11 aprel 2012

Parisdə “Bakıya uçuş” sərgisində iştirak edən qonaqların şərəfinə ziyafət

Aprelin 11-də birinci xanım Mehriban  Əliyevanın adından Parisdə “Bakıya uçuş” sərgisində iştirak edən qonaqların şərəfinə ziyafət verilmişdir.


Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ziyafətdə çıxış etmişdir.


Mehriban xanım Əliyevanın çıxışı:


- Hörmətli cənab nazir!


Hörmətli qonaqlar!


İlk növbədə mən sizin hamınızı bu axşam burada salamlayıram və bu gün bizimlə olduğunuza görə sizə dərin minnətdarlığımı çatdırıram.


Cənab nazir, sizə mənim fəaliyyətim, Azərbaycan haqqında dediyiniz xoş sözlərə görə xüsusi minnətdarlığımı bildirirəm.


Doğrudan da bu gün Fransanın paytaxtı Parisdə belə bir sərginin keçirilməsi Azərbaycanın mədəni həyatında böyük bir hadisədir. Çünki Paris təkcə Fransanın yox, demək olar ki, bütün dünyanın mədəniyyət paytaxtıdır. Bu sərgi ilk dəfə Londonda nümayiş olunmuşdur. Bu gün Parisdə göstərilir. Sonra dünyanın digər ölkələrinin paytaxtlarında da nümayiş olunacaqdır. Mən sərginin hazırlanmasında əməyi olan bütün insanlara dərin minnətdarlığımı bildirirəm. Şəxsən bizim gənc, doğrudan da istedadlı rəssamların adından sizə dərin minnətdarlığımı çatdırıram. Mən ümidvaram ki, bu sərgi ölkəmizin zəngin mədəniyyətini, mədəni irsini Fransada daha da yaxşı tanıdacaqdır. Çünki bizim fəaliyyətimizin əsas məqsədi Azərbaycanı, onun zəngin mədəniyyətini, tarixini tanıtmaqdır.


Bu gün sərginin açılışı oldu. Bu sərgi iki həftə Fransada nümayiş olunacaq və inanıram ki, böyük maraq doğuracaqdır.


Mən bir daha sizin hamınıza qonaqpərvərliyinizə, diqqətinizə görə dərin minnətdarlığımı, sizin ölkənizə olan hörmət və məhəbbətimi çatdırıram.


Sonda fürsətdən istifadə edərək sizin hamınızı Azərbaycana dəvət edirəm. Çox sağ olun.


Xəbərə keçid