25 sentyabr 2018

Romada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə ziyafət

Sentyabrın 25-də Romada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə rəsmi ziyafət verilib.

 

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva rəsmi ziyafətdə iştirak edib.

 

Mehriban Əliyeva tədbirdə çıxış edib.

 

Mehriban Əliyeva qonaqları salamlayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixinə nəzər salıb. Diqqətə çatdırıb ki, həmin dövrdə ölkəmiz üçün çox vacib addımlar atılıb: Azərbaycanda demokratiya institutları formalaşmağa başladı, azad seçkilər nəticəsində çoxmilli və çoxpartiyalı parlament yaradıldı, ölkəmiz üçün bir sıra vacib qanunlar qəbul edildi, milli ordumuz yarandı. “Biz ölkəmizdə Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsinə böyük hörmətlə yanaşırıq. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi Azərbaycanda və tərəfdaş ölkələrdə geniş şəkildə qeyd olunur”, - deyən Mehriban Əliyeva belə bir gecənin Azərbaycana dost olan İtaliyada, bu ölkənin gözəl paytaxtında – Romada keçirilməsindən məmnunluğunu ifadə edib.

 

Bu gün Azərbaycanın zəngin, qədim tarixə və mədəniyyətə malik olduğunu, Şərqlə Qərb arasında - qədim İpək Yolu üzərində yerləşdiyini deyən Mehriban Əliyeva əsrlər boyu burada müxtəlif sivilizasiyaların, mədəniyyətlərin, dinlərin, millətlərin nümayəndələrinin sülh, qarşılıqlı hörmət şəraitində yaşadıqlarını vurğulayıb. “Biz fəxr edirik ki, bu ənənələr bu gün də qorunub saxlanılır. Azərbaycanda multikulturalizm, dözümlülük, qarşılıqlı hörmət artıq həyat tərzidir”, - deyən Mehriban Əliyeva bu gün ölkəmizin dünyada multikulturalizm mərkəzlərindən biri kimi tanınmasının təsadüfi olmadığını, Azərbaycanda millətlərarası dialoqun qurulmasına həsr olunan bir sıra beynəlxalq tədbirlərin keçirildiyini və belə tədbirlərin BMT, UNESCO, ISESCO kimi mötəbər beynəlxalq təşkilatlar tərəfindən dəstəkləndiyini vurğulayıb.

 

Ölkəmizin müstəqillik illərində qazandığı nailiyyətlərdən danışaraq müxtəlif sahələrdə əldə edilən uğurları qeyd edib. Azərbaycanın beynəlxalq arenadakı nüfuzunun artdığını, 2011-ci ildə ölkəmizin BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçildiyini, Azərbaycanın həm Avropa Şurasının, həm də İslam Əməkdaşlıq Təşkilatının üzvü olduğunu, 2008-ci ildə Bakı şəhərində Avropa Şurasına və İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərinin görüşünün təşkil olunduğunu, bu təşəbbüsə “Bakı Prosesi” adının verildiyini bildirib. Vurğulayıb ki, “Bakı Prosesi” xalqlar və millətlər arasında səmərəli dialoq qurmağa xidmət edir.

 

İtaliya-Azərbaycan münasibətlərindən danışıb, əlaqələrimizin strateji tərəfdaşlıq əsasında inkişaf etdiyini, həm siyasi, həm də iqtisadi sahədə uğurlu əməkdaşlığın qurulduğunu bildirib. Bu gün Azərbaycanda çox sağlam investisiya mühitinin mövcudluğunu bildirən Mehriban Əliyeva İtaliyanın iş adamlarını ölkəmizə dəvət edib.

 

Humanitar sahədəki əlaqələrə xüsusi toxunub, son illər Azərbaycandan İtaliyaya təhsil almaq üçün gedən tələbələrin sayının artdığını xoş hal kimi dəyərləndirib. Həm Azərbaycanda, həm də İtaliyada qarşılıqlı mədəniyyət günlərinin keçirildiyini, müxtəlif sərgilərin, konsertlərin, görüşlərin baş tutduğunu söyləyib. “Mən qeyd etmək istəyirəm ki, Romanın məşhur “Villa Borghese” parkında dahi Azərbaycan şairi Nizami Gəncəviyə ucaldılan abidə Azərbaycan xalqı tərəfindən çox böyük hörmətlə qarşılanır və çox yüksək qiymətləndirilir”, - deyən Mehriban Əliyeva bu sahədə gələcəkdə də əməkdaşlığın möhkəmlənəcəyinə əminliyini ifadə edib.

 

“Milan Ekspo” sərgisində Azərbaycan pavilyonunun ən çox ziyarət edilən pavilyonlardan biri olduğunu qeyd edib, ölkəmizin “Ekspo-2025” Ümumdünya Sərgisinə ev sahibliyi etməsi üçün Bakı şəhərinin namizədliyini irəli sürdüyünü bildirib. “Bizim bu sahədə böyük təcrübəmiz var. Bakıda, paytaxtımızda dəfələrlə böyük beynəlxalq tədbirlər keçirilib və ümidvaram ki, əgər bizim namizədliyimiz qalib gəlsə, biz gözəl bir beynəlxalq tədbir keçirməyə nail olacağıq”, - deyən Mehriban Əliyeva İtaliyanın bu sahədəki təcrübəsinin əhəmiyyətini də vurğulayıb.

Xəbərə keçid