10 iyul 2014

Fransanın Kann şəhərində “Azərbaycan: ənənələrin və gələcəyin ölkəsi” sərgisinin açılışı

İyulun 10-da Fransanın Kann şəhərində bir neçə sərgini özündə birləşdirən “Azərbaycan: ənənələrin və gələcəyin ölkəsi” sərgisinin açılış mərasimi olub.

 

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva mərasimdə çıxış edib:

 

- Xanımlar və cənablar, əziz dostlar.

 

Azərbaycanı Fransada nümayiş etdirən sərginin açılış mərasiminə xoş gəlmisiniz. İyirmi ildən çoxdur ki, Fransa ilə Azərbaycan arasında bütün sahələri əhatə edən əməkdaşlıq yaranıb. Bu əməkdaşlıq ikitərəfli hörmət, dostluq və maraq əsasında qurulub.

 

Bu ilin may ayında Fransa Prezidenti Fransua Ollandın ölkəmizə rəsmi səfəri çərçivəsində Azərbaycanın və Fransanın dövlət başçılarının görüşü bir daha bu əlaqələrimizin strateji xarakter daşıdığını təsdiqlədi. Mən bu kontekstdə təsis olunmuş Azərbaycanın Dostları Assosiasiyasını qeyd etmək istərdim. Bu assosiasiyanın yaradılmasını alqışlayırıq və dəstəkləyirik. Assosiasiya öz ətrafına Azərbaycanın dostlarını toplamış və assosiasiyanın üzvləri Azərbaycan həqiqətlərini Fransa ictimaiyyətinə çatdırırlar. Mən burada assosiasiyanın sədri cənab Jan-Fransua Manseli salamlayıram və ona öz dərin minnətdarlığımı bildirirəm. Həmçinin assosiasiyanın ən fəal üzvlərindən olan və Azərbaycanın əziz dostu xanım Raşida Datini görməyimə çox şadam. Ümidvaram ki, Assosiasiyanın üzvlərinin sayı artacaqdır. Mən sizin işinizə uğurlar arzulayıram.

 

Eyni zamanda, Azərbaycan ilə Fransa arasında iqtisadi əlaqələr ildən ilə möhkəmlənir. Ölkələrimiz telekommunikasiya, şəhərqurma, nəqliyyat, yüngül sənaye, şərabçılıq və digər sahələrdə əməkdaşlıq qurmuşdur. Azərbaycanda 50-dən çox fransız şirkəti fəaliyyət göstərir və bu fəaliyyət ikitərəfli fayda gətirməkdədir. Azərbaycan Fransanın Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır. Fransa ilə ticarət dövriyyəmiz iki milyard dollara yaxınlaşır.

 

Tarix boyu dilindən, dinindən asılı olmayaraq insanları, xalqları birləşdirən humanitar sahəyə biz diqqətlə yanaşırıq. Mən çox şadam ki, son illər Fransa ilə Azərbaycan arasında humanitar əlaqələr yeni səviyyəyə yüksəlmişdir. Bu gün Fransanın ali məktəblərində yüzlərlə azərbaycanlı tələbə təhsil alır, bir çox Fransa universitetlərində Azərbaycan dili və tarixi tədris olunur. Eyni zamanda, Azərbaycanın paytaxtı Bakıda fransız liseyi inşa olunmuş və fəaliyyət göstərir. Azərbaycan dövləti Luvr muzeyinin İslam İncəsənəti Departamentinin bərpasında iştirak edib, Heydər Əliyev Fondunun səyləri ilə Strasburqun Kafedral kilsəsi, Fransanın digər rayonlarında tarixi və memarlıq abidələri bərpa olunub.

 

Heydər Əliyev Fondunun dəstəyi ilə Fransanın paytaxtında və iyirmi şəhərində Qafqazın mirvarisi olan Azərbaycanın mədəniyyətini təmsil edən sərgilər, konsertlər və digər tədbirlər keçirilib. Parisdə dahi Azərbaycan şairləri Nizami Gəncəvi və Məhsəti Gəncəvinin həyat və yaradıcılığına həsr olunmuş elmi konfranslar keçirilib. Bu yaxınlarda Miluz şəhərinin Yuxarı Alzas Universitetinin filologiya fakültəsinin konfrans zalı Heydər Əliyev Fondunun dəstəyi ilə tamamilə yenidən qurulub və zala Məhsəti Gəncəvinin adı verilib. Əminəm ki, atılan bütün bu addımlar xalqlarımızı və ölkələrimizi biri-birinə daha yaxın edib, daha çox və sıx dostluq əlaqələri yaradıb. Bu sırada keçən il Kann şəhərində keçirilən Azərbaycan mədəniyyət günlərini xüsusi qeyd etmək istərdim. Mən çox şadam ki, Fransanın ən gözəl şəhərlərindən biri olan Kannda bizim bütün tədbirlərimiz böyük maraq və hörmətlə qarşılandı. Biz bu şəhərə ürəkdən bağlandıq və mədəniyyət günlərimizi ənənəvi olaraq burada keçirmək istərdik. Mən fürsətdən istifadə edərək bizə yardım göstərən və bütün tədbirlərimizdə bizə dəstək verən hər bir insana, eyni zamanda Kann şəhərinin keçmiş meri cənab Bernar Broşana və hazırki meri cənab David Lisnarda öz dərin minnətdarlığımı çatdırıram.

 

Əziz qonaqlar, sonda bir daha sizin ölkənizə olan öz hörmətimi və məhəbbətimi çatdırıram və hamınıza xoş axşam arzulayıram. İndi isə sizi sərgi ilə tanış olmağa dəvət edirəm.


Xəbərə keçid