24 avqust 2005

"YUNESKO-Azərbaycan: gələcəyə körpü" mövzusunda konfrans

Avqustun 24-də "Gülüstan" sarayında "YUNESKO-Azərbaycan: gələcəyə körpü" mövzusunda konfrans keçirilib.


Konfransı Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva açıb.


Mehriban Əliyevanın çıxışı:


- Cənab baş direktor!


Hörmətli xanım Matsuura!


Əziz xoşməramlı səfirlər!


Xanımlar və cənablar!


Bugünkü konfransın iştirakçılarının hamısını salamlayır, Sizin hər birinizə "Xoş gəlmisiniz!" deyirəm. İnanıram ki, bugünkü konfransımız çox səmərəli keçəcək və Azərbaycan təhsilinin inkişafına öz müsbət təsirini göstərəcəkdir.


İlk növbədə icazə verin, ölkəmizdə rəsmi səfərdə olan YUNESKO-nun baş direktoru Koişiro Matsuuranı sizin hamınızın adından salamlayım. Cənab baş direktorla birlikdə Azərbaycana gəlmək üçün vaxt və imkan tapdığına görə xanım Takaka Matsuuraya öz minnətdarlığımı bildirirəm.


Nəzərinizə çatdırmaq istərdim ki, bu gün bizim qonaqlarımız arasında mənim həmkarlarım, YUNESKO-nun xoşməramlı səfirləri də iştirak edirlər. İcazə verin, onları Sizə təqdim edim.


Məşhur fransız astronavtı cənab Patrik Bodrini və onun ailə üzvlərini sizə təqdim edirəm. Xüsusi vurğulamaq istərdim ki, cənab Patrik Bodri gənclər üçün Avropa kosmik düşərgəsi layihəsinin müəllifidir. Onun təhsillə bağlı çoxsaylı layihələri böyük uğur qazanmışdır.


Bizim hörmətli qonaqlarımızın arasında xoşməramlı səfir cənab Ömər Zülfi Livanelli də var. Onun zəngin yaradıcılığı xalqlar və mədəniyyətlər arasında dialoqun qurulmasına da xidmət edir.


Xoşməramlı səfir cənab Kitin Minyoz məşhur səyyah və alimdir. O, sülh ideyalarının təbliği və ətraf mühitin qorunması sahəsində çox mühüm işlər görmüşdür. Mən onu və onunla birlikdə ölkəmizə gələn xanımını salamlayır və Sizə təqdim edirəm.


Mahir musiqiçi İvri Gitlis artıq 20 ildir ki, xoşməramlı səfir kimi təhsilin və mədəniyyətin inkişafına xidmət edir. O, sülhə və birliyə çağıran mahnıları ilə bir çox ölkələrdə yaxşı tanınır.


Xoşməramlı səfir xanım Ki Fuk Fan Ti bütün həyatını sülh və barış ideyalarına həsr etmişdir. Onun yaratdığı Beynəlxalq Ki Fondu hərbi münaqişələr zamanı zərər çəkən uşaqlara yardım göstərir. Mən onu və həyat yoldaşını Sizə təqdim edirəm.


Hörmətli cənab baş direktorla birlikdə Azərbaycana YUNESKO-nun məsul işçiləri və ekspertləri də gəliblər. Ekspertlərin bir çoxu ölkəmizdə olub, məcburi köçkün və qaçqın ailələrində yaşayan uşaqların təhsil problemləri ilə bağlı müxtəlif layihələri işləyib hazırlayıblar və bu gün də bizimlə əlaqələrini uğurla davam etdirirlər.


Bu gün bizim konfransda Azərbaycan təhsilinin çox nüfuzlu nümayəndələri iştirak edirlər. Mən inanıram ki, siz bugünkü konfransın ideyalarını öz konkret fəaliyyətinizdə həyata keçirməyə çalışacaqsınız. Sizə bu işdə uğurlar arzulayıram.


Bugünkü tədbirimizdə səfirlər və beynəlxalq qurumların nümayəndələri də iştirak edirlər. Ümidvaram ki, Azərbaycan təhsilinin dünya təhsil məkanına daxil olması prosesində onlar da öz köməyini göstərəcəklər.


Bizim konfransın çox simvolik və böyük mənaya malik adı var: Gələcəyə körpü. Mən inanıram ki, biz birlikdə bu körpünü yaratmağa nail olacağıq.


Əziz dostlar! YUNESKO-nun dəstəyi ilə 2000-ci ildə Dakarda keçirilən ümumdünya təhsil forumunun sənədləri sizə yaxşı məlumdur. Əslində bu hamımız üçün təhsil sahəsində müəyyən edilmiş ümumi bir strategiyadır. Sözsüz ki, hər bir ölkə bu strategiyanı həyata keçirəndə öz milli xüsusiyyətlərini və təhsil sahəsində toplanmış təcrübəni nəzərə almalıdır.


