8 aprel 2005

"Qarabağ xanəndələri" albomunun təqdimat mərasimi

Aprelin 8-də "Gülüstan" sarayında "Azərbaycan muğamları" layihəsi çərçivəsində "Qarabağ xanəndələri" albomunun təqdimatı keçirilib.


Təqdimat mərasimində Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva,  Milli Məclisin sədri Murtuz Ələsgərov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, parlament sədrinin və Baş nazirin müavinləri, deputatlar, respublikanın elm, mədəniyyət və incəsənət xadimləri, Azərbaycandakı diplomatik korpusun nümayəndələri iştirak ediblər.


Mərasimi Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva açdı.


Mehriban Əliyevanın çıxışı:


- Hörmətli mərasim iştirakçıları! "Qarabağ xanəndələri" albomunun təqdimat mərasiminə xoş gəlmisiniz. "Qarabağ xanəndələri" albomu "Muğam-irs" layihəsinin ilk albomudur. Siz hər biriniz bu albomu hədiyyə olaraq almısınız. Mən inanıram ki, bu albomla tanış olanda hiss etmisiniz ki, biz onu nə qədər məsuliyyətlə, digər tərəfdən də böyük məhəbbətlə hazırlamışıq. Heç də təsadüfi deyil ki, bizim ilk layihəmiz Qarabağ xanəndələrinə həsr olunmuşdur. Biz Qarabağ torpağının acısını, Azərbaycanın haqq səsini muğam vasitəsilə bütün dünyaya çatdırırıq.


Bu ilin mart ayında YUNESKO-nun qərargahında xoşməramlı səfirlərin illik toplantısında bu albom təqdim olunmuş və çox böyük diqqət və maraq cəlb etmişdi. Mənim muğam ustaları ilə ilk görüşümdən çox az vaxt keçib, amma bu müddətdə kifayət qədər iş görülübdür. Artıq muğam dəstgahlarının Filarmoniyada səslənməsi bir ənənəyə çevrilibdir. Muğam mərkəzinin inşası barəsində qərar qəbul olunub, muğam ensiklopediyası hazırlanır. Muğam sənətinə həsr olunmuş traktatlar tərcümə edilir və çapa hazırlanır. Bütün bu addımlar bizim birgə səylərimizin nəticəsidir. Mən bu gün Azərbaycanın bütün muğam ustalarına, sənətkarlarımıza, alimlərimizə, muğamı sevən hər bir insana çox dərin minnətdarlığımı və hörmətimi bildirmək istəyirəm.


Muğam artıq təkcə bizim Azərbaycanın yox, bütün dünyanın sərvətidir. Bizim məqsədimiz muğamı qorumaq, inkişaf etdirmək, muğamın gözəlliyini, onun dərin fəlsəfəsini gələcək nəsillərə çatdırmaqdır. Bu yolda hər birimizə uğurlar arzulayıram və mərasimi açıq elan edirəm.