2016-cı
il yanvarın 21-də İsveçrənin Lozanna şəhərində Avropa Olimpiya Komitələrinin
İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.
Azərbaycanın birinci xanımı, “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva mərasimdə çıxış edib:
- Avropa Olimpiya Komitəsinin prezidenti, hörmətli cənab Patrik Hikki.
Cənab Miro.
Avropa Olimpiya ailəsinin hörmətli üzvləri, xanımlar və cənablar, əziz dostlar.
İlk növbədə, burada bu cür səmimi qarşılanmaya görə sizə öz təşəkkürümü bildirmək istərdim. Cənab prezident, bu cür xoş təqdimata görə sizə təşəkkür edirəm. Mən burada olmaqdan çox xoşbəxtəm. Sizin hamınızı bir daha görməkdən məmnunam. Məni bu görüşə dəvət etdiyinizə görə təşəkkür edirəm. Mən Azərbaycandakı bütün dostlarınızdan sizə atəşli salamlar gətirmişəm. Xidmətlərə görə Avropa Olimpiya Komitəsinin belə yüksək mükafatını qəbul etmək mənim üçün böyük şərəf və qürurdur. Mən çox xoşbəxtəm ki, bu mükafat mənə birinci Avropa Oyunlarının uğuru münasibətilə verilib. Cənab prezident, icazə verin mən bütün “Bakı-2015” komandasının adından bu mükafatı qəbul edim.
Cənab prezident, mən sizə oyunların uğurla keçirilməsinə verdiyiniz əhəmiyyətli töhfəyə görə təşəkkürümü bildirmək istərdim. Sizin əminliyiniz və sonsuz dəstəyiniz Avropa idman tarixində ilk Avropa Oyunlarını keçirmək barədə qərarın qəbul edilməsi üçün əsas oldu. Əslində bu cür Oyunların keçirilməsi ideyası cənab Patrik Hikkiyə məxsusdur. Biz ölkəmizə göstərdiyiniz etimada, köməyinizə və güclü dəstəyinizə görə sizə minnətdarıq. Bizim yanımızda olduğunuza görə təşəkkür edirik. Bu gün bütün idman ictimaiyyəti və bütün Azərbaycan xalqı sizi ölkəmizin yaxşı dostu hesab edir.
Mən, həmçinin ölkəmizdə Olimpiya Hərəkatına göstərdiyi daimi diqqətə görə Beynəlxalq Olimpiya Komitəsinin prezidenti cənab Tomas Baxa təşəkkürümü bildirirəm. Onun birinci Avropa Oyunlarının açılışında şəxsən iştirak etməsi Azərbaycanda yüksək qiymətləndirilir. Mən bir daha Oyunlara hazırlıq və təşkili prosesində verdiyi böyük dəstəyə, tövsiyələrə və tərəfdaşlığa görə Avropa Olimpiya Komitəsinin bütün üzvlərinə və Əlaqələndirmə Komissiyasının sədri, bizim yaxın dostumuz Spiros Kapralosa təşəkkürümü bildirmək istərdim.
Birinci Avropa Oyunları Avropa idmanı və Azərbaycan üçün tarixi hadisə oldu. Təşkilat Komitəsinin sədri olaraq mən çox xoşbəxtəm ki, biz bu Oyunları kifayət qədər yüksək səviyyədə keçirməyə müvəffəq olduq. Bizim hazırlıqlara cəmi 2 il yarım vaxtımız var idi. Lakin Azərbaycan vətəndaşları, Oyunların iştirakçıları və qonaqların hamısı Oyunların həqiqətən uğurla keçdiyi qənaətindədir. Biz çalışdıq. Mən ümid edirəm və inanıram ki, biz 6 mindən çox Avropa idmançısı və minlərlə qonaq üçün dostluq və həmrəylik mühiti yarada bildik. Bu 17 gün ərzində biz bir ailə kimi olduq və mən əminəm ki, bu Oyunlar tarixdə təkcə ilk Avropa Oyunları kimi deyil, həm də dostluq, həmrəylik və qarşılıqlı anlaşma üzrə beynəlxalq forum kimi qalacaq. Bu cür mühitin yaradılması xalqlar və ölkələr arasında əlaqələri, münasibət və qarşılıqlı hörməti möhkəmləndirir. Mən əminəm ki, bu gün dünyaya lazım olan məhz budur.
Oyunlar bizə bu il müstəqilliyinin bərpasının 25-ci ildönümünü qeyd edəcək müasir Azərbaycanın inkişafını nümayiş etdirməyə imkan verdi. Müstəqillik illəri inkişaf və tərəqqi, həyatımızın bir çox sahələrində nailiyyətlər illəri oldu. Mən deyə bilərəm ki, 21-i qızıl olmaqla, 56 medal qazanaraq 50 ölkə arasında ikinci yerə çıxmış idmançılarımızın Oyunlarda yüksək səviyyədə iştirakı bu inkişafın bariz nümunəsidir.
Bu gün Azərbaycan dünyada qlobal multikulturalizm mərkəzlərindən biri kimi tanınır. Müxtəlif millətlərə və dinlərə mənsub olan insanlar əsrlər boyu Azərbaycanda sülh və əmin-amanlıq şəraitində yaşayıblar. Bu gün biz ənənələri qorumaq və gücləndirmək üçün əlimizdən gələni edirik. Bu il biz BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna ev sahibliyi edəcəyik. 2017-ci ildə paytaxtımızda IV İslam Həmrəylik Oyunları keçiriləcək. Beləliklə, Bakı iki il ərzində 100-dən artıq ölkəni bir araya gətirən Avropa və İslam Oyunlarına ev sahibliyi etmiş şəhər olacaq. Bu, bizim beynəlxalq münasibətlərin, qarşılıqlı hörmət və anlaşmanın, tolerantlığın gücləndirilməsinə töhfəmizdir. Mən fürsətdən istifadə edərək sizin hamınızı ölkəmizə səfərə və bu mühüm tədbirlərdə iştiraka dəvət etmək istərdim.
Əziz dostlar, sonda mən bir daha fəaliyyətimə verdiyiniz yüksək qiymətə, səmimi qarşılanmaya görə sizin hamınıza təşəkkür etmək istərdim. Mən burada olmaqdan çox xoşbəxtəm. Bu, mənim buraya ilk səfərimdir. Ümidvaram ki, görüşlərimiz maraqlı və məhsuldar keçəcək. Mən yeni ildə sizə və ailələrinizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar arzulamaq istərdim. Bir daha təşəkkür edirəm.