29 dekabr 2010

Uşaqlar üçün ənənəvi bayram şənliyi

Heydər Əliyev Fondu “Buta” sarayında uşaq evlərində və internat məktəblərində təlim-tərbiyə alan, şəhid, qaçqın və məcburi köçkün ailələrindən olan, yetim və valideyn himayəsindən məhrum, təhsildə xüsusilə fərqlənən uşaqlar üçün Yeni il şənlikləri keçirir.

 

Dekabrın 29-da Fondun prezidenti, Azərbaycanın birinci xanımı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva növbəti bayram şənliyində iştirak etmiş, qızları Leyla və Arzu ilə birlikdə uşaqların sevinc və fərəhini bölüşmüşdür.

 

Mehriban Əliyeva bayram şənliyində çıxış edib:

 

- Əziz uşaqlar, hörmətli valideynlər, hörmətli müəllimlər.

 

Mən sizi Yeni il münasibətilə səmimi qəlbdən təbrik edirəm. Çox şadam ki, bu il də Yeni ili, Yeni il sevincini sizinlə birlikdə paylaşırıq. Mən uşaqlarımızın üzündə təbəssüm və sevinc görürəm. Arzum odur ki, hər zaman siz belə gülərüz, belə xoşbəxt olasınız.

 

Yeni il bütün başqa bayramlardan fərqli bir bayramdır. Uşaqların ən sevimli bayramıdır. Mənim də ən sevimli bayramlarımdan biridir. Adətən Yeni ili insanlar ən yaxın doğmaları, ailə üzvləri ilə qeyd edirlər. Bu gün mən çox xoşbəxtəm ki, bu şənliyi sizinlə paylaşırıq, mənə doğma olan uşaqlarla birlikdə qeyd edirik.

 

Bu gün bu saraya gələrkən dövlətimizin başçısının, Prezident İlham Əliyevin də mənə tapşırığı oldu. O, sizə təbriklərini, salamlarını və məhəbbətini çatdırır.

 

Bu gün Azərbaycanda sizin üçün bütün şərait yaradılıb. Ümidvaram ki, siz dərslərinizi yaxşı oxuyacaqsınız, gözəl tərbiyə alacaqsınız, sağlam böyüyəcəksiniz və valideynlərinizi, bizi, böyüklərinizi hər zaman uğurlarınızla sevindirəcəksiniz.

 

Bu günlər bütün dünyada uşaqlar Yeni il bayramını qeyd edirlər. Biz də Heydər Əliyev Fondu olaraq çalışdıq ki, sizin üçün bu bayram əsl şənliyə çevrilsin. Ona görə bu möhtəşəm sarayı belə gözəl bəzədik, sizi bura dəvət etdik. Ümidvaram ki, siz bu şənlikdən razı qaldınız, sevinc hiss etdiniz. Ona görə də mən yenə də sizi təbrik etmək istəyirəm. Yeni il bayramının bir özəlliyi də vardır. Adətən insanlar - həm böyüklər, həm uşaqlar Yeni il gecəsi ürəyində bir arzu tutur. Mənim arzum odur ki, ürəyinizdə olan bütün istəklər gerçəkləşsin, Yeni ildə həyata keçsin. Bir daha hamınızı səmimi qəlbdən təbrik edirəm, sizə cansağlığı, yeni uğurlar və xoşbəxtlik arzulayıram. Sağ olun.


Xəbərə keçid