28 dekabr 2013

Uşaqlar üçün ənənəvi bayram şənliyi

Heydər Əliyev Fondu “Buta” sarayında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində uşaqlar üçün ənənəvi bayram şənliyi təşkil edib.

 

Dekabrın 28-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva bayram şənliyində iştirak ediblər.

 

Mehriban Əliyeva bayram şənliyində çıxış edib:

 

- Hörmətli valideynlər, hörmətli müəllimlər!

 

Mən sizin hamınızı qarşıdan gələn Yeni il bayramı münasibətilə ürəkdən təbrik edirəm. Yeni ildə sizə uğurlar, xoşbəxtlik, cansağlığı arzulayıram. Mən arzulayıram ki, yeni ildə bizim bütün balalarımız yaxşı oxusunlar, təhsillərini davam etdirsinlər, savadlı olsunlar, müxtəlif biliklərə yiyələnsinlər. Çünki hər bir insanın gələcəyini, gələcək taleyini onun biliyi, savadı, təhsili təmin edir. Ona görə, əziz uşaqlar, sizin bugünkü vəzifəniz məhz yaxşı oxumaq, bilikli olmaqdır.

 

Mən arzu edirəm ki, bizim bütün balalarımız Azərbaycana, Vətənə bağlı olsunlar, Vətəni sevsinlər, vətənpərvər böyüsünlər. Azərbaycan kimi ölkədə yaşamaq böyük xoşbəxtlikdir. Azərbaycanın təkrarolunmaz təbiəti, qədim və zəngin mədəniyyəti, istedadlı xalqı vardır. Bu il də Azərbaycan bir sıra uğurlara imza atdı. Ölkəmizdə bu il yüzlərlə yeni məktəblər, bağçalar tikildi və təmir olundu, şəhərlərimiz abadlaşdı, beynəlxalq arenada Azərbaycanın nüfuzu artdı. Bu il ilk dəfədir ki, Azərbaycanın peyki açıq səmaya - kosmosa çıxdı. Bir sözlə, biz hamımız öz ölkəmizlə fəxr etməliyik və Azərbaycanın inkişafı, daha da güclənməsi üçün çalışmalıyıq.

 

31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Biz hamımız bu gün dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızı salamlayırıq, onlara yeni ildə xoşbəxtlik, cansağlığı, uğurlar arzulayırıq.

 

Mən bir daha sizin hamınızı ürəkdən təbrik edirəm. Əziz uşaqlar, mən sizin hamınızı çox sevirəm. Mən çox arzulayıram ki, hər bir uşağımız sevgi mühitində böyüsün, hər bir azərbaycanlı ailəsində hər şey yaxşı olsun. Mən sizi bir daha ürəkdən təbrik edirəm, bütün Azərbaycan xalqına xoşbəxtlik və əmin-amanlıq arzulayıram. Çox sağ olun!


Xəbərə keçid