18 noyabr 2014

İstanbulda “Bakı-2015” birinci Avropa Oyunlarının təqdimatı

Noyabrın 18-də İstanbulun “Çırağan” sarayında “Bakı-2015” birinci Avropa Oyunlarının təqdimatı olub.

 

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva mərasimdə çıxış edib: 

 

Hörmətli xanımlar və cənablar!

 

Əziz dostlar.

 

Əziz qonaqlar.

 

Qardaş Türkiyədə yenidən olmağımdan çox mutluyam. Minillik tarixə malik və dünyanın ən gözəl şəhərlərindən biri olan İstanbulda bu gecə sizləri görmək və salamlamaq mənim üçün çox xoşdur. Çox sağ olun ki, bu axşam bizimlə birlikdəsiniz. Birlik kəlməsi türk və Azərbaycan xalqlarının xislətini əks etdirir. Birlik və qardaşlıq dövlətlərarası əlaqələrin də əsasıdır. Biz əsrlər boyu bir-birimizin yanında olmuşuq, xalqlarımızı möhkəm tellər birləşdirir. Baxmayaraq ki, keçmiş sovet dövründə, 70 il ərzində əlaqələr süni şəkildə kəsilmişdir, xalqlarımızın qəlbində qarşılıqlı məhəbbət və hörmət daim yaşamışdır.

 

Biz hər zaman bir-birimizi dəstəkləyirik. Zənnimcə dünyada ən yaxın və ən qardaş iki dövlət məhz Azərbaycan və Türkiyədir.

 

Azərbaycan öz müstəqilliyini bərpa edəndən sonra ölkələrimiz arasında əlaqələr də bərpa olundu və tamamilə yeni səviyyəyə qaldırıldı. Bu gün demək olar ki, bizim əməkdaşlığımız bütün sahələri əhatə edir. Siyasi əlaqələr ən yüksək səviyyədədir. İqtisadi əlaqələr ildən-ilə artmaqdadır. Azərbaycan tərəfindən xarici ölkələrə qoyulan investisiyaların ən böyük payı Türkiyəyə düşür. Bizim əlaqələrimiz mədəni, təhsil sahəsini də əhatə edir. Yüzlərlə azərbaycanlı tələbə Türkiyənin ali məktəblərində, universitetlərində təhsil alır. Azərbaycan ilə Türkiyə beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq qurublar. Azərbaycan-Türkiyə birliyi yaşadığımız bölgədə sabitləşdirici amildir. Bizim birgə həyata keçirdiyimiz irimiqyaslı layihələr, istər enerji sektorunda, istər nəqliyyat sektorunda nəinki bölgə üçün, dünya üçün böyük önəm daşıyır. Türkiyə ilə Azərbaycan TANAP layihəsinin aparıcı qüvvəsidir. Gələn il istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu Avropa ilə Asiyanı bağlayacaq. Bütün bu uğurlu layihələrin, uğurlu proqramların təməlində xalqlarımızın qardaşlığı, dövlətlərimizin iradəsi durur. Biz Azərbaycanda Türkiyənin uğurlarına öz uğurlarımız kimi sevinirik. Sevinirik ki, Türkiyə son on il ərzində sürətli inkişaf və tərəqqi yolu ilə gedir. Türkiyə böyük iyirmilərin üzvü olaraq dünya problemlərinin həllinə öz töhfəsini verir.

 

Azərbaycan da son on il ərzində dünyanın ən yüksək sürətlə inkişaf edən ölkəsinə çevrilib. Son on il ərzində iqtisadi artım 3 dəfədən çox olub, büdcə xərcləri 20 dəfə artıb, yoxsulluğun və işsizliyin səviyyəsi beş faizə enib. Ölkədə on il ərzində 3000-dən çox yeni məktəb binası inşa olunub və təmir edilib. Tarixi və mədəni abidələr bərpa olunur, eyni zamanda, yeni mədəniyyət ocaqları, muzeylər, sərgi salonları qurulur. Azərbaycanın beynəlxalq mövqeyi ildən ilə möhkəmlənir və bu gün Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır. Heç də təsadüfi deyil ki, Avropa Olimpiya Komitəsinin qərarı ilə ilk Avropa oyunları Azərbaycanın paytaxtı Bakı şəhərində keçiriləcək. Bu qərar Azərbaycan xalqı tərəfindən böyük məmnuniyyətlə və böyük dəstəklə qarşılanıb.

 

Əziz dostlar, ona baxmayaraq ki, olimpiya hərəkatı Avropada doğulub və sonradan Avropada bərpa olunub, bu vaxta qədər Avropa oyunları keçirilməyib. Tarixə ilk Avropa oyunları kimi daxil olan belə iri miqyaslı yarışmaları qəbul etmək, hazırlamaq və keçirmək əlbəttə bizim üçün həm böyük şərəfdir, həm də böyük məsuliyyətdir. Bu gün Azərbaycan dünyada idman dövləti kimi tanınır. İdmana, olimpiya hərəkatına dəstək dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Biz müstəqilliyimizi bərpa etdikdən sonra olimpiya oyunlarında 1996-cı ildən iştirak edirik və qısa bir zamanda idmançılarımız böyük nailiyyətlər əldə ediblər. Oyunlardan oyuna qazanılan medalların sayı artmaqdadır. Son yay olimpiya oyunlarında bizim yığma komandamız ikisi qızıl olmaqla on medal qazanaraq, bu nəticə ilə Avropa ölkələri arasında 15-ci yerdə, ümumi iştirakçılar arasında isə 30-cu yerdə olublar. Ölkədə idman infrastrukturunun inşasına, müasirləşməsinə də böyük diqqətlə yanaşılır. Son on il ərzində Azərbaycanda, Azərbaycanın bölgələrində 50-dən çox yeni müasir olimpiya mərkəzləri tikilib. İdmanla məşğul olan, idmanı özünə peşə seçən gənclərin sayı ildən-ilə artır və onların qarşısında yeni perspektivlər, yeni imkanlar açılır. Bu il Çində keçirilən yeniyetmələrin olimpiya oyunlarında bizim gənc atletlərimiz 5-i qızıl olmaqla, 12 medal qazanaraq iki yüzə yaxın ölkənin arasında onuncu yeri tutublar. Ölkəmiz müxtəlif beynəlxalq idman tədbirlərinin keçirilməsində böyük təcrübə əldə edib. Azərbaycanda müxtəlif idman növlərindən olan dünya və Avropa çempionatları keçirilir və həm idmançılar tərəfindən, həm də idman ictimaiyyəti tərəfindən bütün bu tədbirlərin ən yüksək səviyyədə hazırlığı qeyd olunur. Bir sözlə, bütün bu faktorları nəzərə alaraq idmançılarımızın, atletlərimizin nailiyyətləri, dövlət tərəfindən idmanın inkişafına möhkəm dəstək, mövcud olan idman infrastrukturu və əlbəttə ölkənin ümumi sürətli inkişafını nəzərə alaraq Avropa Olimpiya Komitəsi bu oyunların məhz Azərbaycanda keçirilməsini nəzərdə tutub. Oyunlarda 6 mindən çox atlet iştirak edəcək, iyirmi idman növündə yarışmalar keçiriləcək. Birinci Avropa Oyunları Avropanın idman tarixində yeni bir səhifə açacaq. Əlbəttə, ilk oyunlar gələcək oyunların səviyyəsini, standartlarını müəyyən edəcək. Ona baxmayaraq ki, hazırlığa cəmi iki il yarım vaxt ayrılıb, Azərbaycan bu oyunları yay olimpiya oyunları səviyyəsində keçirmək əzmindədir. Bunun üçün bütün lazımi tədbirlər həyata keçirilir və zəruri addımlar atılır. Biz güclü Təşkilat Komitəsi yaratmışıq. Beynəlxalq qurumlarla, Avropa Olimpiya Komitəsi ilə beynəlxalq idman federasiyaları ilə çox uğurlu əməkdaşlıq qurmuşuq, çoxsaylı könüllülərin köməyindən istifadə edirik. Və ümidvaram ki, birinci Avropa oyunları ədalətli, sağlam rəqabət, dostluq və həmrəylik şəraitində keçiriləcək.

 

Sonda əziz qonaqlar, mən fürsətdən istifadə edərək sizi birinci Avropa Oyunlarını izləmək üçün Azərbaycana – Bakıya dəvət etmək istəyirəm.

 

Bir daha bu axşam bizimlə olduğunuza görə sizə dərin minnətdarlığımı bildirirəm. İstanbul şəhəri mənim üçün çox doğma və əziz şəhərdir. Və bu şəhərin təkrarolunmaz ab-havasını, onun gözəl təbiəti, onun unudulmaz tarixi və mədəni abidələri ilə yanaşı sizlər, bu şəhərdə yaşayan insanlar yaradıb və ona görə sizə, isti qonaqpərvərliyinizə görə təşəkkür edirəm.

 

Qardaş Türkiyəyə sülh, əmin-amanlıq və gələcək uğurlar arzu edirəm.


Xəbərə keçid


Paylaş: