6 iyul 2013

Kann şəhərində Azərbaycan mədəniyyəti günləri çərçivəsində mərasim

İyulun 6-da Fransanın Kann şəhərində Azərbaycan mədəniyyəti günləri çərçivəsində növbəti mərasim təşkil olunub.


Tədbirdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iştirak edib.


Mehriban Əliyeva mərasimdə çıxış etdi.


Mehriban Əliyevanın çıxışı:


- Hörmətli cənab mer!


Hörmətli xanımlar və cənablar!


Əziz dostlar!


Dünyanın ən gözəl şəhərlərindən biri olan Kannda ölkəmi-Azərbaycanı təqdim etmək mənim üçün çox xoşdur və şərəflidir.


Biz Azərbaycan mədəniyyəti günlərini Fransanın bir çox regionlarında və şəhərlərində keçirdik. Lakin bu sırada Kann şəhəri xüsusi yer tutur. Kann şəhəri dünyanın ən nüfuzlu mədəniyyət mərkəzlərindən biridir və il boyu burada beynəlxalq festivallar, sərgilər, görüşlər və konsertlər keçirilir. Şəhər özü həm təbiəti, həm də tarixi və memarlığı ilə nadir bir mədəni abidədir. Mən çox şadam ki, belə bir şəhərdə Azərbaycan mədəniyyəti günləri keçirilir və bu tədbirin hazırlanmasında əməyi olan hər bir şəxsə, xüsusilə Kann şəhərinin meri cənab Broşana və Heydər Əliyev Fondunun əməkdaşlarına dərin minnətdarlığımı bildirirəm.


Əziz dostlar, Fransa ilə Azərbaycan arasında əlaqələr müxtəlif sahələri əhatə edir və ildən-ilə möhkəmlənir. Paris ilə Bakı arasında siyasi, iqtisadi, elmi və mədəni sahələrdə möhkəm əməkdaşlıq yaranmışdır. Ölkələrimiz həm ikitərəfli, həm də Avropa Şurası, ATƏT və BMT kimi beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq edirlər. Fransa Azərbaycanın ən iri ticarət tərəfdaşlarından biridir və ölkəmizdə 30-dan artıq fransız şirkəti fəaliyyət göstərir. İqtisadi əməkdaşlığımız enerji sektoru, telekommunikasiya, nəqliyyat, şəhərsalma, yüngül sənaye və şərabçılıq sahələrini əhatə edir. Bu ilin fevralında Azərbaycanın ilk peyki “Azerspace-1” kosmosa məhz fransız şirkəti olan “Arian” vasitəsilə buraxılmışdır. Bu sahədə əməkdaşlıq gələcəkdə də davam edəcəkdir.


Humanitar sahədə olan irəliləyiş məni çox şad etmişdir. Ona görə ki, indi məhz humanitar ideyalar, məhz mədəniyyət insanları biri-birinə daha yaxın edən ən ülvi və ən yaxşı bir vasitədir. Yüzlərlə azərbaycanlı tələbə Fransanın aparıcı ali məktəblərində təhsil alır, Fransa institutlarında Azərbaycan dili və tarixi tədris olunur, Bakıda ilk fransız liseyi inşa edilir.


Bakıda və Parisdə ölkələrimizi tanıdan müxtəlif sərgilər, konsertlər və digər tədbirlər keçirilir. Heç təsadüfü deyildir ki, Fransanın ən məşhur muzeyləri olan Luvr, Orsey, Pompidu mərkəzi, Versal sarayının eksponatlarından ibarət sərgi “Plaisir de France” sərgisinin ilk dünya turnesi məhz Bakıdan başlamışdır. Azərbaycan dövləti Luvr muzeyinin İslam Mədəniyyəti Departamentinin yaradılmasında, Versal sarayındakı abidənin, Strasburqdakı katedralın, Fransanın müxtəlif regionlarında, o cümlədən Normandiyada olan tarixi abidələrin bərpasında iştirak etmişdir.


Mən əminəm ki, bütün bu mədəni layihələr bütün insanları, bütün ölkələri daha yaxın, daha dost edir. Biz müstəqil ölkə kimi çox gəncik. İyirmi iki il bundan əvvəl Azərbaycan müstəqilliyini bərpa etmişdir. Lakin Azərbaycanın çox qədim tarixi vardır. Əsrlər boyu Azərbaycan Şərq və Qərb, müxtəlif mədəniyyətlər və sivilizasiyalar arasında körpü rolunu oynamış və bu tarixi proseslər ölkəmizin mədəni irsində və xalqımızın formalaşmasında öz silinməz izlərini qoymuşdur. 


Bu gün də müasir Azərbaycan özündə Qərb və Şərq dəyərlərini cəmləşdirmiş və Azərbaycan xalqı tolerantlıq, sülhsevərlik və qonaqpərvərlik ənənələrinə sadiqdir. Müstəqil Azərbaycan bu gün müasir, sürətlə inkişaf edən azad və dünyaya açıq bir ölkədir. Çox ümidvaram ki, bu müddət ərzində Azərbaycan, ölkəmizin tarixi və mədəniyyəti ilə tanış olursunuz, olacaqsınız və ölkəmizə maraq göstərəcəksiniz. Mən fürsətdən istifadə edərək hamınızı Azərbaycana dəvət edirəm.


Sonda, əziz dostlar, mən bir məsələni qeyd etmək istəyirəm ki, şəhərin meri cənab Broşanın qərarı ilə mən Kann şəhərinin fəxri vətəndaşı adına layiq görülmüşəm. Mən fürsətdən istifadə edərək sizin gözəl və təkrarolunmaz şəhərinizin yeni bir vətəndaşı kimi sizə dərin hörmət və məhəbbətimi çatdırıram. Bir daha bizim ölkəmizə göstərdiyiniz maraq və diqqətə görə sizə dərin minnətdarlığımı bildirirəm və xoş axşam arzulayıram.


Diqqətinizə görə təşəkkür edirəm.


Xəbərə keçid