məhz həmin istiqamətdə görülmüş bütün işlər öz nəticələrini, öz real bəhrələrini verir. Məktəblərə gedəndə özümü çox xoşbəxt hiss edirəm. Mən demişəm ki, Azərbaycandakı hər bir internat məktəbinə, hər bir uşaq evinə şəxsən özüm gələcəyəm. Bu günədək biz 40 uşaq evində olmuşuq. İnanın ki, indi onların təxminən 30-u, demək olar, təzələnmiş, yenidən tikilmişdir, yəni biz real şərait yaratmışıq, bu uşaqların yaşayışı və təhsili üçün şəraiti yaxşılaşdırmışıq. Bununla yanaşı, uşaqlar hiss etmişlər ki, unudulmayıblar, onlarla maraqlanırlar, onlar cəmiyyətimizə gərəkdirlər. Bir növ zəncirvarı reaksiya getmişdir - onlarla maraqlanmağa, onlara baş çəkməyə, diqqət yetirməyə başlamışlar. Bu isə onları isti yaşayış yeri ilə təmin etməkdən və onlara təhsil verməkdən heç də az vacib deyildir.


Bu ilin mayında Fondun təşəbbüsü ilə irəli sürülmüş "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı respublikada çox böyük əks-səda doğurdu. Respublika ərazisindəki bütün məktəblərin monitorinqini keçirdik və öyrəndik ki, elə məktəblər var, burada nəinki oxumaq, hətta həmin binalarda olmaq mümkün deyildir. İnanmaq çətin olsa da, 4 ayda 90 yeni məktəb tikilib istismara verildi, daha 40 məktəb isə bu ilin sonunadək hazır olacaqdır.


Mədəniyyət, səhiyyə sahəsində bir sıra iri layihələr, məsələn, diabetdən əziyyət çəkən uşaqlara yardım layihəsi var. Biz digər ictimai təşkilatlarla birlikdə ona nail olduq ki, indi respublikada bu xəstəliyə tutulmuş uşaqların hamısı lazımi dava-dərman alır. Genetik cəhətdən keçici xəstəlik olan talassemiya Azərbaycanda böyük problemdir. Aralıq dənizi bölgəsinin bir sıra ölkələrində bu xəstəliyin, demək olar, öhdəsindən gəlmiş, ona son qoymuşlar. Odur ki, biz bu ölkələrin müsbət təcrübəsindən bəhrələnərək, beynəlxalq dərəcəli ekspertlər cəlb edərək, Azərbaycanda talassemiyanın ləğv olunmasına dair proqram hazırlamışıq. Bu ilin oktyabrında biz ixtisaslaşdırılmış talassemiya mərkəzinin tikintisinə başlayacağıq. Qan xəstəliyindən əziyyət çəkən hər bir uşaq burada ən səmərəli tibbi yardım ala biləcəkdir.


Mədəniyyət sahəsində fəaliyyətimizi elə qurmağa çalışırıq ki, dövrlərin və nəsillərin varisliyi saxlanılsın. Çünki bunsuz nə yüksək mədəniyyət, nə incəsənət, nə də milli ruhun formalaşması mümkündür. Həyata keçirdiyimiz bütün layihələrin ümummədəni əhəmiyyəti var. Burada mən yaxın gələcəkdə həyata keçiriləcək "Üzeyir Hacıbəyov" layihəsindən danışmaq istərdim. Layihə Azərbaycanın bu musiqi dühasının, əslində, bütün irsini əks etdirir. Digər layihə - "Qalina Vişnevskaya və Mstislav Rostropoviç" layihəsi ilə də fəxr edirik. O, artıq həyata keçirilib və layihə qəhrəmanlarının özləri, musiqi ictimaiyyəti tərəfindən çox yüksək qiymətləndirilmişdir.


2006-cı ilin fevralında biz ölkəmizin paytaxtında - Bakıda böyük musiqiçi Dmitri Şostakoviçin 100 illiyinə həsr edilmiş festival keçirməyi planlaşdırırıq. Bizim çox böyük planlarımız, çox böyük layihələrimiz var. Dediyim kimi, qlobal layihələrimiz var. Lakin bununla yanaşı, iftixarla deyirəm ki, biz Fondumuza müraciət edən hər bir insanı heç vaxt unutmamağa çalışırıq. Biz minlərlə məktub alırıq. İndi mən ayrı-ayrı hallardan, konkret köməkdən danışmaq istəmirəm. Təkcə onu deyim ki, belə insanlar yüzlərlə deyil, minlərlədir. Mühüm vəzifələrin həlli ilə yanaşı, xəbər tutduqda və hay vermək mümkün olduqda, belə adamlara yardım göstərməyi Fondumuzun ən böyük xidmətlərindən biri hesab edirəm.


Hörmətli qonaqlar! Mən Fondun fəaliyyətindən çox danışa bilərəm, lakin diqqətinizdən və vaxtınızdan sui-istifadə etmək istəmirəm. İndi biz elə bir dünyada yaşayırıq ki, ətrafda diqqət yetirilməsi və düzgün dərk olunması tələb edilən problem və məsələlər lap çoxdur. Biz bugünkü gündən danışdıqda "qloballaşma", "inteqrasiya", "elmi-texniki tərəqqi", "yüksək texnologiyalar" kimi sözləri daha tez-tez eşidirik və siz mənimlə razılaşarsınız ki, bu sözlər həqiqi insanpərvərlik, mərhəmət, xeyirxahlıq, mənəviyyat kimi anlayışlardan daha tez-tez səslənir. Biz bu ümumbəşəri və əbədi dəyərləri ikinci sıraya keçirmirikmi? Xeyriyyəçilik missiyası bu gün həmişəkindən daha vacibdir. Vaxt vardı, Azərbaycanda xeyriyyəçilik ümummilli ideya, ümummilli miqyaslı iş idi. Bu gün mən iftixarla deyə bilərəm ki, siz bu ənənənin dirçəlməsinin şahidisiniz. Bizim təcrübəmiz, Fondumuzun təcrübəsi göstərdi ki, ölkəmizdə çağırışa hay verməyə, təmənnasız yardım göstərməyə, kömək əli uzatmağa hazır olan insanlar çox-çoxdur. Yaxşılıq yaxşılıq doğurur, yəqin ki, bu, Fondumuzun, fəaliyyətimizin əsas xidmətidir.


Fəaliyyətimiz haqqında dediyiniz sözlərə görə çox-çox sağ olun. Mükafat almaq həmişə xoşdur. Lakin hər bir mükafat həm də onu dərk etmək deməkdir ki, sən cavabdeh olduğun işə daha məsuliyyətlə yanaşa bilərsən və yanaşmalısan. Əminəm ki, sizin təşkilatınız öz nominantlarını mükafatlandırdıqda onların nəinki keçmiş xidmətlərini nəzərə alır, həm də ümid edir ki, bu xeyirxah işlər gələcəkdə də davam etdiriləcəkdir.


Hamını əmin etmək istəyirəm ki, biz nail olduğumuz uğurlarla kifayətlənməyəcəyik. Bizim böyük planlarımız var. Fondun fəaliyyətini, ilk növbədə, xeyriyyəçilik fəaliyyətini genişləndirəcəyik.


Sonda demək istəyirəm ki, dünyanı, hər halda, xeyirxahlıq xilas edəcəkdir.

Xəbərə keçid



Paylaş: