28 dekabr 2012

Uşaqlar üçün ənənəvi bayram şənliyi

Heydər Əliyev Fondu hər il olduğu kimi bu il də uşaq evlərində və internat məktəblərində tərbiyə alan, şəhid, qaçqın və məcburi köçkün ailələrindən olan, yetim və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün Yeni İl şənlikləri keçirir.

 

Dekabrın 28-də “Buta” sarayında təşkil olunmuş növbəti bayram şənliyində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak ediblər.

 

Mehriban Əliyeva bayram şənliyində çıxış edib:

 

- Əziz uşaqlar, hörmətli valideynlər, hörmətli müəllimlər!

 

Mən çox şadam ki, biz bu gün yenə də birlikdəyik. Biz bu gün ötən 2012-ci illə vidalaşırıq və birlikdə yeni - 2013-cü ili qarşılayırıq. Mən ümidvaram ki, 2012-ci il sizin hər biriniz üçün uğurlu olmuşdur. Bu ildə xoş anlar, sevinc dolu hadisələr üstünlük təşkil etmişdir.

 

Bir daha vurğulayıram ki, hər hansı bir səbəbə görə yola saldığımız ildə reallaşdıra bilmədiyiniz, ürəyinizdə olan arzular, istəklər mütləq qarşıdan gələn 2013-cü ildə həyata keçsin. Siz hələ çox gəncsiniz, sizin ömür yolunuz hələ qarşıdadır. Əlbəttə, hər bir valideynin ən böyük arzusu övladlarını sağlam, güclü, savadlı, Azərbaycanın layiqli vətəndaşı kimi görməkdir. Bu gün dövlətimiz bunun üçün əlindən gələni edir. Bu gün Azərbaycan sürətlə inkişaf edən, gündən-günə müasirləşən, gözəlləşən bir dövlətdir. Əslində bu gün həyata keçirilən bütün işlər, layihələr, təməli qoyulan planlar gələcəkdə sizin güvənli sağlam və xoşbəxt ömür sürməyinizə xidmət edir.

 

Biz ötən ilə nəzər salsaq görərik ki, ölkəmizdə il ərzində bir çox nailiyyətlər əldə edilmişdir. Ölkənin bütün regionları inkişaf edir, paytaxtımız gündən-günə gözəlləşir. Azərbaycanın beynəlxalq arenada nüfuzu ilbəil artır. Ölkəmizin dünyanın ən mötəbər beynəlxalq qurumu olan BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvü seçilməsi bunun ən əyani təsdiqidir. Ölkəmizi 155 dövlət dəstəklədi və bu da Azərbaycanın təkcə regionda yox, bütün dünyada artan rolunun və nüfuzunun sübutudur. Əgər ötən ilə nəzər salsaq, təbii ki, ən yaddaqalan hadisələrdən biri paytaxtımızda keçirilən beynəlxalq “Evrovision-2012” musiqi müsabiqəsidir. Yəqin ki, hamınızın yadındadır, həmin günlərdə paytaxtımızda necə bayram ab-havası var idi. Biz bu musiqi bayramını, bu müsabiqəni ən yüksək səviyyədə keçirdik. Bu, bizim növbəti qələbəmiz idi.

 

Əminəm ki, bizi gələcəkdə daha çox, daha böyük qələbələr gözləyir. Bu qələbələrin önündə bir neçə ildən sonra məhz bizim balalarımız, övladlarımız, gənclərimiz duracaqlar. Biz torpaqlarımızı da qaytaracağıq, biz yeni qələbələrə imza atacağıq. Biz çox güclü müstəqil ölkəyik və gələcəkdə də belə olacağıq.

 

Mən bu gün sizin hər birinizə bir daha böyük məhəbbətimi çatdırıram. Yeni 2013-cü il münasibətilə sizi ürəkdən təbrik edirəm. Dünya Azərbaycanlılarının birlik, həmrəylik günü münasibətilə təbrik edirəm. Ümidvaram ki, gələn il daha uğurlu olacaqdır. Yeni ildə hər biriniz üçün daha xoş, daha sevincli anlar olacaqdır. Mən sizin hər birinizi öpürəm və bir daha təbrik edirəm. Sağ olun!


Xəbərə keçid