4 iyul 2013

Kann şəhərində Azərbaycan mədəniyyəti günlərinin rəsmi açılışı

İyulun 4-də Fransanın Kann şəhərində “Azərbaycan Kannda” mədəniyyət günlərinə start verilib.


Tədbirdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iştirak edib.


Mehriban Əliyeva mərasimdə çıxış etdi.


Mehriban Əliyevanın çıxışı:


- Hörmətli cənab mer.


Hörmətli qonaqlar.


Əziz dostlar.


Bu axşam sizləri Azərbaycan mədəniyyət günlərinin açılışında ürəkdən salamlayıram. Dörd gün ərzində Fransanın ən gözəl şəhərlərindən biri olan Kannda Azərbaycanın mədəniyyət günləri keçiriləcək və həm şəhərin sakinləri, həm yüzlərlə turist ölkəmizin mədəniyyəti, incəsənəti, musiqisi, qədim sənəti, Azərbaycanın keçmişi və bu günü ilə tanış olacaqdır.


Mən bu fürsətə görə, ilk növbədə, Kann şəhərinin meri cənab Broşana dərin minnətdarlığımı çatdırıram. Cənab mer, hazırlıq mərhələsinin ilk anlarından biz sizin diqqət və dəstəyinizi hiss etmişik və ümidvaram ki, bu gün təməli qoyulan əməkdaşlıq gələcəkdə də davam edəcəkdir.


Hörmətli qonaqlar, ölkələrimiz arasında əlaqələr bir sıra mühüm sahələri əhatə edir. Amma mən bu gün daha çox humanitar sahədən danışmaq istərdim. Fransa universitetlərində Azərbaycan dili, ədəbiyyatı və tarixi tədris olunur, yüzlərlə azərbaycanlı tələbə Fransa ali məktəblərində təhsil alır. Azərbaycanda, paytaxtımızda ilk fransız liseyinin binası inşa olunur. Ötən ildən Parisdə Azərbaycanın Mədəniyyət Mərkəzi fəaliyyətə başlayıb. Bu mərkəzdə ölkəmizi tanıdan müxtəlif tədbirlər, konsertlər, sərgilər təşkil olunur. Heydər Əliyev Fondunun dəstəyi ilə Fransanın müxtəlif regionlarında və şəhərlərində Azərbaycan mədəniyyət günləri keçirilir. Artıq 16 şəhərdə belə günlər keçirilmişdir. Biz, həmçinin Strasburq Kafedral kilsəsinin, Versal Sarayının, Fransanın müxtəlif regionlarında tarixi abidələrin bərpasında da iştirak edirik.


Əziz dostlar, bu siyahını davam etdirmək mümkündür. Mən sadəcə onu demək istəyirəm ki, mədəniyyət heç bir sərhəd tanımır, mədəniyyət insanları və xalqları biri-birini daha dərindən tanıması, daha doğru anlaması üçün universal və əvəzsiz bir vasitədir. Hər bir xalqın ən böyük varlığı onun mədəni irsi, keçmişi, kökləri və ənənələridir. Biz azərbaycanlılar öz qədim və zəngin tariximiz və mədəniyyətimizlə fəxr edirik, dünyada Azərbaycanı əsrlər boyu mədəniyyətlərin və sivilizasiyaların qovuşduğu sülhsevər, qədim və bərəkətli bir torpaq kimi tanıtmaq istəyirik.


Hörmətli dostlar, bizim çalışıb burada yaratdığımız Azərbaycan mühiti ümidvaram ki, sizin qəlbinizdə xoş duyğular oyadacaq ölkəmizi daha yaxından tanımaq üçün Azərbaycana gələcəksiniz.


Bir daha bu axşam bizimlə birlikdə olduğunuza görə sizə dərin minnətdarlığımı bildirirəm, xoş axşam arzulayıram.


Xəbərə keçid