9 iyul 2014

Fransanın Kann şəhərində “Bakı - Avropa Oyunları - 2015”in təntənəli təqdimatı

İyulun 9-da Fransanın Kann şəhərində “Azərbaycan mədəniyyəti günləri” çərçivəsində “Bakı - Avropa Oyunları - 2015”in təntənəli təqdimatı olub.

 

Azərbaycanın birinci xanımı, Bakıda keçiriləcək birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva mərasimdə çıxış edib:

 

- Hörmətli qonaqlar.

 

Əziz dostlar.

 

Xanımlar və cənablar!

 

Yenidən Kann şəhərində sizinlə birlikdə olmaq çox xoşdur. Mən sizin hər birinizi səmimi qəlbdən salamlayıram və bu gecə bizimlə olduğunuza görə sizə öz dərin minnətdarlığımı bildirirəm.

 

Kann şəhərinin Fəxri vətəndaşı olmaq mənim üçün çox şərəflidir və mən bu fürsətdən istifadə edərək bu gözəl şəhərə, onun bütün sakinlərinə öz hörmətimi çatdırıram.

 

Hər il olduğu kimi bu il də biz qonaqpərvərliyi və dostluğu hiss edirik və bizim ölkəmizə göstərilən diqqətə, hörmətə görə, bizim tədbirlərimizə, bizə yardım göstərən hər kəsə xüsusən də Kann şəhərinin meri cənab Devid Lisnarda öz dərin təşəkkürümü çatdırıram.

 

Əziz dostlar.

 

Bugünkü görüşümüz Azərbaycanın tarixində çox əlamətdar hadisəyə - 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarına həsr olunub. Bildiyiniz kimi Avropa Olimpiya Komitəsinin qərarı ilə Avropa oyunları Azərbaycanın paytaxtı Bakı şəhərində keçiriləcək və bu qərar Azərbaycan xalqı tərəfindən böyük məmnuniyyətlə, böyük dəstəklə qarşılanıb. Məhz bu tarixi qərara görə Avropa Olimpiya Komitəsinin bütün üzvlərinə və prezidentinə öz dərin minnətdarlığımı bildirirəm.

 

Buna baxmayaraq ki, olimpiya hərəkatı Avropada doğulub və sonradan Avropada bərpa olunub. Bu vaxta qədər Avropa oyunları heç zaman keçirilməyib və belə oyunları tarixə ilk Avropa oyunları kimi daxil olan yarışmaları qəbul etmək, hazırlamaq və keçirmək bizim üçün, Azərbaycan üçün ən böyük şərəfdir və həm də böyük məsuliyyətdir.

 

Bu gün Azərbaycan dünyada idman məkanı kimi tanınır. İdmana dəstək, olimpiya hərəkatına dəstək dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Biz müstəqilliyimizi bərpa etdikdən sonra olimpiya oyunlarında 1996-cı ildən iştirak edirik və qısa bir zamanda idmançılarımız böyük nailiyyətlər əldə etmişlər. Oyundan oyuna qazanılan medalların sayı artır. Son yay olimpiya oyunlarında Azərbaycan atletləri on medal qazanmışlar və bu nəticələrinə görə Avropa ölkələri arasında 15-ci, iştirakçılar arasında isə 30-cu yeri tutmuşlar.

 

Ölkəmizdə idman infrastrukturunun inkişafına böyük diqqətlə yanaşılır və son on ildə Azərbaycanda 50-dən çox olimpiya mərkəzi inşa olunub. İdmanla məşğul olan, idmanı özünə peşə seçən gənclərin sayı son illər artır və bu gənclərin qarşısında yeni perspektivlər və imkanlar açılır.

 

Ölkəmiz beynəlxalq idman tədbirlərinin keçirilməsində də böyük təcrübə əldə edib. Bakıda idmanın müxtəlif növləri üzrə - Avropa və dünya çempionatları keçirilib. Ötən ay Bakıda keçirilən bədii gimnastika üzrə Avropa çempionatı həm idmançılar, həm də idman ictimaiyyəti tərəfindən ən yüksək səviyyədə hazırlanmış çempionat kimi qiymətləndirilmişdir.

 

Məhz bütün bu faktları - idmançılarımızın nailiyyətlərini, mövcud idman infrastrukturunu, dövlət tərəfindən idmana güclü dəstəyi və əlbəttə, ölkəmizin ümumi sürətlə inkişafını nəzərə alaraq Avropa Olimpiya Komitəsi bu oyunları Azərbaycanda keçirməyə qərar vermişdir.

 

Olimpiya oyunları Avropanın idman tarixində yeni səhifə açacaq və əlbəttə ilk oyunlar gələcək yanaşmaların standartlarının səviyyəsini təmin edəcəkdir. Buna baxmayaraq ki, hazırlıq üçün cəmi iki il yarım vaxt ayrılıb, Azərbaycan bu oyunları yay olimpiya oyunları səviyyəsində keçirmək əzmindədir. Bunun üçün bütün lazımı tədbirlər həyata keçirilir və təşkilat komitəsi çalışır. Biz beynəlxalq qurumlarla, Avropa Olimpiya Komitəsi ilə sıx əməkdaşlıq qurmuşuq. Biz çoxsaylı könüllülərin dəstəyindən istifadə edirik və bütün lazımı işlər həyata keçirilir. Mən ümidvaram ki, birinci Avropa oyunları ədalətli, sağlam rəqabət, dostluq və həmrəylik şəraitində keçiriləcəkdir.

 

Əziz dostlar.

 

Mən fürsətdən istifadə edərək sizi ölkəmizə dəvət edirəm. Ümidvaram ki, birinci Avropa oyunları zamanı ölkəmizin qonağı olaraq, siz həm də Azərbaycanın tarixi, mədəniyyəti, Şərqlə Qərbi birləşdirən memarlıq abidələri və ənənələri ilə də tanış ola bilərsiniz.

 

Azərbaycan bu gün tolerantlıq və multikulturalizm baxımından dünya mərkəzlərindən birinə çevrilib. Əsrlər boyu ölkəmizdə müxtəlif xalqların və dinlərin təmsilçiləri dostluq, qarşılıqlı etimad və sülh şəraitində rahat yaşayır, fəaliyyət göstərirlər. Bu gün də biz öz ənənələrimizi, köklərimizi və tariximizi qoruyub saxlayaraq dünya mədəni müxtəlifliyinə böyük hörmətlə yanaşırıq.

 

Əziz dostlar.

 

Biz bu təqdimatı - birinci Avropa oyunlarının təqdimatını Avropanın müxtəlif şəhərlərində keçirəcəyik. Amma ilk təqdimat Fransada, Kannda keçirilir və bu da təsadüfü deyil. Fransa Avropanın aparıcı dövlətidir, ümumbəşəri mədəniyyət mərkəzidir. İdman sahəsində böyük nailiyyətlər əldə etmiş dövlətdir. Azərbaycan üçün də dost dövlətdir. Mən çox şadam ki, son illər ölkələrimiz arasındakı, xüsusilə də humanitar sahədə olan əlaqələr tamamilə yeni səviyyəyə çıxarılıb. Azərbaycanı daha dərindən tanıdan tədbirlər Fransanın müxtəlif şəhərlərində keçirilir. Bir il bundan əvvəl, yəqin ki, siz xatırlayırsınız Kannda çox böyük uğurla Azərbaycan mədəniyyəti günləri keçirildi və çox böyük maraqla qarşılandı. Azərbaycanın və Fransanın şəhərləri arasında qardaşlaşmaya dair sazişlər imzalanır və mən ümidvaram ki, gələcəkdə Kannla Azərbaycanın bir şəhəri arasında bu ənənə davam etdiriləcək.

 

Əziz dostlar.

 

Sonda xatırlatmaq istərdim ki, 1896-cı ildə Fransanın görkəmli ictimai xadimi, pedaqoqu, yazıçısı baron Pyer Kuvertənin səyləri nəticəsində olimpiya hərəkatı bərpa olunmuşdur. O vaxtdan etibarən olimpiya hərəkatının təcrübəsi insanları, xalqları, dövlətləri bir araya gətirir, körpüləri qurur, sülh, əmin-amanlıq və dostluq yaradır. Ümidvaram ki, Azərbaycanda keçiriləcək ilk Avropa oyunları bu dəyərlərin möhkəmlənməsinə öz layiqli töhfəsini verəcəkdir.

 

Bir daha sizin hər birinizi səmimi qəlbdən salamlayıram və xoş axşam arzulayıram.

 

Təşəkkür edirəm.


Xəbərə keçid