29 noyabr 2011

Vatikanda Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümünə həsr olunmuş təntənəli mərasim

Noyabrın 29-da Heydər Əliyev Fondunun təşəbbüsü və Azərbaycanın Vatikandakı səfirliyinin dəstəyi ilə Vatikanda Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilmişdir.

 

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti  Mehriban Əliyeva mərasimdə iştirak etmişdir.

 

Mehriban Əliyeva mərasimdə çıxış etdi. 

 

Mehriban Əliyevanın çıxışı:

 

- Kardinal həzrətləri Ravazi, zati-aliləri, xanımlar və cənablar!

 

Azərbaycana həsr olunmuş bu gecədə sizin hamınızı səmimi qəlbdən salamlayıram. Kardinal Ravaziyə ölkəmiz haqqında dediyi səmimi sözlərə, bu axşam bizimlə olduğuna və əməkdaşlığa görə dərin minnətdarlığımı çatdırıram. Bugünkü tədbirimiz Azərbaycanın ən yeni tarixində əlamətdar bir hadisəyə həsr olunub. Bu il biz ölkəmizin müstəqilliyinin bərpa olunmasının 20-ci ildönümünü qeyd edirik. Mən çox şadam ki, bu hadisəni qeyd etmək üçün seçilmiş dövlətlərin biri də Vatikandır. Bu da ölkəmizin müqəddəs taxt-tac ilə olan dostluq münasibətlərinin göstəricisidir.

 

1991-ci ildə müstəqilliyini bərpa edərək Azərbaycan xalqı nəhayət ki, öz torpaqlarına, öz ölkəsinə sahib çıxdı. Bu 20 il ərzində biz bir çox nailiyyətlər əldə etmişik. Baxmayaraq ki, müstəqilliyimizin ilk illərində ölkəmiz çox ciddi problemlərlə üzləşmişdir. İyirmi ildən çox sürən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hələ də öz həllini tapmayıb. Azərbaycanın ərazisinin beşdə bir hissəsi işğal altındadır, ölkədə bir milyon qaçqın və məcburi köçkün mövcuddur. Zəbt olunmuş torpaqlarımızdakı mədəni irsimiz işğalçıların hədəfinə çevrilib. Çoxsaylı mədəni və tarixi abidələr yer üzündən həmişəlik silinib, ibadət yerləri və qəbiristanlıqlar dağıdılıb. Buna baxmayaraq, Azərbaycan münaqişənin sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinin tərəfdarıdır. Mən ümidvaram ki, ölkəmizin ərazi bütövlüyü yaxın gələcəkdə bərpa olunacaq və hər bir qaçqın, hər bir köçkün öz doğma yurduna qayıda biləcəkdir. 

 

Bütün bu çətinliklərə baxmayaraq, Azərbaycan bu gün dünya xəritəsində öz yerini təsdiqləmişdir və sürətlə inkişaf edən bir dövlətdir.  Cənubi Qafqaz dövlətlərinin ümumi iqtisadiyyatının 75 faizi bu gün Azərbaycanın payına düşür və regiondakı bütün irimiqyaslı layihələr Azərbaycanın iştirakı ilə, çox zaman Azərbaycanın təşəbbüsü ilə həyata keçirilir. Ölkəmizdə sosial problemlər ardıcıl olaraq öz həllini tapır. Təkcə onu demək kifayətdir ki, son 8 il ərzində yoxsulluğun səviyyəsi 49 faizdən 9 faizə enib, ölkədə 900 mindən çox yeni iş yeri açılıb, 2 mindən çox məktəb yenidən inşa olunub, yenidən qurulub.

 

Sabit inkişaf edən iqtisadiyyatımız bizə həqiqətən müstəqil xarici siyasət aparmağa imkan verir. Bu gün Azərbaycan beynəlxalq sülhün və sabitliyin qorunmasına yönəlmiş dünyamiqyaslı proseslərdə fəal iştirak edir və bir sıra məsələlərdə Avropa və Qərb Azərbaycanı strateji tərəfdaş kimi tanıyır.

 

Əziz dostlar! Əsrlər boyu Azərbaycan müxtəlif dinlərin və mədəniyyətlərin təmas və ünsiyyət qovşağı rolunu oynamışdır. Hələ eramızdan əvvəl 2-ci minillikdə Azərbaycanın ərazisindən Böyük İpək Yolu keçmişdir. Məlumdur ki, mədəniyyətlərin və sivilizasiyaların qovuşmasında, elmi və fəlsəfi biliklərin yayılmasında Böyük İpək yolu müstəsna rol oynayıb. Bu proseslər ölkəmizdən də yan keçməyib. Azərbaycan Qərb və Şərq, Şimal və Cənub arasında körpü rolunu oynayıb və bu gün də oynamaqdadır.

 

2002-ci ilin may ayında ölkəmizə tarixi səfəri zamanı Roma papası II İoann Pavel qeyd etmişdir ki, Azərbaycan Qərblə Şərq arasında qapıdır. O, nəinki çox vacib strateji əhəmiyyət kəsb edir, həmçinin açıqlıq və müdafiə rəmzidir. Əsrlər boyu formalaşmış dini dözümlülük, tolerantlıq, bütün dünya mədəniyyətlərinə hörmət Azərbaycan xalqının ən əsas və ən gözəl xüsusiyyətlərindən biridir.

 

Təsadüfi deyildir ki, son illər Azərbaycan dinlərarası, mədəniyyətlərarası dialoq qurmaq üçün çox vacib bir beynəlxalq məkana çevrilib. Son illər Bakıda bir çox görüşlər, forumlar keçirilir. Buna misal olaraq, 2010-cu ildə paytaxtımızda dünya dinlərinin liderlərinin zirvə görüşünü, bu ilin aprel ayında Bakı Beynəlxalq Mədəniyyətlərarası Forumu və oktyabr ayında keçirilən Bakı Beynəlxalq Humanitar Forumunu qeyd etmək istərdim. Bu tədbirlərdə Vatikanın rəsmiləri də iştirak edib və öz töhfələrini veriblər.

 

Azərbaycanda bütün dövrlərdə ictimai-siyasi quruluşdan asılı olmayaraq müxtəlif dillərdə danışan, müxtəlif dinləri təmsil edən insanlar sülh, əmin-amanlıq şəraitində bir ailə kimi yaşayıblar. İndi də çoxkonfessiyalı, çoxmillətli Azərbaycan bu ənənələrə sadiqdir. Bu, bizim ən böyük sərvətlərimizdən biridir.

 

Əziz dostlar!

Tarixçilərin verdiyi məlumata görə, ilk katolik icması Azərbaycanda XIX əsrin 30-cu illərində formalaşmağa başlamışdır. XIX əsrin sonları, XX əsrin əvvəlində katolik icmasının nümayəndələri paytaxtımız Bakının ictimai-mədəni həyatında çox mühüm  rol oynayıblar və xüsusən səhiyyə, mədəniyyət, memarlıq sahələrində bu gün də böyük minnətdarlıqla xatırlanan izlər qoyublar. 1912-ci ildə Bakının mərkəzində katolik icmasının təşəbbüsü və əhalinin dəstəyi ilə Müqəddəs Məryəm katolik kilsəsi tikilmişdir. Əfsuslar olsun ki, stalinizm dövründə digər dini ocaqlar kimi, bu kilsə də dağıdılmışdır. Lakin müstəqil Azərbaycan dövlətinin birbaşa dəstəyi ilə Müqəddəs Məryəm kilsəsi yenidən müasir üslubda tikilmişdir və 2008-ci ilin may ayında Vatikanın dövlət katibinin iştirakı ilə onun rəsmi açılış mərasimi keçirilmişdir. Ölkəmizdə katoliklər sayca az olsalar da, onlar Azərbaycanın bütün azadlıqları və hüquqlarından bəhrələnirlər və öz vətənlərinə - Azərbaycana layiqincə xidmət edirlər.

 

Əziz dostlar!

Bu gün Azərbaycan təkcə neft və qaz ehtiyatlarına malik olan ölkə kimi yox, dünyada öz zəngin mədəni irsi ilə tanınan dövlətə çevrilib. Azərbaycanın qədim xalçaçılıq məktəbi, bənzərsiz muğamı, tarixi və memarlıq abidələri, poeziyası, incəsənəti xalqımızın ən böyük sərvətidir. Biz əsrlər boyu müxtəlif imperiyaların tərkibində olmuşuq. Lakin biz öz dilimizi, dinimizi, mədəni irsimizi, ənənələrimizi yaşadıb inkişaf etdirərək özümüzü bir millət, bir xalq kimi qoruyub saxlamışıq.

 

Bu axşam sizin diqqətinizə Azərbaycan mədəniyyətinin kiçik bir hissəsini təqdim edəcəyik. Mən ümidvaram ki, gördüyünüz naxışlar, dinlədiyiniz musiqi, seyr etdiyiniz mənzərələr sizin qəlbinizi riqqətə gətirəcək və birgə keçirdiyimiz bu axşam dövlətlərimizi, insanları bir-birinə daha da yaxınlaşdıracaq və bağlayacaqdır.

 

Sonda bir daha sizin hamınıza bu axşam bizimlə olduğunuza görə dərin minnətdarlığımı bildirirəm. Sizə xoşbəxtlik və əmin-amanlıq arzulayıram. Diqqətinizə görə çox sağ olun!


Xəbərə keçid