13 sentyabr 2005

YUNESKO-da görkəmli Azərbaycan alimi, akademik Yusif Məmmədəliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş mərasim

Sentyabrın 13-də Parisdə YUNESKO-nun iqamətgahında görkəmli Azərbaycan alimi, akademik Yusif Məmmədəliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş təntənəli mərasim keçirilib.


YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva mərasimdə çıxış edib.


Mehriban Əliyevanın çıxışı:


- Hörmətli xanımlar və cənablar!


Bu gün Azərbaycanın görkəmli alimi Yusif Məmmədəliyevin 100 illiyinə toplaşan bütün qonaqları ürəkdən salamlayıram. Bu yubiley bayramının təşkilində əməyi olan hər bir insana, xüsusilə YUNESKO-nun rəhbərliyinə və əməkdaşlarına öz dərin minnətdarlığımı bildirirəm.


Son zamanlar Azərbaycanla YUNESKO arasındakı münasibətlər çox parlaq şəkildə özünü büruzə verir. Bu, çox sevindirici haldır. Bu, keçirilmiş tədbirlərdə, bizim rəsmi və qeyri-rəsmi görüşlərimizdə, YUNESKO-nun baş direktoru cənab Koişiro Matsuuranın ölkəmizə səfərlərində, ən əsası, adi insanlarda bu quruma olan məhəbbətdə və diqqətdə əks olunur. Mən çox şadam ki, bu gün yubiley mərasimləri həm Azərbaycanda, həm də Fransanın paytaxtı Parisdə keçirilir.


Yusif Məmmədəliyevin 100 illik yubileyinin YUNESKO-nun təqviminə salınması onun elmi fəaliyyətinə verilən yüksək qiymətdir. Bu insan həm şəxsiyyəti, həm də elmin və təhsilin inkişafı sahəsində gördüyü işləri ilə tarixdə və insanların qəlbində yaşayır. Biz indi deyə bilərik ki, görkəmli Azərbaycan alimi YUNESKO-nun ideyalarına xidmət etmişdir.


Yusif Məmmədəliyev sanki bir ömürdə bir neçə həyat yaşamışdır. İlk növbədə, bu, istedadlı alimin tədqiqatçı həyatıdır. O, Azərbaycanda üzvi kimya məktəbinin əsasını qoymuşdur. Onun adı neft elmi və neftə aid olan elmi sahələrlə sıx bağlıdır. Ölkəmizin ən böyük sərvətlərindən olan neft, sanki, bu insana öz sirlərini açmağa qərar vermiş, onun tükənməz enerji mənbəyinə çevrilmişdir. Biz Yusif Məmmədəliyevin hər hansı tədqiqatına nəzər salsaq, orada belə bir sözə rast gələrik: ilk dəfə. Ona görə də təsadüfi deyil ki, bütün dünya Y.Məmmədəliyevi sanballı tədqiqatçı və novator kimi tanıyır.


Yusif Məmmədəliyevin həyatı mürəkkəb bir dövrə təsadüf etmişdir. İkinci Dünya müharibəsi zamanı o, elmi tədqiqat işləri ilə bağlı fəaliyyətini davam etdirirdi. XX əsrin 40-cı illərində keçmiş Sovet İttifaqında hasil edilən neftin 70-80 faizi Azərbaycanın payına düşürdü. Ölkəmiz həm təbii ehtiyatları hesabına, həm də elmi potensialı ilə faşizm üzərində qələbənin qazanılmasında çox böyük rol oynamışdı.


Yusif Məmmədəliyev həm də böyük bir maarifçi həyatı yaşamışdır. Demək olar ki, görkəmli alim müəllimlik istedadına da malik idi. O, ilk dəfə dərs demək üçün sinfə daxil olanda cəmi 16 yaşı vardı. Azərbaycan Dövlət Universitetinin dosenti, kafedra müdiri, professoru və nəhayət rektoru olarkən belə, o, öyrənmək və öyrətməkdən çox böyük zövq alan bir insan idi. Alimin qoyub getdiyi irs təkcə onun kitablarında və elmi ixtiralarında yox, həm də bir çox gənclərin taleyindədir.


YUNESKO-nun yarandığı 1945-ci ildə Y.Məmmədəliyev Azərbaycan Elmlər Akademiyasının banilərindən biri kimi, onu təsis etmişdir. Qısa bir müddətdən sonra akademiyanın prezidenti seçilmiş və müasir tələblərə cavab verən elm ocağı yaratmışdır.


Bu insanın ömrü təzadlarla da dolu idi. Y.Məmmədəliyev çox sülhsevər insan idi. Lakin onun yaratdığı maddələr inanılmaz gücə malik idi. O, çox təmkinli adam idi. Lakin onun ixtiraları maşınların, təyyarələrin sürətinin artmasına imkan vermişdir. O, olduqca açıqqəlbli bir insan idi. Lakin kifayət qədər bağlı cəmiyyətdə yaşayıb-yaradırdı.


Yusif Məmmədəliyevin ömrü çox qısa, lakin çox parlaq olmuşdur. O, işlədikcə, yaratdıqca, qurduqca yenə də işləməyə, yaratmağa və qurmağa çalışırdı. Sanki harayasa tələsirdi. Kim bilir, bəlkə də qeyri-adi intuisiya ona xəbər verirdi ki, vaxt az, amma görüləsi işlər çoxdur.


Bu gün Y.Məmmədəliyevin 100 illik yubileyinin YUNESKO-da keçirilməsinin çox böyük rəmzi mənası var. Bu insan bütün ömrünü elmə, təhsilə və mədəniyyətə həsr etmişdir. YUNESKO, əslində, bu gün öz sadiq əsgərlərindən birinin yubileyini qeyd edir. Məhz bu mənada mən deyərdim ki, Yusif Məmmədəliyev xoşbəxt insan idi.


Əziz dostlar, çıxışımın sonunda mən sizi bu bayram münasibətilə bir daha təbrik edirəm. Azərbaycanla YUNESKO-nun əməkdaşlığına yeni uğurlar və böyük gələcək arzulayıram.


Çox sağ olun!