22 iyul 2005

"Azərbaycan" internet portalının təqdimat mərasimi

İyulun 22-də Azərbaycan Dövlət Filarmoniyasında Heydər Əliyev Fondunun yeni layihəsi olan "Azərbaycan" internet portalının təqdimat mərasimi keçirilib.


Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər. 


Mərasimi Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva açıb.


Mehriban Əliyevanın çıxışı:


- Hörmətli cənab Prezident!


Xanımlar və cənablar!


Əziz qonaqlar!


Sizi Heydər Əliyev Fondu tərəfindən hazırlanmış "Azərbaycan" internet portalının təqdimat mərasimində salamlayıram və bu axşam bizimlə olduğunuz üçün Sizə dərin minnətdarlığımı bildirirəm.


Heydər Əliyev Fondu artıq bir ildən çoxdur ki, fəaliyyətə başlayıbdır. Biz qarşımıza çox böyük vəzifələr qoyaraq, onların həllinə nail olmağa, konkret layihələr işləyib həyata keçirməyə çalışırıq.


Yardıma ehtiyacı olan hər bir insana qayğı və diqqət Heydər Əliyev Fondunun əsas vəzifələrindən biridir. Ölkəmizdə sosial problemlərin həllində Fond çox fəal iştirak edir və bir sıra humanitar layihələr hazırlayıb həyata keçirir. İnternat məktəblərinin və uşaq evlərinin inkişafı layihəsi çərçivəsində indi Bakıda 12 məktəbdə əsaslı təmir aparılır. Demək olar ki, bu məktəblərin əksəriyyəti yenidən inşa edilir. "Diabetli uşaqlara ən yüksək qayğı" və "Talassemiyasız həyat naminə" layihələri ilə yanaşı, cəmiyyətimizin bu cür problemlərinə yeni bir nəzər nöqtəsindən baxmağa çağırırıq. Fondun təşəbbüsü ilə respublikamızın bütün guşələrində ən ağır vəziyyətdə olan 132 məktəb üçün bina tikilir. Məktəblər yerli şəraitə uyğun layihələrlə inşa edilir. Bu gün demək olar ki, məktəblərin əksəriyyətində tikintiyə başlanıb. Ölkəmizin tarixi abidələrinin qorunmasında da Fond fəal iştirak edir. Gəncə şəhərində Cavadxan türbəsi, Bakının Mərdəkan qəsəbəsində yerləşən Pirhəsən ziyarətgahının bərpa edilməsi, Abdulla Şaiqin ev-muzeyinin təmir edilməsi Fondun bu istiqamətdə gördüyü tədbirlərin yalnız bir neçəsidir.


Amma Fondumuzun ən məsul və ən şərəfli vəzifəsi Heydər Əliyev tərəfindən yaradılan azərbaycançılıq ideyasını, azərbaycançılıq fəlsəfəsini təbliğ etməkdir. Biz çalışırıq ki, bu ideyanı davam etdirək. Bu gün diqqətinizə çatdırılan layihə də bu məqsədə xidmət edir.


Portalın üzərində işə başlamazdan əvvəl biz "Azərbaycan və internet" adlanan maraqlı bir araşdırma aparmışıq. Azərbaycanın dünya informasiya məkanına inteqrasiya olunması, Azərbaycan dilində internet resursları bizi maraqlandırıbdır. Bu araşdırmaların bəzi nəticələrini sizin diqqətinizə çatdırmaq istərdim. Bəzi mənbələrə görə, Azərbaycanda internetdən istifadə edənlərin sayı 300 min, digərlərinə görə isə 400-450 min nəfərə çatır. Yer kürəsində internet istifadəçilərinin sayı 1 milyarda çatır ki, bu da dünya əhalisinin 14 faizini təşkil edir. Məlumdur ki, Azərbaycanda internet poçt sistemi 1991-ci ildən fəaliyyət göstərir. İndi artıq Azərbaycanda internet resurslarının mövcudluğundan danışmaq mümkündür. Hazırda ölkəmizdə 3145 azərbaycandilli, 830 türkdilli, 1300 ingilisdilli, 1600 rusdilli sayt mövcuddur. Saytların məzmununu təhlil etsək, onların 150-si dövlət qurumlarına, nazirliklərə, siyasi partiyalara, ictimai təşkilatlara məxsusdur. Azərbaycanın rayonları barədə ümumi məlumatları əks etdirən cəmi 15 sayt mövcuddur. Qarabağ müharibəsinə, Xocalı soyqırımına, erməni vəhşiliklərinə həsr olunmuş 17 sayt mövcuddur. 26 sayt diasporla bağlı məsələləri əhatə edir.


Çox yaxşı haldır ki, dünyada gedən qloballaşmanın aparıcı qüvvələrindən biri olan informasiya və kommunikasiya texnologiyaları da Azərbaycanda öz yerini tutur. İnternet ölkəmizdə dinamik inkişaf edir. Yeni texnologiyalarla məşğul olan təşkilatların sayı günbəgün artır. Bizdə indi kifayət qədər internet resursu var. Amma məsələni daha dərindən öyrənəndə bir sıra daha ciddi nöqsanlar üzə çıxır. Şəbəkənin abbreviaturası ilə bağlı problemlər, yüksək səviyyəli axtarış sistemlərinin olmaması, saytların yeni informasiyalarla təmin edilməməsi, konkret bir problemə həsr olunmuş saytlarla yanaşı çox formal, müasir tələblərə cavab verməyən saytlar da vardır. Ölkəmizin beynəlxalq imicinə zərbə vuran, böhtan, yalan yayan, yanlış mövqeli, o cümlədən xalqımızın ən böyük problemi olan Dağlıq Qarabağ münaqişəsi barədə Ermənistanın mövqeyini əks etdirən külli miqdarda müxtəlif dilli saytlar da mövcuddur. Məhz bütün bunlara görə biz "Azərbaycan" portalının yaradılmasını çox zəruri hesab etdik. Bunu vaxtında atılmış bir addım kimi qiymətləndiririk. Əminəm ki, ölkəmizin ən qədim tarixindən tutmuş bugünkü reallığına qədər dövrü özündə əks etdirən bu portal çox problemlərin həllində mühüm rol oynayacaqdır.


Portal 3 dildə - Azərbaycan, ingilis və rus dillərində tərtib olunmuşdur. Yaxın gələcəkdə portalın alman, fransız, ərəb versiyalarının da hazırlanması nəzərdə tutulur. Mən portalın hazırlanmasında fəal iştirak edən bütün təşkilatlara, hər bir insana Heydər Əliyev Fondu adından dərin minnətdarlığımı bildirmək istəyirəm. İnanıram ki, "Azərbaycan" internet portalı çox qısa bir zamanda qiymətli və dəqiq informasiya mənbəyinə çevriləcəkdir.


Əziz qonaqlar, çıxışımın sonunda sizə işlərinizdə böyük uğurlar, həyatınızda çoxlu işıqlı və xoşbəxt günlər arzulayıram. İndi isə sizi Azərbaycan portalı haqqında filmə baxmağa dəvət edirəm.


Çox sağ olun.