28 dekabr 2007

Uşaqlar üçün ənənəvi bayram şənliyi

Heydər Əliyev Fondu “Gülüstan” sarayında uşaq evlərində və internat məktəblərində təlim-tərbiyə alan, şəhid, qaçqın və məcburi köçkün ailələrindən olan, yetim və valideyn himayəsindən məhrum olan, təhsildə xüsusilə fərqlənən uşaqlar üçün Yeni il şənlikləri keçirir. Builki şənliklərə, ümumilikdə, 2 mindən çox uşaq dəvət olunmuşdur.

 

Dekabrın 28-də Fondun prezidenti, Azərbaycan Prezidentinin xanımı, YUNESKO-nun və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva növbəti bayram şənliyində iştirak etmiş, qızı Arzu ilə birlikdə uşaqların sevinc və fərəhini bölüşmüşdür. Mehriban xanım və qızı Arzu uşaqlarla səmimi söhbət etdilər, onlarla ayrılıqda şəkil çəkdirdilər.

 

Mehriban Əliyeva bayram şənliyində çıxış edib:

 

- Əziz uşaqlar, hörmətli valideynlər və müəllimlər! Mən sizi ürəkdən salamlayıram. Bu gün, bayram ərəfəsində sizləri belə gözəl, şən əhval-ruhiyyədə görməyimə çox şadam.

 

Artıq bir neçə ildir ki, biz Yeni il bayramını bu gözəl “Gülüstan” sarayında birlikdə qeyd edirik. Siz bilirsiniz ki, Heydər Əliyev Fondu fəaliyyətə başladığı ilk gündən uşaqlara, gənc nəslə böyük diqqət və qayğı göstərir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə ölkəmizdə yeni məktəblər inşa olunur, internat məktəbləri, uşaq evləri təmir olunur, yay düşərgələri inşa edilir. Hər bir yeni məktəb ən müasir avadanlıqla təmin olunur, kompyuter sinifləri yaradılır.

 

Mən və Heydər Əliyev Fondunun hər bir əməkdaşı çalışırıq ki, sizin gündəlik həyatınızda olan problemlər də öz həllini tapsın. Bizim arzumuz odur ki, siz sağlam, qüvvətli, ağıllı və savadlı böyüyəsiniz. Çünki vaxt gələcək və Azərbaycanın gələcəyini siz təmin edəcəksiniz.

 

Bu gün Azərbaycan müstəqil, güclü, çox yüksək sürətlə inkişaf edən bir ölkədir. Biz fəxr etməliyik ki, belə Vətənimiz var və bu gün, uşaqlar, mən sizə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təbriklərini və ən xoş arzularını çatdırıram.

 

Mən sizi Dünya azərbaycanlılarının həmrəyliyi günü, Yeni il bayramı münasibətilə ürəkdən təbrik edirəm, sizə yeni ildə cansağlığı, səadət və uğurlar arzulayıram.

 

Təbrik edirəm sizi. Sağ olun.


Xəbərə keçid