Məlumdur ki, Azərbaycanın təhsil sistemində həyata keçirilən islahatlar xüsusi dövlət proqramı şəklində təsdiq olunmuşdur. Bu qlobal proqramla yanaşı, Təhsil Nazirliyi və təhsillə bağlı olan digər qurumlar da çox mühüm layihələr üzərində işləyirlər. Bu layihələrin bir qismində mötəbər beynəlxalq təşkilatlar da iştirak edir.


Mən təhsillə bağlı bir layihəni xüsusi vurğulamaq, "Yeniləşən Azərbaycana yeni məktəb" barəsində ayrıca danışmaq istərdim. Bu layihədə dövlət qurumları ilə yanaşı, vətəndaş cəmiyyətinin bir çox strukturları da iştirak edir. Bildiyiniz kimi, Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən bu layihə çərçivəsində təkcə bu il ərzində ölkəmizin müxtəlif regionlarında 132 məktəbin inşası və lazımi avadanlıqla təchiz olunması nəzərdə tutulmuşdur.


Bu gün mən böyük fərəh hissi ilə demək istəyirəm ki, bu il ərzində Azərbaycanda irimiqyaslı bir layihə həyata keçirilmişdir. Ölkə Prezidentinin sərəncamına müvafiq olaraq klassik, müasir Azərbaycan və dünya ədəbiyyatının ən dəyərli əsərləri latın qrafikası ilə çap olunur. Bu layihə üzrə indiyədək 250-dən çox kitab hərəsi 25 min tiraj ilə çap edilərək Azərbaycan oxucularına çatdırılmışdır. Azərbaycanın hər bir məktəbi, kitabxanası bu kitablarla təmin olunmuşdur. Həmin kitablar bu gün bu sarayda nümayiş etdirilir.


Bir sözlə, bütün bunlar deməyə imkan verir ki, bizim təhsilimizin inkişaf istiqaməti düzgündür və böyük uğurlarımız da vardır. Amma uğurlarla yanaşı, təhsil sistemində bu günə qədər həllini tapmayan problemlər də var. Bu problemlərin bir çoxu keçmiş sovetlər məkanına xas olan problemlərdir. Mənə elə gəlir ki, bu problemlərin aradan qaldırılması üçün pilot layihələr həyata keçirsəydik pis olmazdı. Digər keçmiş sovet respublikalarında da bu təcrübədən istifadə oluna bilərdi.


Bizim ən ağır problemimiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Azərbaycan 1 milyona artıq qaçqın və məcburi köçkünü olan ölkədir. Ərazimizin 20 faizi işğal altındadır. Məcburi köçkünlərin təhsilinin təşkili ilə bağlı ölkəmizdə nadir təcrübə qazanılmışdır. Biz işğala məruz qalan ərazilərdə əvvəllər mövcud olan təhsil infrastrukturunu qoruyub saxlaya bilmişik. Bu məktəblər qaçqın-köçkünlər yaşayan düşərgələrdə yerləşir. Biz həm də müəllim kollektivlərini saxlaya bilmişik və onlar düşərgələrdə uşaqların təlim-tərbiyəsi ilə məşğul olurlar. Bu, doğrudan da nadir bir təcrübədir. Mən inanıram ki, bu təcrübədən bütün münaqişə zonalarında istifadə oluna bilər. Hamımızın ən böyük arzusu odur ki, torpaqlarımız azad olunandan sonra bu məktəblər öz doğma yerlərinə qayıtsın və fəaliyyətini artıq normal şəraitdə davam etdirə bilsin.


Ümidvaram ki, YUNESKO ilə birlikdə hazırlanan yeni proqramlar məcburi köçkün və qaçqın uşaqlarının təhsilinə öz müsbət təsirini göstərəcəkdir.


Hörmətli baş direktor! Çıxışımın sonunda sizə bir kitab təqdim etmək istərdim. Sizin nitqlərinizdən ibarət olan bu kitab xüsusi nəşrdir. Bu kitab Azərbaycan oxucularına ünvanlanmış sözlərinizlə açılır. Kitaba Azərbaycan xalqının qəhrəmanlıq dastanı olan "Dədə Qorqud"un təntənəli yubileyində çıxışınız da daxildir. Bu kitabın nəşri ilə bağlı sizi ürəkdən təbrik edirəm. İcazə verin, kitabı sizə təqdim edim və sizi çıxışa dəvət edim.


Paylaş: