2 fevral 2013

Bakıda keçiriləcək I Avropa Oyunları Təşkilat Komitəsinin ilk iclası

Fevralın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin ilk iclası olub.


Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva iclasda çıxış edib.


Mehriban Əliyevanın çıxışı:


- Hörmətli cənab Prezident,


Hörmətli müşavirə iştirakçıları,


8 dekabr 2012-ci il tarixində Romada, Avropa Olimpiya Komitəsinin 41-ci Baş Assambleyasında, 2015-ci ildə I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi barədə qərar qəbul edilmişdir. Avropa Olimpiya Komitəsinin üzvü olan 49 Milli Olimpiya Komitəsindən 48-nin iştirakı ilə keçirilmiş gizli səsvermədə 38 ölkə lehinə, 8 ölkə əleyhinə, 2 ölkə bitərəf olmaqla I Avropa Oyunlarının Bakıda keçirilməsi təsdiqlənmişdir.


I Avropa Oyunlarının Bakıda keçirilməsi ölkəmiz üçün, ümumiyyətlə, bütün Avropa Olimpiya hərəkatı üçün tarixi hadisədir. Regionun lider dövlətinə çevrilən Azərbaycanın sürətli inkişafı, dünya birliyində tutduğu mövqe, mövcud ictimai-siyasi sabitlik beynəlxalq ictimaiyyətdə əminlik yaradıb ki, ölkəmiz bu mötəbər tədbirə  uğurla ev sahibliyi edə bilər. Bu qərarın qəbul edilməsi respublikamızda çoxsaylı idman yarışlarının, Avropa və dünya çempionatlarının yüksək səviyyədə keçirilməsinə, idmançılarımızın beynəlxalq yarışlarda əldə etdikləri nailiyyətlərə, ümumilikdə, Azərbaycanda idman sahəsində görülmüş işlərə Beynəlxalq və Avropa Olimpiya Komitəsi tərəfindən verilən yüksək qiymətdir.


Şübhəsiz ki, bu hadisə ölkəmizin, Azərbaycanın növbəti qələbəsidir və cənab Prezident, icazə verin, ilk növbədə bu qələbə münasibəti ilə Sizi təbrik edim və Təşkilat Komitəsinin bütün üzvləri adından bizə göstərdiyiniz etimada görə Sizə dərin təşəkkürümü bildirim.


Azərbaycanda keçirilən beynəlxalq tədbirlərdə, o cümlədən dünya, Avropa çempionatlarında, Evrovision-2012 Mahnı Müsabiqəsində əldə etdiyimiz təcrübəyə əsaslanaraq I Avropa Oyunlarının da yüksək səviyyədə keçirilməsi üçün əlimizdən gələni əsirgəməyəcəyik.


İcazənizlə Bakıda keçiriləcək I Avropa Oyunlarına hazırlıq işləri ilə bağlı vacib məqamları diqqətinizə çatdırmaq istərdim.


I Avropa Oyunlarının 2015-ci ilin iyun-iyul aylarında keçirilməsi nəzərdə tutulub. Bu oyunlarda Avropa Olimpiya Komitəsinin üzv ölkələrinin iştirakı gözlənilir. Avropa Olimpiya Komitəsi ilə əldə olunmuş razılığa əsasən Bakıda keçiriləcək yarışlarda 5000 nəfərədək idmançının iştirakı nəzərdə tutulub, rəsmi nümayəndə heyəti sayının təxminən 1000 olması gözlənilir. Tədbirin işıqlandırılması üçün Bakıya 2000 nəfərədək beynəlxalq kütləvi informasiya vasitələri nümayəndələrinin gəlişi gözlənilir.


Avropa Olimpiya Komitəsi və Avropa İdman Federasiyaları ilə ilkin razılaşmaya əsasən I Avropa Oyunlarının proqramına 28 olimpiya idman növündən minimum 12-i və 2 qeyri-olimpiya idman növü daxil olmalıdır. 17 olimpiya idman növü üzrə yarışların keçirilməsi ilə bağlı Avropa idman federasiyalarından niyyət məktubu daxil olmuşdur. Bu idman növlərinə güləş, həndbol, voleybol, gimnastika, çimərlik voleybolu, boks, cüdo, taekvondo, badminton, qılıncoynatma, atıcılıq, kamandan oxatma, stolüstü tennis, üzgüçülük, suya tullanma, su polosu və reqbi-7 daxildir. Avropa Oyunlarının tarixdə ilk dəfə keçiriləcəyini nəzərə alaraq, bir çox məsələlər üzrə Avropa Olimpiya Komitəsi ilə danışıqlar davam etdirilir və bu gün səsləndirilən göstəricilər dəyişə bilər.


Proqrama daxil olacaq iki qeyri-olimpiya idman növünün müəyyən edilməsi istiqamətində Avropa Olimpiya Komitəsi və Avropa İdman Federasiyaları ilə danışıqlar aparılır.


Hörmətli cənab Prezident,


I Avropa Oyunlarına hazırlığın ilkin mərhələsində yarışların keçirilmə yerləri müəyyən edilmişdir.


Yarışların Heydər Əliyev adına İdman Konsert Kompleksi, Tofiq Bəhramov adına Respublika Stadionu, “Bakı Kristal Zalı”, “Sərhədçi” İdman Kompleksi, Əl Oyunları Sarayı, “8-ci kilometr” stadionu, Güllə Atıcılığı Stendi və “Bakı Ekspo Mərkəzi”ndə keçirilməsi mümkündür. 2015-ci ilədək Olimpiya stadionunun, Su İdman Növləri Mərkəzinin və Gimnastika Kompleksinin inşasının bitməsi planlaşdırılıb və bu yeni idman sarayları da oyunlar zamanı istifadə olunacaqdır.


I Avropa Oyunlarının rəsmi açılış və bağlanış mərasimlərinin Bakıda, Böyükşor gölünün yaxınlığında inşa olunan 65 min yerlik Olimpiya stadionunda keçirilməsi nəzərdə tutulub.


Müxtəlif idman növləri üzrə yarışların keçiriləcəyi idman obyektləri haqqında ilkin təklifləri diqqətinizə çatdırmaq istərdim.    


Güləş və cüdo idman növləri üzrə yarışların 7100 yerlik Heydər Əliyev adına İdman Konsert Kompleksində keçirilməsi nəzərdə tutulub.


25 000 tamaşaçı tutumu olan “Bakı Kristal Zalı”nda həndbol və voleybol idman növləri üzrə yarışların keçirilməsi nəzərdə tutulub.


Reqbi-7 idman növü üzrə yarışların 11 000 min tamaşaçı tutumu olan “8-ci kilometr” stadionunda keçirilməsi nəzərdə tutulub.


Stolüstü tennis, qılıncoynatma və taekvondo idman növləri üzrə yarışların “Bakı Ekspo Mərkəzi”ndə keçirilməsi nəzərdə tutulub.


Boks üzrə yarışların 3250 yerlik “Sərhədçi” İdman Kompleksində, badminton üzrə yarışların 1628 yerlik Əl Oyunları Sarayında, kamandan oxatma üzrə yarışların isə 7000 yerlik “Şəfa” stadionunda keçirilməsi nəzərdə tutulub.


I Avropa Oyunları zamanı idman və bədii gimnastika üzrə yarışların  Gimnastika Kompleksində keçirilməsi nəzərdə tutulub.


Üzgüçülük və suya tullanma üzrə yarışların Bakıda inşa olunan Su İdmanı Növləri Mərkəzində keçirilməsi nəzərdə tutulub. Su polosu üzrə yarışların keçirilməsi üçün mərkəzin yanında müvəqqəti arena inşa olunacaq.


Atletika üzrə yarışlar keçirilərsə 31 200 yerlik Tofiq Bəhramov adına Respublika Stadionundan istifadə oluna bilər.


Çimərlik voleybolu üzrə yarışların keçirilməsi üçün Dənizkənarı Bulvarda müvəqqəti arenanın inşası tələb olunur.


Hörmətli cənab Prezident,


I Avropa Oyunlarının rəsmi açılış və bağlanış mərasimlərinin təşkili ilə bağlı dünyanın bu sahədə böyük təcrübəyə malik aparıcı şirkətləri ilə danışıqlara başlanılmışdır.


Avropa Oyunları tarixinə ilk atributlar kimi daxil olacaq I Avropa Oyunlarının loqotip və şüarının müəyyən edilməsi, simvolun seçilməsi və himnin bəstələnməsi istiqamətində işlər görülür. “I Avropa Oyunları ” mövzusunda açıq loqotip müsabiqəsi artıq elan edilmişdir.


Qaydalara uyğun olaraq Avropa Oyunlarında qalib idmançılara təqdim olunan medallar ev sahibi olan ölkənin Milli Olimpiya Komitəsi tərəfindən hazırlanır və Avropa Olimpiya Komitəsi ilə razılaşdırılır. Hazırda medalların dizaynı ilə bağlı təkliflər hazırlanmaqdadır.


Oyunlarda iştirak edəcək idmançıların yerləşdirilməsi məqsədi ilə Atletlər Kəndi yaradılacaqdır.


Kütləvi informasiya vasitələrinin nümayəndələri Media Kəndində yerləşdiriləcəklər. Bu  ərazidə yaradılacaq mərkəzdə və “Bakı Kristal Zalı”ndakı Media Mərkəzində onlara tələb olunan şərait yaradılacaqdır.


Oyunların keçiriləcəyi müddətdə, 2015-ci ilin iyun-iyul aylarında, Bakıya çoxsaylı qonaqların – idmançıların, rəsmi nümayəndə heyətlərinin, turistlərin gəlişi gözlənilir. Qonaqların yerləşdirilməsi üçün Bakı və Abşeronda mövcud olan otellərin sayı və tutumu dəqiqləşdirilmişdir. Seçim imkanını artırmaq üçün şəhərə yaxın istirahət düşərgələri və yeni inşa olunan otel komplekslərindən də istifadə olunacaq.


Tədbirin dünyada təbliği və informasiya dəstəyi qarşımızda duran ən vacib məsələlərdən biridir. Birinci atdım olaraq oyunlar haqqında hərtərəfli məlumatı əks etdirən internet portalı hazırlanmalıdır. Dünya mediasında I Avropa Oyunlarının keçirilməsi barədə informasiyanın yayılmasına, ümumiyyətlə, Azərbaycan haqqında, xüsusilə idman sahəsində əldə olunmuş nailiyyətlərimiz barədə nəşrlərin, reklam çarxlarının hazırlanmasına, banner və posterlərin quraşdırılmasına geniş kampaniya şəklində başlanmalıdır. Avropanın və dünyanın nüfuzlu kütləvi informasiya vasitələrinin təbliğat kampaniyasına cəlb olunması, onlarla əməkdaşlıq perspektivləri müzakirə olunmalıdır.


Bu gün bütün dünyada mötəbər tədbirlərin keçirilməsinə gənclərin cəlb olunması geniş vüsət alıb. Bizim bu sahədə böyük təcrübəmiz var və I Avropa Oyunlarının təşkilati işlərində də könüllülərin aktiv fəaliyyəti nəzərdə tutulub.


I Avropa Oyunlarının yayımı xüsusi əhəmiyyət kəsb edir. Tədbirin yayım hüququnun verilməsi ilə bağlı hazırda müvafiq təşkilatlarla danışıqlar aparılır.


Oyunların keçirilməsinə beynəlxalq və yerli sponsorların cəlb edilməsi istiqamətində işlər görülür.


I Avropa Oyunlarına ev sahibliyi edən Bakı şəhərinin tədbirə hazırlanması xüsusi önəm daşıyır. Şəhər infrastrukturunun yaxşılaşdırılması, nəqliyyat sisteminin təkmilləşdirilməsi, təhlükəsizliyin təmin edilməsi, tibbi xidmətin optimallaşdırılması, informasiya-kommunikasiya texnologiyaları imkanlarının geniş istifadə olunması, turizm marşrutlarının və mədəni proqramların tərtib edilməsi üzrə təkliflər  bütün cavabdeh təşkilatlar tərəfindən hazırlanır.


Bugünkü müşavirədə biz oyunların qaydaları və keçirilməsi haqqında əldə olunmuş informasiyanı və fəaliyyətimizin əsas istiqamətlərini müzakirə edirik. İcrası vacib olan əsas məsələlərin həlli ilə bağlı aparılmış monitorinqlərin nəticələrini təqdim edirik. Monitorda gördüyünüz məlumatlar ümumi xarakter daşıyır.


Oyunların yüksək səviyyədə keçirilməsi məqsədi ilə müvafiq qurumların nümayəndələrindən ibarət işçi qrupu yaradılacaqdır. Hazırda yarışların keçirilməsi ilə bağlı bütün istiqamətləri əhatə edən və hər bir qurumun vəzifəsini müəyyən edən geniş tədbirlər planı hazırlanır. Qısa müddət ərzində həmin tədbirlər planını diqqətinizə təqdim edəcəyik.


Sonda bir daha bizə göstərdiyiniz böyük etimada görə Sizə dərin minnətdarlığımızı bildiririk və Sizi əmin edirik ki, Bakıda keçiriləcək I Avropa Oyunları ölkəmizin tarixində Sizin və hər bir azərbaycanlının növbəti qələbəsi kimi qalacaq.


Diqqətinizə görə çox sağ olun.

 

 

 

Xəbərə keçid